Səhiyyə Nazirliyindən dərman vasitələri ilə bağlı yeni qərar

Səhiyyə Nazirliyindən dərman vasitələri ilə bağlı yeni qərar

“Aptek təşkilatlarından dərman vasitələrinin buraxılması Qaydaları”na dəyişklik olunub.

Aktual.az-ın Trend-ə istinadən məlumatına görə, dəyişikliklə bağlı qərar Səhiyyə Nazirliyinin Kollegiya iclasında qəbul edilib. Yeni qaydalara əsasən, bundan sonra həkim resepti əsasında buraxılan dərman vasitələrinin reseptsiz buraxılması qadağandır. Resept əsasında yalnız Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış dərman vasitələri buraxılacaq.

Bu tələb dövlət qeydiyyatından keçmiş dərman vasitələri əsasında həkim resepti üzrə aptek təşkilatlarında hazırlanan dərman vasitələrinə şamil edilmir. Bu qaydaların tələblərinə uyğun olmayan reseptlər etibarsız sayılır və onlar üzrə aptek təşkilatlarından dərman vasitələri buraxılmır. Bununla yanaşı, stasionar şəraitdə müalicə alan xəstələrə dərman vasitələri tibb müəssisəsinə ayrılan dərman vasitələrinin siyahısına uyğun olaraq resept yazmadan təyin ediləcək.

Tibb müəssisəsinə ayrılan dərman vasitələrinin siyahısında olmayan dərman vasitəsinin xəstəyə təyin olunmasına tibbi göstəriş olduqda müalicə həkiminə dərman təyinatını tibb müəssisəsinin rəhbəri və ya onun bu məqsədlə təyin etdiyi məsul şəxslə, təcili-təxirəsalınmaz hallar zamanı isə cavabdeh növbətçi həkim ilə razılaşdırmaqla reseptin yazılmasına icazə veriləcək. Ödənişsiz şərtlərlə dərman almaq hüququna malik olan şəxslərə dərman preparatı yazmaq üçün istifadə olunan ödənişsiz resept blanklarının bu qaydalara əlavə olunan forma (4 nömrəli əlavə) üzrə qeydiyyatı aparılacaq.

Qaydalarla bağlı dəyişikliklərdə ödənişsiz dərman vasitələrinin buraxılışı Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və ya onun yerli idarə və müəssisələri tərəfindən müəyyən olunmuş aptek təşkilatlarından həyata keçiriləcək. Ödənişsiz dərman vasitələri buraxılarkən onlara yazılan resept blankının əsas hissəsi aptek təşkilatında qalır, kötük hissəsi isə alıcıya veriləcək. Dərman vasitələrinə yazılan reseptlərin etibarlılıq müddəti 90 (doxsan) gün, ödənişsiz dərman vasitələrinə isə 30 (otuz) gündür.

Xəbər 559 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR