Şəhid leytenantın acı həyatı: Atası atıb gedib, anası min bir əziyyətlə böyüdüb

Şəhid leytenantın acı həyatı: Atası atıb gedib, anası min bir əziyyətlə böyüdüb

Xızıdakı "Qaraheybət” aviasiya poliqonunda baş vermiş helikopter qəzasında şəhid olan 14 hərbçidən biri leytenant Abdulla Telman oğlu Süleymanovdur.

Əslən Cəbrayıl rayonunun Çərəkən kəndindən olan 22 yaşlı Abdullanın dayısı Səbuhi Zamanov Modern.az-a danışıb:

"Abdulla Dövlət Sərhəd Xidmətinin Akademiyasını bitirib, 22 yaşı vardı, subay idi. O, Vətən müharibəsində iştirak etmişdi, Zəngilanda və digər rayonlarda gedən döyüşlərdə vuruşmuşdu”.

O bildirib ki, Abdulla Süleymanovun ailəsi 1993-cü ildən Cəbrayıl rayonunu məcburi köçkün kimi tərk edəndən sonra ağır həyat şəraiti sürüblər. Ailə əvvəlcə Azərbaycan Texniki Universitetinin yataqxanasında məskunlaşıb. Abdulla bütün çətinliklərə rəğmən, ali təhsil alıb, həm də çətin sahəni seçib, hərbçi peşəsinə yiyələnib.

Dayısı deyir ki, bacısı oğlunun hərbi sahəni seçməsi səbəbsiz deyildi: "Vətən müharibəsində iştirak edən Abdullanın Cəbrayıl işğaldan azad ediləndə sevincinin həddi-hüdudu yox idi”.

Uzun illər Texniki Universitetinin yataqxanasında yaşamağa məcbur olan leytenantın ailəsi nəhayət, bir müddət əvvəl Qobu qəsəbəsində salınmış köçkün şəhərciyində mənzillə təmin olunub. Amma Abdulla həmin mənzildə doyunca rahat güzəran sürə bilmədi:

"Abdullagil ailədə iki qardaş olublar. Onları anaları böyüdüb. Atası uşaqlar balacaykən ailəsini ataraq gedib və sonra dünyasını dəyişib. Bacım o uşaqları yetimliklə, min bir əziyyət çəkərək, öz gücü və halal zəhmətlə böyütmüşdü. Biz Abdulla ilə, dayı-bala həmişə müxtəlif məsələlərdən söhbət edirdik. Onun o qədər arzuları var idi... Hamısı yarımçıq qaldı”.

Qeyd edək ki, dünənki helikopter qəzası ilə bağlı Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 352.2 (uçuş və ya uçuşa hazırlıq qaydalarını pozma ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda) və digər maddələri ilə cinayət işi başlanıb, cinayət işinin istintaqı baş prokuror tərəfindən xüsusi nəzarətə götürülüb.
Xəbər 751 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR