İzzət Hüseynov: “Ona sevgimi sübut etmək üçün özümə xəsarət yetirəcəkdim...”
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində 1998-ci il təvəllüdlü Aytac Babayevanı qətlə yetirməkdə təqsirləndirilən Gürcüstan vətəndaşı İzzət Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Aktual.az-ın Lent.az-a istinadən məlumatına görə, proses başlamazdan öncə zalda gərginlik yaranıb. Belə ki, İzzət Rüstəmov zala daxil olan kimi, Aytac Babayevanın anası Gözəl Babayeva üzünü məhkuma tutub: “Kişi niyə qıza əl qaldırır. Onun səsi mənim qulağımdan getmir. Ay əclaf, yatanda Aytacın səsi gəlmir qulağına? Mən hər gün dəfələrlə ölürəm. Onun yatdığı yeri, tozlu kitablarını, geyinmədiyi paltarlarını görəndə ölürəm. Sənə söz verirəm ki, sən ölən günü Aytaca xınayaxdı edəcəyəm. Xına düzəldəcəm. İnşallah, tez öləcəksən. Sən bu əməlinə o biri dünyada necə cavab verəcəksən? Mənim gül kimi qızımı öldürdün. İmkan verin onun üzünə tüpürüm”.
Bu zaman hakimlər zala daxil olub. Prosesə sədrlik edən Tamella Nəsrullayeva məhkəmə iclası açıq elan edib. Şahid qismində Orxan Axundov dindirilib. O, ifadəsində İzzət Hüseynovla eyni məhəllədə qaldıqlarını, ölən Aytac Babayeva ilə sinif yoldaşı olduqlarını bildirib: “Onlar 9-cu sinifdən bəri bir-birilərini sevirdilər. Bunu hamımız bilirdik. Bir müddətdən sonra İzzət dedi ki, Aytacla aramızda soyuqluq var. Səbəbini soruşsam da, demədi. Biz də onun üstünə getmədik. Bir gün İzzətlə görüşdük, avtobus dayanacağının qarşısında mənə və digər məhəllə yoldaşımız Orxana qıraqda durmağı tapşırdı. Aytac gəldi, mübahisə elədilər, İzzət Aytacın telefonunu əlindən alıb, yerə çırpdı. Səbəbini bilmədik, soruşmadıq ki, öz aralarında olan işdir. Hadisə günü Rəhim adlı tanışım zəng edib dedi ki, İzzət Aytacı bıçaqla vurub. İnandırıcı gəlmədi. İzzətə zəng etsəm də, nömrəsinə zəng çatmadı. Sinif yoldaşım Solmaza zəng elədim, o da məlumatsız olduğunu bildirdi”.
Şahid hakim və prokurorun suallarını cavablandırıb. Bundan sonra zərərçəkmiş şəxsin hüquqi varisi Gözəl Babayeva şahidə sual verib. Bu zaman İzzət Hüseynov yerindən danışaraq, Aytacın anasına söz atıb. Bu zaman zalda gərginlik yaranıb. Gözəl Babayeva İzzət Hüseynovun üzərinə getmək istəsə də, məhkəmə icraçıları və Penitensiar Xidmətin əməkdaşları ona mane olub. Zaldakı gərginliklə bağlı İzzət Hüseynovun qohumlardan birinin ürəyi gedərək dili qatdalanıb. Ona ilk yardım edilib.
Hakim bildirib ki, cinayət işində adı keçən şahidlərin hamısı məhkəmədə ifadə verib. İzzət Hüseynov məhkəmə dövründə ifadə vermədiyinə görə hakim sözü ona verib. Təqsirləndirilən şəxs məhkəmədə sərbəst ifadə verib. O, ifadəsində Aytac Babayevanı məktəbdə gördüyünü deyib. “Aytacdan xoşum gəlirdi. 9-cu sinifdə ona olan hisslərimi özünə bildirdim. İlk başlar mənə inanmırdı. Gözəl xanımda bir dəfə məktəbdə üstümə gəlmişdi. Məni dəhlizdə tutub, qızından əl çəkməyimi bildirmişdi. Sonradan Aytacla münasibətlərimiz yaxşılaşdı. Hazırlığa gedirdi. Gedirdim onunla. Aparıb-gətirirdim. Bizim ailəmizdə hamı Aytacı bilirdi. Onun bacısı, xalası qızları, bibisi qızları da məni tanıyırdı. Aytaca ad günü keçirmişdim. Elə onun xalası qızları, mənim dostlarımla birlikdə şəhərdə kafedə ad günü qeyd etdik. Hər şey yaxşı gedirdi. Səhərə qədər danışırdıq. İki illik danışıqlarımın hamısını məhkəməyə təqdim etmişik. Baxa bilərsiniz. Sonradan birdən-birə aramızda soyuqluq yarandı. Boş-boş şeylərin üstündə bir-birimizi qırırdıq. Mənə dostlarımla çayxanaya getməməyi deyirdi. Mən isə buna razı olmurdum. O, hara gedirdisə, məndən icazə alırdı. Aramızda bir neçə günlük küsülülük yaransa da, tez barışırdıq. Amma yenə boş şeylərin üstündə bir-birimiz qırdıq. Xeyli müddət danışmadıq. 2-ci günlər fizika hazırlığına gedirdi. Getdim həmən yerə. Saat 2-də hazırlığı başlayırdı. Gəlmədi, gözlədim. Saat, haradasa, 4-ə işləyirdi. Aytac dayısı oğlu Orxanın qoluna girərək uzaqdan gəlirdi. Məni görən kimi əlinin Orxanın qolundan çıxartdı. Birinci qısqanmadım, dedim, dayısı oğludur. Sonradan fikirləşdim ki, Aytac niyə məni görən kimi əlini Orxanın qolundan çəkdi? Orxanı səslədim. Dedim ki, qızı hazırlığa qoy, gəl, səninlə işim var. Qoyub gəldi. Oturduq. Mənə dedi ki, sən kimsəm. Özümü təqdim edib, bildirdim ki, Aytacın sevgilisiyəm. Mənə təəccüblə baxdı. O, Aytacla sözləndiyini, bir-birilərini sevdiklərini dedi. Anlamadım. Dedim, axı onun sevgilisi mənəm. Orxan Aytacla avqust ayından danışdıqlarını dedi. Aytacı gözlədim, gəldi. O da Orxanla münasibətlərinin olduğunu dedi. Əlim-ayağım boşaldı. Həmin yeri tərk etdim. İş yerimi dəyişdim. Məhəlləyə az getdim ki, onun üzünü görməyim. Yeni il günü idi. Telefonuma gizli nömrədən zəng gəldi. Səsimə qulaq asırdılar. Birdən qulağıma Aytacın bacısı Ayşənin səsi gəldi. Bildim ki, mənə zəng edən Aytacdı. Yanvarın 17-də Aytacın ad günü olacaqdı. Əvvəldən bilirdim ki, Aytac “Panda” kuklası istəyirdi. Alıb, evlərinin qabağına qoydum. Yenə də görüşmək istəmirdim. Bir gün işdən gələndə avtobusda Aytacı gördüm. Tək idi. Yaxınlaşdım. Söhbət elədik. Sabah görüşmək üçün vəd aldım. Evdən çıxanda bıçaq götürdüm. Ona sevgimi sübut etmək üçün özümə xəsarət yetirəcəkdim. Görüşdük. Aytac mənə dedi ki, get, özünə başqa birisini tap. Yeni həyat qur. O, an özümdən çıxdım. Onu çox sevirdim. Dünya başıma yıxıldı sanki. Bilmədən, hiss eləmədən bıçaqla Aytacı vurdum. Hadisənin şokundan həmin yerdən qaçdım. Yolda nə elədiyimi anladım. Aytacı öldürmək üçün ora getməmişdim. Sadəcə sevgimi ona isbatlayacaqdım. Peşmanam. Heç belə şeylərin olacağını güman etməzdim”.
İzzət Hüseynov hakim və prokurorun suallarını cavablandırıb. Bundan sonra zərərçəkmiş şəxsin hüquqi varisi, Aytacın anası Gözəl Babayeva İzzət Hüseynova suallar verib:
- “Mənim gözəl qızımı niyə öldürdün, onun günahı nəydi? Onu öldürdüyün yerdə özünü də öldürərdin də. Qoşa basdırardılar sizi. Sevirdin qaçırardın da, niyə gül qoxulu qızı qətlə yetirdin?”
İzzət Hüseynov suallara cavab verməkdən imtina edib.
Hakim sənədlərin tətbiqi mərhələsinə keçmək istəyib. Bu zaman İzzət Hüseynovun vəkili çıxış edərək bildirib ki, ekspertiza ilə bağlı vəsatət hazırlayıb. Bununla bağlı o, məhkəmədən vaxt istəyib.
Hakim vəkilin xahişi yerinə yetirib. Məhkəmə prosesi noyabrın 17-də davam edəcək.
Qeyd edək ki, qətl hadisə bu il fevral ayında Bəhruz Nuriyev küçəsi-81 ünvanında baş verib. Gürcüstan Respublikasının vətəndaşı, 1995-ci il təvəllüdlü İzzət Natiq oğlu Hüseynov aralarında yaranan münaqişə zəminində sevdiyi qızı - 1998-ci il təvəllüdlü Aytac Nazim qızı Babayevanı bıçaqlayaraq qətlə yetirib.
İzzət Hüseynov hadisənin baş verdiyi yerin yaxınlığında yerləşən kişi salonunda usta kimi işləyib. Aytac Babayeva isə Xətai rayonu ərazisində yerləşən 58 saylı orta məktəbin 11-ci sinif şagirdi olub.