Səmimiyyətin özü

Səmimiyyətin özü

Milli jurnalistikamızın say-seçmə nümayəndələrindən, Azərbay­can teleməkanının ən parlaq personalarından biri olan Əməkdar jurnalist, filologiya elmləri doktoru, Bakı Dövlət Universitetinin professoru, nəhayət, tələbə yoldaşım və dostum Qulu Məhərrəmli haqqında bu sətirləri qələmə alarkən xeyli götür-qoy etdim, bir anlığa nədən başlayacağımı kəsdirə bilmədim.

Qırx illik tanışlığımızı göz önünə gətirərək, belə bir suala cavab tapmaq istədim: Bu illər onu çoxmu dəyişdirib? Daha doğrusu, hə­yatında, xasiyyətində dəyişən nədir, dəyişməyən nə? Əslində, onu da bilirdim ki, bu sualın ardınca xırdalıqlarına qədər getsəm, söhbət çox uzanar. Odur ki, diqqəti bəzi məqamlara yönəltməyi lazım bildim.

 Tələbəlik illərimiz

 ...1973-cü ilin sentyabr ayı. İlk dərs günü... Azərbaycan Dövlət Universitetinin Jurnalistika fakültəsinin əyani şöbəsinə qəbul olunmuş 50 nəfər tələbə — oğlan və qız dekanlığın yerləşdiyi keçmiş Yefim Saratov (indiki Nigar Rəfibəyli) küçəsindəki ikimərtəbəli binanın qarşısına toplaşmışdı. Uşaqların bəziləri qəbul imtahanlarının gedişində isinişməyə macal tapmışdı, amma çoxu bir-biri ilə həmin gün tanış olurdu. Böyük əksəriyyəti eyni sosial zümrəyə mənsub və 60-70-ci illərin tipik kənd uşaqları olan bu gənclər çox tez dil tapıb doğmalaşırdılar. Lakin hər birinin özünəməxsus xasiyyəti vardı: kimisi zarafatcıl, deyib-gülən, kimisi sakit, qaraqabaq, kimisi utancaq, kimisi bir az təkəbbürlü... Xülasə, hərəsi bir cür idi. Bəlkə də şirinli-acılı beş illik tələbəlik həyatımızı belə mənalı, yaddaqalan edən elə bu rəngarənglik idi.

Qulu ilk günlərdən diqqəti, səmimiyyəti, istiqanlılığı, çalışqanlığı, təmkinliliyi, daha çox isə zarafatcıllığı, hazırcavablığı və güclü yumor hissi ilə cəlb edirdi. O vaxtlar o, Qulu Məhərrəmli yox, Allahqulu Məhərrəmov idi. Bizim kursda hər biri 25 nəfərdən ibarət iki qrup yaradılmışdı. Qruplarımız ayrı idi: o, 630-cu qrupda idi, mən isə 632-cidə. Mühazirələrdə hər iki qrup birləşirdi (buna "potok” deyilirdi), seminarlar isə ayrı keçirilirdi. Görkəmli yazıçı-tənqidçi, professor Qulu Xəlilovun, gərək ki, ilk mühazirəsi idi. Jurnalı açıb siyahını oxumağa, tələblərlə tanış olmağa başladı. Siyahı üzrə kimin adı çəkilirdisə, "mənəm” - deyib ayağa qalxır, müəllim də onu diqqətlə süzüb, bəziləri ilə yüngülvari zarafatlaşırdı. Qulu müəllim növbəti adı oxudu: Məhərrəmov Allahqulu.

Sonra eynəyinin üstündən ayaq üstə dayanmış bəstəboy, qarayanız oğlanı süzərək özünəməxsus bir tərzdə və bir az da ərkyana soruşdu:

- Haralısan, ə?

- Zəngilanlı...

- Bu, nə addı qoyublar sənə?

- Addı da, müəllim...

- Sən belə elə, adını dəyiş, Allahı at, qalsın Qulu...

- Yox, müəllim, Qulunu ataram, Allahı yox.

O vaxt heç kəsin tanımadığı birinci kurs tələbəsinin bütün ölkədə yaxşı tanınan tənqidçi - alim, professor Qulu Xəlilovun zarafatına yerində, çəkinmədən, həm də nəzakətlə cavab verməsi bizim hər birimizi heyran qoydu. Deyəsən, cavan oğlanın cəsarəti və hazırcavablığı müəllimin də xoşuna gəldi.

Bir qədər irəli gedərək deyim ki, bəzi müəllimlərimiz də onun adının jurnalda Qulu kimi yazılmasında təkid edirdilər. Professor Qulu Xəlilovun başladığı bu proses, haradasa, bir neçə il sonra öz "bəhrəsini” verdi. Tələbə yoldaşımız istehsalat təcrübəsini Azərbaycan Televiziyasında keçəndə artıq efirdən onu Qulu Məhərrəmov kimi təqdim edirdilər. Süjetini efirə verərkən şərt kəsmişdilər ki, adını yalnız belə verə bilərik.

Tələbəlik illərində teleradio ixtisas qrupunu seçməsinə baxmayaraq, onun məqalələri tez-tez "Azərbaycan gəncləri”, "Bakı”, "Sovet kəndi” qəzetlərində, "Müxbir” jurnalında və digər nəşrlərdə dərc olunur, mövzusu, dili, forma yeniliyi ilə diqqəti cəlb edirdi. Aşağı kurslardan teleradio ilə sıx əməkdaşlıq etdiyinə görə oralarda Qulunun istedadına və bacarığına yaxşı bələd idilər. Ayrı-ayrı redaksiyaların rəhbərləri onu öz şöbələrində işə götürmək istəklərini gizlətmirdilər. Yaxşı yadımdadır, sevimli müəllimimiz, professor Tofiq Rüstəmov, bizim tərcümə qrupunda dərs deyərkən, Teleradio Verilişləri Şirkətində istehsalat təcrübəsi keçən tələbələrdən söhbət salmışdı. Təkcə Qulunun adını çəkdi, onun efirə gedən oçerklərinin radioda necə böyük rezonans doğurduğundan danışdı. Onu da qürurla əlavə etdi ki, radioda məni tanıyan bir neçə baş redaktor var, xahiş edirlər ki, Qulunu dilə tutum, onların redaksiyasında işləməyə razılıq versin...

Şöhrətin zirvəsinə doğru

Beləliklə, universiteti bitirdikdən sonra Qulu iş yeri tapmaq problemi ilə üzləşmədi. 1978-ci ildə onu Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin "Günün ekranı” xəbərlər baş redaksiyasında reportyor vəzifəsinə işə götürdülər. O vaxtdan 36 il keçir. Bu müddət ərzində o, həm vəzifə, həm praktika, həm də elmi jurnalistikanın pillələri ilə uzun və şərəfli bir yol qət edib. AzTV-nin "Elm və tədris verilişləri” baş redaksiyasında redaktor, "Beynəlxalq həyat” redaksiyasında böyük redaktor, "Xəbərlər” redaksiyasında şərhçi, şöbə müdiri, baş redaktor vəzifələrində çalışıb.

Azərbaycanın efir məkanında siyasi publisistikanın formalaşmasında xüsusi rolu olan Qulu Məhərrəmli demokratik düşüncəli milli telejurnalistikamızın yaradıcılarından biridir. O, hələ sovet dövründə, keçən əsrin 80-ci illərində "Qitələr, hadisələr”, "Azərbaycan dünya meridianlarında”, "Yer kürəsi: müharibə, yoxsa sülh” kimi publisistik verilişləri ilə müəyyən qədər şablonlaşmış, az qala daşlaşmış qəliblərin əsirinə çevrilmiş ekrana yeni nəfəs gətirməyi, köhnəlmiş stereotipləri sındırmağı bacarmışdı.

Qulu Məhərrəmli 1991-ci ildə AzTV-də diktor institutu ləğv edil­dikdən sonra xəbər aparıcısı kimi ekrana çıxan ilk jurnalistlər­dəndir. Sanki illər uzunu özünü belə bir məsul işə hazırlamışdı. Yüksək peşəkarlığı, hadisələrə fərqli prizmadan yanaşma tərzi, mövzulara və dilin incəliklərinə bələdliyi, sərbəstliyi, səmimiliyi, daxili zənginliyi onu populyarlaşdıraraq, tamaşaçıların sevimlisinə çevirmişdi. Yaşlı tamaşaçılar onu indi də ötən əsrin 90-cı illərinin əvvəllərində efirdə olmuş "Xəbərlər”, "24 saat”, "1000 saniyə” kimi populyar informasiya proqramlarının aparıcılarından biri kimi yaxş xatırlayırlar.

1993-95-ci illərdə böyük məharətlə apardığı "7 gün” analitik - informasiya proqramı onu daha çox məşhurlaşdırdı. Təxminən bir saatlıq proqrama bütün ölkə baxırdı, tamaşaçılar Qulu Məhərrəmlinin "7 gün”ünü hər həftənin sonunda böyük intizarla gözləyirdilər. Azərbaycanın ictimai-siyasi həyatının çox mürəkkəb və burulğanlı dövründə efirə çıxan bu proqram obyektivliyi və qərəzsizliyi, hadisələrə fərqli baxışı ilə yanaşı, aparıcının intellekti, yüksək peşəkarlığı, daxili mədəniyyəti, tamaşaçılarla ünsiyyət qurmaq məharəti ilə cəlbedici idi.

Heç şübhəsiz, Q.Məhərrəmlini daha çox məşhurlaşdıran, daxili potensialını üzə çıxaran, onu həm də mahir televiziya bilicisi, bacarıqlı idarəçi, təşkilatçı və menecer kimi ictimaiyyətə tanıdan "Səhər” musiqi-informasiya proqramı oldu. Azərbaycan tamaşaçısı uzun illər hər gün sabahını "Səhər”lə açdı, ona yüksək zövq və milli ruh aşılayan bu verilişi sevdi, ona bağlandı. 1995-ci ilin avqustundan Azərbaycan Televiziyasında efirə çıxan bu proqramı yaradan, formalaşdıran və 12 il ona uğurla rəhbərlik edən Q.Məhərrəmli səhər verilişi layihəsi ilə milli televiziyamızda ciddi keyfiyyət mərhələsinin əsasını qoymuş oldu. Bu sözləri eynilə onun müxtəlif illərdə hazırlayıb efirə verdiyi "Təfsilat” (1995-96) və "Gerçəklik” (1999-2000) müəllif proqramları haqqında da demək olar. Onun parlaq fərdiliyi, dərin bilik və bacarığı, insanlarla ünsiyyət qurmaq qabiliyyəti, xeyirxahlığı, güclü mənəvi keyfiyyətləri bu verilişlərdə özünü büruzə verdiyi üçün tamaşaçı yaddaşında dərin iz salıb.

O, Azərbaycan Dövlət Televiziyasında uzun illər siyasi icmalçı olub. 1994-96-cı və 2002-2006-cı illərdə dövlət başçılarını müxtəlif xarici səfərlərdə müşayiət edib, forma və məzmun baxımından uğurlu silsilə reportajlar hazırlayıb, rəsmi məlumatlara maraqlı forma və publisistik məzmun gətirə bilib, telejurnalistikamıza ciddi töhfələr verib. Dövlət Televiziyasında son vəzifəsi Müəllif Proqramları və Xüsusi Layihələr Departamentinin direktoru olub.

Burada bir məqam da yada düşür. Səksəninci illərin axırları-doxsanıncı illərin əvvəllərində, respublikamızın ağır günlərində xalq teleekranda gördüyü jurnalistlərin, aparıcıların heç də hamısını qəbul etmir, yalnız az bir qisminə inanırdı. Geniş tamaşaçı audotoriyası qazanmış belə aparıcı - jurnalistlərdən biri tələbə yoldaşım – AzTV-nin siyasi şərhçisi Qulu Məhərrəmli olduğuna görə, şəxsən, mən həmişə fəxr etmişəm.

2007-ci ilin oktyabrında AzTV-ni tərk etdikdən sonra "Xəzər” televiziyasında çalışıb, populyar "Dost məclisi” və "Gündəm” proqramlarını aparıb. Bu gün həmin telekanalın məsləhətçisidir.

Qulu yaxşı ssenaristdir, 20-dən çox sənədli filmin müəllifidir. "Müs­tə­qilliyin çətin yolu”, "Əkinçi”, "Qaçqınlar”, "Müstəqil Azər­bay­can”, "Məyusluq. Nəcəf Nəcəfov”, "Qobustan” və başqa sənədli film­­lər onun ssenarisi əsasında çəkilib. Ümummilli lider Heydər Əliyev haq­qında çəkilmiş üçhissəli "Böyük ömrün anları” və "Okean üzə­­rindən körpü” sənədli filmlərinin ssenarisi də onun qələmindən çıxıb.

Elmdə yeni istiqamət açmış alim

Bu gün bəzi jurnalistlər əllərinə fürsət düşən kimi, özlərini „elm dəryasına" vurur, elmi dərəcə almaq yarışına çıxırlar, amma məncə, bu məsələdə ən parlaq yolu Qulu müəllim keçib. O, BDU-nu bitirəndən bir neçə il sonra sevimli müəllimimiz Tofiq Rüstəmovun tövsiyəsi ilə eimi iş götürüb, çünki Qulu hələ tələbə ikən o qədər maraqlı diplom işi yazmış, müdafiədə hamını elə heyran etmişdi ki, onun alim gələcəyinə heç kimdə şübhə yeri qalmamışdı. Onun işi dərhal universitetin „Elmi əsərləri"ndə dərc olunmuşdu.

Qulu müəllim televiziyadakı işlərinin ağırlığına baxmayaraq, sistemli elmi araşdırmalar aparıb, 1989-cu ildə namizədlik, 2004-cü ildə doktorluq dissertasiyası müdafiə edib. 1991-ci ildən BDU-nun Jurnalistika fakültəsində dərs deyir, hazırda Televiziya və radio jurnalistikası kafedrasının professorudur. Jurnalistikanın, xüsusən teleradio jurnalistikasının nəzəri problemlərinə dair çoxsaylı tədqiqatların – 30-dək kitabın, o cümlədən 5 monoqrafiyanın, teleradio jurnalistikasının tarixi, nəzəriyyə və təcrübəsinə dair 4 dərsliyin, xeyli dərs vəsaitinin və 3 izahlı lüğətin müəllifidir. Elmi əsərləri ingilis, rus, çex, fars, alman və koreya dillərində çap olunub. Kino, televiziya və radio dilinin araşdırılması sahəsində yeni elmi istiqamət açmış professor Qulu Məhərrəmli, həm də jurnalistika elmimizin nəzəri əsaslarını yaradanlardan biridir

Azərbaycanda teleradio jurnalistikasının bir elm kimi nəzəri cəhətdən araşdırılmasının tarixi çox da uzağa getmir. Bizim tələbəlik dövrümüzdə bu sahədə nəinki dərs vəsaiti, hətta qəzet və jurnallarda dərc olunmuş elmi məqalə tapmaq da müşkül idi. Son dövrlərdə bu sahədə xeyli kitab, dərslik, metodik vəsait işıq üzü görüb. Bu, çox yaxşıdır. Tam səmimiyyətlə deyə bilərəm ki, bu kitabların içərisində professor Qulu Məhərrəmlinin qələmindən çıxan əsərlər, yaxşı mənada fərqlənir, özünün elmi yükü, novatorluğu, innovativ xarakteri, ilk növbədə, isə aydın, səlis, anlaşıqlı dili ilə seçilir. Ümumiyyətlə, Qulu müəllim media, xüsusən də teleradio jurnalistikası araşdırıcıları arasında ən öndə gedənlərdəndir, bəlkə də, birincisidir.

Öz fəzası olan kamil şəxsiyyət

Bir çox mənalarda ləyaqətlə yaşamaq nümunəsi olan Qulu Məhərrəmli o nadir insanlardandır ki, mühit onları əyib-sındıra bilmir. Həyat və peşə rinsiplərinə sadiqdir, əqidəsini, yolunu tez-tez dəyişənlərdən deyil. Halal haqqı uğrunda mübarizə aparır, amma buna görə kiminsə qarşısında baş əymir. Çoxları kimi, "palaza bürünüb, elinən sürünən”lərdən deyil, xarakter etibarilə axına qarşı üzməyi xoşlayan və bacaran insandır. Nə qədər acı olsa, nə qədər ona baha başa gəlsə belə, Qulu doğru sözü deməkdən çəkinmir. Şübhəsiz, bunlar şəxsiyyətin bütövlüyünü, onun zəngin daxili dünyasını, həm də azad və asılı olmamağı şərtləndirən amillərdir. Böyük türk şairi Tofiq Fikrətin aşağıdakı misraları, sanki Qulu müəllim kimi bütöv şəxsiyyətlər üçün deyilib:

Kimsədən mən feyz ummaram, qol-qanad borc almaram,

Mən öz havamda, öz göylərimdə uçmağa qadirəm.

Yaltaq olub boynuma köləlik zənciri salmaram,

Fikri hürr, ilhamı hürr, vicdanı hürr bir şairəm...

Qulu Məhərrəmli xarakter etibarilə çox təbii adamdır, süniliyi, qondarmaçılığı, yalanı, saxtakarlığı sevmir, bütün varlığı ilə səmimiyyət rəmzidir. Yaradanımız ona dəryalar qədər böyük ürək bəxş edib. Mən onun adamlarla səmimiyyətini, xeyirxahlığını, incə jestlərini, üzündən əskik olmayan təbəssümünü, mənalı zarafatlarını görəndə həmişə böyük fransız yazıçısı Ekzüperinin fikrini xatırlayıram: "ən ülvi cah-cəlal insanlar arasında səmimi ünsiyyətdir”. 

Yaxınları, dostları, məsləkdaşları yaxşı bilirlər ki, Qulu Məhər­rəm­li nə qədər gərgin olsa belə, adamlardan diqqətini əsirgəmir, ən dar ayaqda da qaşları çatılmır, çöhrəsindən həmişə nur yağır. Səmimiyyət onun qəlbində, insanlara daxilən bəslədiyi sevgisində, heç vaxt nəzakət hədlərini keçməyən ərkyana davranışında, danışığının ahəngindədir. Səmimiyyət onun ən böyük sərvətidir.

Cəmiyyətimizin bütöv və kamil şəxsiyyət kimi tanıdığı Qulu Məhərrəmlinin keçdiyi həyat yolu heç də rahat və hamar olmayıb. Atası tez rəhmətə gedib, anası dörd uşağı təkbaşına böyütməli olub. Qulu böyük qardaşı ilə internat məktəbində oxuyub, müstəqil həyata tez alışıb. Onun xarakteri hələ uşaqlıqdan çətinliklərlə mübarizədə formalaşıb, nəyinsə xatirinə asılı olmağı sevməyib, həmişə nəfsinə hakim olub, güclü iradə yiyəsi kimi heç kəsin minnətini götürməyib, azad və müstəqil yaşamağa öyrənib. O, başqalarından heç vaxt kömək görməyib, heç vaxt sözünü deyən, arxasında duran, irəli çəkən elə bir imkanlı qohumu və yaxın adamı da olmayıb. Həyatda nəyə nail olubsa, öz zəhmətinin, yuxusuz gecələrinin, qabiliyyətinin, bacarığının hesabınadır.

Bu gün 60 yaşını qeyd edən görkəmli jurnalist, tədqiqatçı alim Qulu Məhərrəmlinin, deyəsən yalnız həyatında baş verən çox dəyişikliklərdən söz saldıq. Bəs bu illər boyu onda dəyişməyən nədir? Qırx il əvvəlki həyat eşqi, nurlu təbəssümü, səmimiyyəti, məğrurluğu, obyektivliyi, nəhayət, sözün həqiqi mənasında, kişi xasiyyəti.

Qüdrət PİRİYEV

"Xalq qəzeti” baş redaktorunun müavini,

Əməkdar mədəniyyət işçisi


Xəbər 901 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR