“Səhvən sağ ayağı kəsilən xəstənin hər iki ayağı kəsilməli idi” - Nazirlik

“Səhvən sağ ayağı kəsilən xəstənin hər iki ayağı kəsilməli idi”   - Nazirlik

“Ötən həftə sol ayağının əvəzinə səhvən sağ ayağı kəsilən xəstənin hər iki kəsilmiş ayağına baxılıb, yəni onların makroskopik müayinəsi aparılıb. Damarların, dərialtı toxumaların, barmaqların vəziyyətinə baxılıb. Məlum olub ki, hər iki ayaq xəstə idi. Onların hər ikisi kəsilməli idi”.

Aktual.az Trend-ə istinadən xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin baş direktoru, professor Ədalət Həsənov deyib.

Ə.Həsənovun sözlərinə görə, bu məlumat verilərkən "xəstənin xəstə ayağının əvəzinə sağlam ayağının kəsilməsi" ifadəsinin işlədilməsi düzgün deyildi: “Bunu haradan biliblər ki, sağ ayaq sağlam idi? Onların hər ikisi xəstə, pis gündə idi. Onsuz da qadının ikinci ayağı da iki gündən sonra kəsilməli idi. Çünki ayaqların hər ikisi xəstə idi”.

Birlik direktoru əlavə edib ki, Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin ekspertizasının rəyinin yaxın 10 gün ərzində məlum olacağı gözlənilir: “O ayaqlardan tikələr kəsilir və müəyyən reaktivlərdən keçməklə onlardan laboratoriyada preparatlar hazırlanır. Həmin preparatların hazırlanması təxminən 1 həftə çəkir. Bundan sonra həkimə də əlavə 3 gün vaxt lazımdır ki, ona baxıb diaqnoz qoysun və rəyini versin”.

Ə.Həsənov rəylərini Yasamal Rayon Prokurorluğuna təqdim edəcəklərini də açıqlayıb.

Qeyd edək ki, Səhiyyə Nazirliyi Angioloji və Mikrocərrahiyə Mərkəzində sol ayağının kəsilməsi üçün diaqnoz qoyulan şəkərli diabet xəstəsi Tərlan Əliyevanın səhvən sağ ayağı kəsilib.

Səhiyyə Nazirliyindən Trend-ə verilən məlumata görə, hazırda məsələ ilə əlaqədar xüsusi komissiya yaradılıb və araşdırmalar aparılır.

Məsələ həm də hüquq-mühafizə orqanları tərəfindən araşdırılır.

Xəbər 291 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR