Bakı Apellyasiya Məhkəməsində Yusif Mirzəyevin (1989-cu il təv.) CM-nin 120.1-ci (qəsdən adam öldürmə) və 228.1-ci (qanunsuz olaraq soyuq silahı əldə etmə, satma və ya gəzdirmə) maddələri ilə məhkəmə prosesi başlayıb.
Aktual.az xəbər verir ki, 2015-ci il mayın 1-də şəxsiyyəti məlum olmayan 1 nəfər kəsilmiş-dəşilmiş xəsarətlərlə Kliniki tibbi mərkəzə çatdırılıb və üzərində cərrahi əməliyyat aparılmaqla, həyatı xilas edilib. Yasamal r/n 26-cı polis bölməsinin əməkdaşları araşdırmaya başlayaraq müəyyən ediblər ki, yaralanan şəxs A.Şaiq küçəsindəki 200 saylı evdə yaşayan 1986-cı il təv. Hamlet Cahangirovdur. Fakta görə RPİ İstintaq şöbəsində CM-nin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb. Lakin zərərçəkən 2 gündən sonra reanimasiya şöbəsində öldüyündən cinayət işi istintaqın davam etdirilməsi üçün Yasamal rayon prokurorluğuna göndərilib. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 7-də şübhəli şəxs qismində Səbail rayonunda yaşayan Yusif Mirzəyev saxlanılıb.
İstintaqla müəyyən edilib ki, Yusif Mirzəyev may ayının 1-nə keçən gecə tanışı Sahib Həsənova məxsus "Mercedes” markalı avtomobili idarə edib. Yasamal rayonu, Zivərbəy Əhmədbəyov küçəsi ilə hərəkətdə olarkən müştəri qismində avtomaşına, əvvəllər tanımadığı Hamlet Cahangirov əyləşib. Söhbət əsnasında sonuncu "yeraz” olmasını bilib, ona lağ edib, bununla bağlı aralarında mübahisə yaranıb. Cahangirovu cəzalandırmaq istəyən Yusif avtomaşını Z.Xəlilovla Mətbuat prospektinin kesişməsində, heç kimin görmədiyi dalana aparıb. Münaqişə zamanı gəzdirdiyi bıçaqla Hamletin bədəninin müxtəlif nahiyyələrinə çoxsaylı zərbələr vurub. Onun huşsuz vəziyyətdə yıxılıb, qalmasını görən Yusif, yaralıya məxsus 40 manat dəyərində olan 1 ədəd "Nokia” markalı telefonunu götürüb və hadisə yerindən qaçıb.
Sahib Həsənovun istifadəsində olan avtomaşına baxış keçirilərkən 1 ədəd qara rəngli, qatlanmayan bıçaq aşkar olunub. DİN-dən alınmış tələbnaməyə əsasən, Cahangirov narkotik vasitələrdən istifadə etdiyinə görə 2009-cu ildə Nərimanov rayon məhkəməsinin hökmü ilə 4 ay müddətinə azadlıqdan məhrum edilib.
İş üzrə dindirilən Yusif Mirzəyev ifadəsində göstərib ki, aprelin 30-u axşam saat 23 radələrində Sahib, Fərid və onların tanışı Ramin Poladovla Bayıl qəsəbəsində görüşüb çay içiblər, sonra Həsənova məxsus "Mercedes” avtomaşını ilə şəhərə gediblər. Həmin vaxt cibində pul olmadığından Sahibdən 1 saat müddətinə avtomaşınını istəyib, fikirləşib ki, taksi kimi "aylanıb” pul qazanar. Fəridlə Sahibi Füzuli küçəsində düşürüb, müştəri axtarmağa başlayıb. Bakıxanov körpüsü tərəfə hərəkət edərkən orta boylu, qara saçlı şəxs yolu əks tərəfə keçib, ona əl etdiyi üçün avtomobili saxlayıb. Oğlan yaxınlaşıb "Sovetski” adlanan əraziyə getmək istədiyini deyib, Yusif də onu 4 manat müqabilində ora aparmağa razılaşıb. Müştəri arxa oturacağa əyləşib. Yolda həmin oğlan onun şəxsciyyəti ilə maraqlandığa, Yusif Mingəçevir şəhərində doğulduğunu, lakin əslən Ermənistandan olduğunu bildirib. Müştəri gülə-gülə onu ələ salmağa başlayıb. Bir neçə saniyədən sonra, adını sonradan bildiyi Hamlet rus dilində "onun kimilər gələndən sonra, şəhərdə rahat yaşamağ mümkün olmadığını” bildirib. Bundan əsəbləşdiyi üçün Yusif avtomobili işıqforda saxlayaraq, geri çönüb onun sol qolundan 1 zərbə vurub, müştəri isə ünvanına söyüş söyüb. Yolunu davam edərkən, ya Fərid, yada ki Sahiblə telefon əlaqəsi saxlayaraq, onların harada olduqlarını soruşub. DİN-in inzibati binasının yuxarı hissəsində tanışlarını görüb maşını saxlayıb və onlar avtomobilə miniblər. Sahib avtomobildə olan şəxsin kim olduğunu soruşduqda, Yusif onun müştəri olmasını, lakin onu təhqir etdiyinə görə, onunla işi olacağını bildirib. Mətbuat prospektinə çıxıb və 5 mərtəbəli binanın həyətinə girib, avtomaşını saxlayıb. Hamletlə avtomobildən düşərək mübahisə etməyə başlayıblar, Sahiblə Fəridə məsələyə qarışmamağı və çıxıb, getmələrini deyib. Cahangirovun söyüşlərindən əsəbiləşən Mirzəyev arxa cibindən bıçağı çıxarıb onun qarın nahiyyəsindən bir neçə zərbə vurub. Axırıncı zərbəni vurduqda artıq Hamletin ayağının büdrədiyini və yerə yıxıldığını görüb, kənara çəkilib. Zərərçəkənin əlindən yerə düşən telefonu götürüb və məhəllələrin arası ilə dayanmadam qaçıb. "İçəri şəhər” metrosu istiqamətində piyada gedərək, yolüstü Sahib və Fəridlə görüşüb. Tanışlarına həmin şəxsi bıçaqla vurduğunu bildirib və cibindəki kəsici aləti çıxarıb, onlara göstərib, sonra isə avtomobildə olan salfetka ilə kəsici aləti silərək, onu qabaq oturacaqların arasındakı qoltuqaltına goyub. Sahibə bıçağı, Fəridə isə hadisə yerindən götürdüyü telefonu saxlamasını xahiş edib. Bayıl qəsəbəsinə çatandan sonra evlərinə gediblər, baş vermiş hadisə barədə Yusif heç kimə məlumat verməyib. Mayın 7-də Fəridgildə olarkən Sahib ona zəng edərək, avtomobillə bağlı olan hadisəyə görə polis əməkdaşları tərəfindən saxlanılaraq 26-cı bölməyə aparıldığını deyib. Xəbəri eşidən kimi Fərid Şahbazovla birlikdə evdən çıxıb polisə yollanıb. Bölmədə məlum olub ki, Həsənovu onun törətdiyi hadisəyə görə saxlayıblar. Bununla yanaşı, Mirzəyəv bıçaqla vurduğu oğlanın xəstəxanada ölməsini bilib.
Zərərçəkmiş Solmaz Həsənova qırılmış vəziyyətdə olan telefonu tanıyıb və onun nəvəsi Hamletə məxsus olmasını təsdiq edib. Qadın bildirib ki, mərhum prodüsser kimi bir sıra müğənnilərlə, sonuncu dəfə Səidə Sultanla işləyib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Y.Mirzəyev 11 il 6 ay müddətinə azadlıqdan məhrum olunub.
Hökmdən prokuror protest, məhkum isə apellyasiya şikayəti verib.
Növbəti iclas fevralın 14-nə təyin edilib.
Xəbər 5374 dəfə oxunub.