"Bunun nə mənbəyi, nə də əsası var"
Dünəndən bəri sosial şəbəkələrdə “Təcili hamı ilə paylaşın!” başlığı altında xəbər yayılır. Lent.az-ın məlumatına görə, xəbərdə deyilir ki, guya 3-12 yaşlı 12 uşaq qəflətən keçinib: “Yarılma nəticəsində məlum olub ki, uşaqların hamısı dərman preparatından baş verən allergiyanın qurbanı olub. Reaksiya o qədər ciddi olub ki, uşaqlardan heç birini xəstəxanaya çatdırmaq olmayıb. Onlar ya evdə, ya da xəstəxana yolunda keçiniblər. Hazırda polis iş üzrə araşdırma aparır, amma bütün dərman preparatlarını satışdan götürmək mümkün olmayıb. Məlum olub ki, uşaqların qəbul etdiyi bütün dərman vasitələri ölkəyə qaçaqmalçılıq yolu ilə gətirilib və təhlükəli saxta məhsuldur”.
Elanda uşaqların qəfil ölümünə səbəb olan dərmanların siyahısı da verilib: Amoksiçilin ( Амоксициллин), Kapesula ( Капесула), Ubuprofen, Alklofenak, Sumamed, İnqalipt, Аntisept, İnflyusid, uşaq Panadolu, Sanasol.
Yuxarıda adları verilən dərman preparatlarının qəbulu haqqında da məlumat verilib: “Bu dərmanların heç olmasa bir ay, yəni aptekdən bütün məhsullar götürülənədək qəbulunu məhdudlaşdırın. Əgər hər hansı allergiya ilə qarşılaşarsınızsa, 0,5- 1 həbb Кеtotifen və ya 10-15 damcı Fenistil qəbul etmək lazımdı”.
Dünən axşamdan başlayaraq hər kəs öz tanışı olan uşaqlı analara bu məlumatı göndərir. Məlumat sürətlə yayılıb və əhali arasında təşvişə səbəb olub. Bununla bağlı redaksiyamıza da çoxlu sayda müraciətlər gəlib. İnsanların narahatlığını nəzərə alaraq yayılan bu şaiyə barədə Səhiyyə Nazirliyindən münasibət öyrəndik.
Səhiyyə Nazirliyindən verilən açıqlamada bu məlumatların tamamən yalan olduğu, əhali arasında təşviş yaratmağa xidmət etdiyi bildirilib: “Bu səpkili məlumatlar vaxtaşırı müxtəlif dövlətlərdə də yayılıb. Rusiyada, Qazaxıstanda, Gürcüstanda, eləcə də bizdə. Ötən il, elə iki ay öncə də bizdə belə yanlış məlumat yayılmışdı. Bunun nə mənbəyi, nə də əsası var. Bu, sadəcə əhali arasında təşviş yaratmağa xidmət edən absurd bir məlumatdır”.