“Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə baş verən güclü yanğın nəticəsində xəsarət alan vətəndaşlardan həmin gün ümumilikdə Səhiyyə Nazirliyinin Neftçilər Xəstəxanasına 31 müraciət daxil olub.
Aktual.az APA-ya istinadən xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, vəziyyəti yaxşı olan 22 nəfər, təkrar müayinələrə cəlb olunması şərti ilə, ambulator yardım göstərilərək evə buraxılıb: “Bu gün həmin 22 nəfər yenidən müayinələrə cəlb olunublar. Onlardan 1 nəfəri ürək bulanma diaqnozu ilə xəstəxanada saxlamaq məsləhət görülüb. Həmin şəxsin heç bir həyati təhlükəsi yoxdur. Müxtəlif bədən xəsarətləri alan 8 nəfərə xəstəxanada lazımi səviyyədə tibbi yardım göstərilir. Onların da vəziyyəti sabitdir və palatalara köçürülüblər. Müxtəlif dərəcəli yanıq xəsarətləri almış 1 nəfər Respublika Yanıq Mərkəzinə yerləşdirilib ki, onun da vəziyyəti stabildir”.
Qeyd olunub ki, xəsarət alanların vəziyyətləri səhiyyə nazirinin daim nəzarətindədir. Eyni zamanda, səhiyyə nazirinin xüsusi tapşırığına əsasən xəsarət alan və hadisə nəticəsində itkin düşmüş neftçilərin yaxınlarına psixoloji yardımımın göstərilməsi üçün ilə psixoloqlardan ibarət briqada yaradılıb: “Bu gün psixoloqlar yenidən Neftçilər Xəstəxanasında olublar, onlara lazımi yardım göstəriblər. Xəsarət alanların tezliklə sağalmaları üçün bütün zəruri addımlar atılır”.
Bildirilib ki, səhiyyə naziri Oqtay Şirəliyev dekabrın 4-də “Günəşli” yatağında baş vermiş qəza nəticəsində xəsarət alan, hazırda Neftçilər Xəstəxanasında müalicə alan vətəndaşları ziyarət edib, onların vəziyyətləri ilə yaxından tanış olub və lazımi göstərişlər verib.