Jalə Sabirqızı: ""FarmHER” kənd qadınları üçün yeni bir fürsət oldu”
Şamaxıda kənd təsərrüfatı sahəsində çalışan qadınların bilik və
bacarıqlarının artırılması məqsədilə həyata keçirilən "FarmHER” layihəsi uğurla
yekunlaşıb. Layihə "Alternativ” Kommunikasiya və Tədqiqatlar İctimai Birliyi
tərəfindən "Azercell”in dəstəyi ilə "Həyatı daha dolğun edirik: qadınlara
dəstək proqramı” çərçivəsində icra olunub. "Alternativ” Kommunikasiya və Tədqiqatlar
İctimai Birliyinin sədr müavini, layihə rəhbəri Jalə Sabirqızı ilə bu təşəbbüs
barədə danışdıq.
- "FarmHER” layihəsinin əsas məqsədi nə idi və bu məqsədə çatmaq üçün
hansı fəaliyyətlər həyata keçirildi?
- "FarmHER" layihəsinin əsas məqsədi kənd qadınlarını sadəcə
aqrobiznes bilikləri ilə təmin etmək yox, onların öz güclərinə inamını artırmaq,
gündəlik həyatlarında iqtisadi və sosial rolunu gücləndirmək idi. Biz
istəyirdik ki, bu qadınlar yalnız məhsul istehsal etməklə kifayətlənməsinlər. Onlar
eyni zamanda strategiya quran, bazar araşdırması aparan və dayanıqlı gəlir
modellərinə əsaslanan sahibkarlara çevrilsinlər. Bu məqsədlə Şamaxıda
reallaşdırdığımız layihədə bir neçə istiqamətdə fəaliyyətlər həyata keçirdik.
İlk növbədə rayonun qəsəbə və kəndlərində aqrar sektorda çalışan, yeni
fəaliyyətə başlayan, eləcə də bu sahədə biznes qurmaq istəyən qadınlarla bağlı
araşdırma apardıq, onları layihəmizə cəlb etdik. Beynəlxalq təcrübəli təlimçi Ağaməhəmməd
Alosmanovu dəvət edərək 25 qadına aqrobiznesin əsasları, bazar mexanizmləri,
innovativ yanaşmalar və maliyyə savadlılığı ilə bağlı intensiv təlimlər keçdik.
Bu təlimlər nəzəri biliklərlə yanaşı, praktiki nümunələr və yerli reallıqlara
əsaslanan məsləhətlərlə zənginləşdirildi. Bundan əlavə, infosessiyalar və
təcrübə paylaşımları təşkil etdik. Bu görüşlər zamanı qadınlar öz sahələrində
uğur qazanmış yerli sahibkarlarla bir araya gəldi. Onların uğur hekayələri
layihə iştirakçılarına böyük motivasiya verdi. Eyni zamanda heyvandarlıq, bağçılıq,
arıçılıq, quşçuluq, şərabçılıq, aqroturizmlə məşğul olan qadınlarla praktiki
işlər apardıq. Onlara innovativ metodlar və yeni texnologiyaların tətbiqi ilə
bağlı biliklər verildi ki, öz təsərrüfatlarını daha səmərəli və gəlirli şəkildə
idarə edə bilsinlər. Həmçinin sahib olduqları resurslar əsasında biznes
fəaliyyətlərini şaxələndirərək risklərdən sığortalansınlar. "Azercell”in
dəstəyi ilə "Həyatı daha dolğun edirik: qadınlara dəstək proqramı” çərçivəsində
icra olunan "FarmHER” layihəsi "Alternativ” Kommunikasiya və Tədqiqatlar
İctimai Birliyinin növbəti uğurlu təşəbbüsü oldu.
- Layihə çərçivəsində qadınların hansı konkret bilik və bacarıqları
inkişaf etdirildi?
- Konkret desək, qadınlar aqrobiznesin əsas mexanizmlərini öyrəndilər.
Yəni, təlimlər zamanı məhsul yetişdirməkdən tutmuş, onu bazara çıxarmaq, düzgün
qiymətləndirmək və satmaq kimi bütün tədürük zənciri əhatə olundu. Onlara
maliyyə idarəçiliyi, xərclərin optimallaşdırılması, gəlirin artırılması yolları
və risklərin düzgün qiymətləndirilməsi kimi vacib bacarıqlar aşılandı. Qadınlar
həm də innovativ üsullarla tanış oldular. Məsələn, suya qənaətli damcı suvarma
sistemləri, təbii gübrələrdən səmərəli istifadə, məhsulun saxlanma şəraitinin
yaxşılaşdırılması və digər praktik texnologiyalar barədə ətraflı məlumat əldə
etdilər. Qadın fermerlər izafi xərclərini azaltmaqla daha çox gəlir əldə
etməyin yollarını öyrəndilər. Qadınlarımız "özünü təqdim etmə”, "məhsulu düzgün
tanıtmaq” və "bazar araşdırması aparmaq” kimi yumşaq bacarıqlara da
yiyələndilər. Ən gözəl tərəfi isə odur ki, onlar tək deyildilər – hər bir
təlimdə digər qadınlarla fikir mübadiləsi aparmaqla şəbəkələşdilər,
bir-birindən öyrəndilər. Qısası, biz bu layihə ilə kənd qadınlarının həm
biliklərini artırdıq, həm də onlara "Sən bacarıqlısan, sən fərq yarada
bilərsən" fikrini aşıladıq. Bu inam, bu güvən bəlkə də bütün texniki
biliklərdən daha güclü təsirə malik oldu. "FarmHER” kənd qadınları üçün yeni
bir fürsət oldu.
- Layihənin nəticələrinə əsasən, iştirakçılarda nə kimi
dəyişikliklər müşahidə etdiniz?
- Ən gözəl dəyişikliklər insanın öz baxışında baş verir. Biz də
"FarmHER” layihəsinin sonunda məhz bu dəyişikliyi gördük. Qadınlar daha inamlı,
daha məqsədli və daha təşəbbüskar idilər. Əvvəlcə təlimlərdə sadəcə dinləyici
olan, "mən bacararammı?” deyən qadınlar artıq fikirlərini bölüşən, suallar
verən, ideyalarını formalaşdıran aktiv iştirakçılara çevrilmişdilər. Bu, təkcə
bilik artımı deyildi, həm də özünə inamın güclənməsi idi. Məsələn, bir çox
iştirakçı təlimlərdən sonra biznes fəaliyyətlərini şaxələndirdi. Onların
arasında süd məhsullarının, un məmulatlarının istehsalına, təndir çörəyinin
bişirilməsinə, hətta aqroturizm üçün hazırlıqlara başlayanlar oldu. Bundan
başqa, məhsullarını birbaşa alıcılara çatdırmaq üçün sosial şəbəkə hesabları
yaratdılar, qiymət formalaşdırma ilə bağlı fərqli strategiyalar düşündülər,
məhsullarına əlavə dəyər qatmaq üçün qablaşdırma və markalaşma ideyaları
üzərində işlədilər. Onların ənənəvi təsərrüfatdan daha innovativ, daha
rəqabətli bir yanaşmaya keçid etdiklərinin şahidi olduq. Biz qadınlar arasında
həmrəyliyin də artdığını müşahidə etdik. Layihə sadəcə fərdi inkişaf
platforması olmadı, o həm də bir bacarıq və dəstək şəbəkəsinə çevrildi.
İştirakçılar arasında əməkdaşlıqlar formalaşdı, bir-birinin təcrübəsindən
öyrənmək və dəstək olmaq istəyi yarandı. Bu həm sosial, həm də iqtisadi
baxımdan çox mühüm bir dönüş nöqtəsidir. Bu dəyişiklikləri görmək bizim üçün
böyük bir qürur oldu. Çünki qadınlar bu kimi layihələrdə iştirak etməklə təkcə
öz ailələrinə deyil, həm də yaşadıqları əraziyə, regiona üçün böyük töhfə
verirlər. Yəni, bu biliklər sadəcə bugünün deyil, sabahın da təməlidir.
Layihənin sonunda iştirakçılara Sertifikatlar təqdim olundu.
- Gələcəkdə bu kimi təşəbbüslərin davam etdirilməsi və daha geniş
əhatə dairəsinə yayılması ilə bağlı planlarınız varmı?
- Bəli, "FarmHER” layihəsinin nəticələri bizə göstərdi ki, bu cür
təşəbbüslər mütləq davamlı olmalıdır. Biz gördük ki, qadınlar öyrənmək, inkişaf
etmək və iqtisadi müstəqillik qazanmaq üçün həm maraqlıdır, həm də hazırdır. Hazırda planlarımız var ki, "FarmHER” modelini digər
rayonlarda da tətbiq edək. Xüsusilə də kənd təsərrüfatı potensialı yüksək olan,
lakin qadınların bu imkanlara çıxışının məhdud qaldığı bölgələrdə belə
layihələr reallaşdıraq. Eyni zamanda, layihəni bir qədər də genişləndirərək təlimlərlə
yanaşı, buraya qadınlar üçün mikromaliyyələşdirmə imkanları, kooperativ
quruculuğu və məhsulların onlayn satış platformalarına çıxışı kimi
istiqamətləri də əlavə etməyi düşünürük. Ən vacibi isə odur ki, bu işdə tək
deyilik. Bizimlə eyni vizyonu bölüşən tərəfdaşlarımız, o cümlədən Azercell kimi
şirkətlər bu yolda bizə güc verir. "Alternativ” Kommunikasiya və Tədqiqatlar
İctimai Birliyi olaraq gələcək planlarımız arasında həm də dövlət və özəl
sektorla əməkdaşlıqları gücləndirmək var ki, bu təşəbbüslər daha uzunmüddətli
olsun. Yəni, "FarmHER” bir layihə olaraq başa çatsa da, ideyası hələ yolun
əvvəlindədir. İndi isə əsas məqsəd bu ideyanı daha çox bölgəyə yaymaq və daha
çox qadını bu işığın ətrafına toplamaqdır.
Xəbər 175 dəfə oxunub.