Artıq 2025-ci ili arxada qoymaq üzrəyik. "Konstitusiya və Suverenlik İli” kimi tarixə düşən bu il xalqımızın birliyini, həmrəyliyini və gücünü bir daha göstərdi. 2025 Konstitusiyanın qəbul edilməsinin 30-cu ildönümü və Vətən müharibəsində qələbəmizin 5-ci ildönümü ilə əlamətdar oldu. Bu nailiyyətlər ilimizi uğurlu və yadda qalan etdi. İndi isə 2026-cı il yeni imkanlar, tərəqqi və inkişafın ili kimi xalqımızın həyatına daha parlaq səhifələr gətirəcək. Prezident İlham Əliyevin sərəncamına uyğun olaraq 2026-cı il Azərbaycan Respublikasında "Şəhərsalma və Memarlıq İli” elan olunub.
Əvvəla, bu qərar şübhəsiz ki, ölkədə şəhərsalma və memarlıq sahəsində tarixi ənənələrin qorunması və inkişaf etdirilməsi baxımından alqışa layiqdir. Sirr deyil ki, dövlətimiz tarixi şəhərlər, qalalar, karvansaralar, məscid və türbələr kimi abidələrin bərpasına və mühafizəsinə xüsusi diqqət yetirir. Eyni zamanda, müasir memarlıq layihələri şəhərlərin görünüşünü zənginləşdirəcək və dayanıqlı inkişaf prinsipinə uyğun həyata keçiriləcək.
İkincisi, düşmənin xaincəsinə taladığı, viran qoyduğu işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və yenidənqurma işləri milli iradənin və innovativ yanaşmaların təzahürüdür. Bu ərazilərdə xalqımızın mədəniyyətinə söykənən memarlıq mühitinin qorunması və yeni infrastrukturun yaradılması, tarixi irsin yaşadılması, müasir həyat standartlarının təmin edilməsi baxımından böyük önəm daşıyır.
Üçüncüsü, Azərbaycanın beynəlxalq forumlarda fəal iştirakı ölkənin bu sahədəki nüfuzunu artırır və təcrübə mübadiləsini təmin edir. İpək Yolu üzərində yerləşən və mühüm ticarət, sənətkarlıq, mədəniyyət mərkəzləri kimi tarixə malik ölkəmiz memarlıq abidələrinin qorunması və inkişafında əhəmiyyətli rol oynayır. Əminliklə qeyd etmək olar ki, Azərbaycan şəhərsalma və memarlıq sənətində unikal nümunələr yaradıb və həmişə bu sahədə seçilib, öndə olub. Bu baxımdan ölkəmizdə "Şəhərsalma və Memarlıq İli”nin elan edilməsi heç də təsadüfi deyil.
Dördüncüsü, UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş tarixi sərvətlərimiz olan İçərişəhər və Şirvanşahlar sarayı kompleksi, Qız Qalası, Şəkinin tarixi mərkəzi, Xan sarayı və digər memarlıq nümunələri yalnız qədim mədəniyyətimizin nişanəsi deyil, həm də Azərbaycan şəhərsalma və memarlıq sənətinin hər zaman öncül olduğunu göstərir. Xalqımızın görkəmli memarları, Əcəmi Naxçıvani kimi sənətkarlar yaratdıqları əsərlərlə dövrlərin sınağından çıxmış və müasir çağırışlara da cavab verən memarlıq irsi qoyublar.
Tarixi şəraitdən asılı olmayaraq yurdumuz işğala məruz qaldıqda belə işğalçılar memarlarımızın bilik və bacarıqlarını öz ölkələrində istifadə edərək orada yüksək mədəniyyət səviyyəsini əks etdirən şəhərlər inşa edirdilər. Bu da Azərbaycan xalqının sənətə və mədəni irsə verdiyi dərin hörmətin və milli yaradıcılıq ənənələrinin ən parlaq nümunəsidir.
Nəhayət, bütün bunlar fonunda 2026-cı ilin Azərbaycan Respublikasında "Şəhərsalma və Memarlıq İli” elan olunması tamamilə doğru və strateji qərardır. Bu il ölkəmiz üçün yalnız tarixi irsin qorunması deyil, eyni zamanda müasir memarlıq layihələrinin sürətlə inkişaf edəcəyi xüsusi bir dönəm olacaq. Əminliklə söyləmək olar ki, Heydər Əliyev Mərkəzi, Alov Qüllələri və digər unikal, könül oxşayan memarlıq nümunələri ilə yanaşı yeni tikililər də ölkəmizdə şəhərsalma və memarlıq sənətinə təravət, yeni nəfəs gətirəcək, milli mədəniyyətimizin və memarlığımızın qüdrətini bir daha təsdiqləyəcək. Buna heç kimin şübhəsi olmasın.
Rəşad Mahmudov,
YAP İdarə Heyətinin üzvü,
Milli Məclisin deputatı Xəbər 60 dəfə oxunub.