Səhər yuxudan gümrah oyanmağın 10 üsulu

Səhər yuxudan gümrah oyanmağın 10 üsulu

Bəzən keyfiyyətli və davamlı yuxu səhər yorğunluğuna son qoymaq, günə yaxşı başlamaq üçün kifayət etmir. Bəs günə yaxşı başlamaq üçün nə etmək lazımdır?

Aktual.az Ailem.az-a istinadla səhər yuxudan gümrah oyanmaq üçün 10 təklif verir.

1. Hər gün eyni saatda oyanın. Həftəsonları günortayadək yatmaq ən çox sevdiyimiz vərdişlərdən biridir. Lakin həftəsonları da həftəiçi oyandığınız vaxtlarda ayağa qalmağa cəhd edin. Bədəninizin yuxu nizamı gün ərzində ruh halınıza təsir edən amillərdən biridir.

2. Zəngli saatı təxirə salmayın. Güman edirik ki, bunu etməyən yoxdur. Səhər zəngli saat çalanda onu 5 dəqiqə də olsa, təxirə salıb yuxunun dadını çıxarmaq üçün rəsmən mübarizə aparırıq. Lakin təxirə salmalar qısa zamanlı olduqları üçün sizi yormaqdan başqa işə yaramır. Buna görə də qərarlı olmağı və zəngli saat çalan kimi ayağa durmağınızı təklif edirik.

3. Zəngli saatı başqa otağa qoyun. Əvvəlcə bunu deyək ki, telefonun zənglə oyadan funksiyasını işə salmaqdansa, zəngli saat qurmağı məsləhət görürük. Həmin zəngli saatı isə başqa otağa qoymaq sizə yuxudan oyanmaq üçün fürsət verir. Zəngli saatın səsini dayandırmaq üçün oyanacaqsınız, daha sonra ayağa durub başqa otağa getmək məcburiyyətində qalacaqsınız. İlk vaxtlarda bu, sizə çətin olsa da, zamanla vərdiş edəcəksiniz.

4. Soyuq duş qəbul edin. Səhər-səhər isti yataqdan durub soyuq duş qəbul etmək bir çoxumuza əziyyət kimi görünə bilər. Lakin bədəniniz buna qısa zamanda vərdiş edəcək. İstiliyin dəyişməsi bədəninizin canlanmasına kömək edəcək.

5. Oyanan kimi bir stəkan su için. Əgər səhər saatlarında soyuq duş qəbul etmək fikri ürəyinizcə deyilsə, bunu su içməklə əvəz edin. Yuxu zamanı su itkisi gün ərzində sizi olduqca halsız edir. Buna görə də soyuq su soyuq duş ilə eyni effekti yaradır və bədəninizi adrenalinlə təmin edərək, qan dövranını sürətləndirir.

6. Günəşlə oyanın. Yuxu problemi yaşayanların çoxu qaranlıq mühitdə yatmağı sevir. Otağınızın qaranlıq olması, əlbəttə ki, yuxuya getməyinizə kömək edəcək, amma yatmağınızı da bir xeyli çətinləşdirəcək. Otağınızın səhərlər günəş şüaları alması günə yaxşı başlamağın ən gözəl yollarından biridir.

7. Məşq edin. Səhərlər hərəkətsiz bir formada, ağır-ağır günə başlamaqdansa, məşq hərəkətləri edərək, enerji ilə günə qədəm qoyun. Oyanan kimi mütləq gərnəşin. Əgər işə gedən zaman piyada yeriməyə vaxt yoxdursa, heç olmasa, liftdən istifadə etməyin, pilləkənlərlə düşüb-qalxın. Piyada yerimək əzələlərinizi də möhkəmlədəcək.

8. Səhər yeməyində zülal yükü çox olan qidalara üstünlük verin. Karbohidrat yüklü qidalar bədənimizi daha da tənbəlləşdirir. Dolayısı ilə, karbohidrat yüklü səhər yeməyi əvəzinə zülalla zəngin qidalara üstünlük verin. Səhər yeməyi menyunuzu qatıq, smetan, yumurta baxımından bol edin.

9. Ananıza zəng edin. Yuxudan oyanan zaman özünüzə yaxın hesab etdiyiniz insanlarla danışmaq əhvalınızı yüksəldəcək. Hər bir halınızı ən yaxşı bilən ananız səhərlər yaşaya biləcəyiniz stressi idarə etməyə kömək olacaq.

10. Səhərlər xüsusi musiqi siyahınız olsun. Evdən çıxmazdan əvvəl hazırlaşdığınız müddətdə sevdiyiniz mahnıları dinləyib əylənə bilərsiniz. Bu, sizin motivasiya, ruh yüksəkliyi və sevincinizin artmasına kömək edəcək.
Xəbər 740 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR