Bu gün saat 18:00 radələrində Şəkinin Baş Layski kəndi ərazisində şadlıq sarayında keçirilən toy məclisində bıçaqlanma hadisəsi baş verib.
Aktual.az ARB TV-yə istinadən xəbər verir ki, hadisə zamanı iki qardaş Şəkinin Baş Layski kənd sakinləri Qəribov Qabil Vəli oğlu və Qəribov Təbriz Vəli oğlu bıçaqlanıb.
Şahidlərin sözlərinə görə, hadisəni onların həmkəndlisi Bəkirov Mikayıl Rafiq oğlu törədib. Onların sözlərinə görə hadisə zamanı Mikayılla Təbriz arasında münaqişə baş verib.
Daha sonra onlar kəndin çıxacağı tərəfdəki körpünün yaxınlığında münaqişəni davam etdiriblər. Bu zaman içkili olan Mikayıl Təbrizi bıçaqlayıb.
Qardaşının köməyinə çatan Qabil də həmin zaman qol nahiyəsindən xəsarət alıb.
Xəstəxanadan verilən məlumata görə, Təbriz xəstəxanaya sağ kürək nayihəsinin çox saylı kəsilmiş deşilmiş yarası, Qabil isə sol bazunun yuxarı üçdə birinin kəsilmiş yarası ilə daxil olub.
Faktla bağlı Şəki ŞRPŞ tərəfindən cinayət işi açılıb araşdırmalar aparılır. Xəsarət alan qardaşlar Şəkidə el şənliklərində çıxış edən musiqi qrupunun üzvləridir.