Səfirliyimizə hücum üçün niyə 27 yanvar seçilib?

Səfirliyimizə hücum üçün niyə 27 yanvar seçilib?

Bu gün – 27 yanvar ilk türk diplomatın şəhid edilməsindən 50 il ötür.

Aktual.az xəbər verir ki, erməni Qurgen Yanikyan 27 yanvar 1973-cü il tarixində ABŞ-da türk diplomata qarşı terror hücumu həyata keçirib.
Q.Yanikyan sözügedən tarixdə türk səfir Mehmet Baydar və Bahadır Dəmiri Santa Barbaradakı Baltimore otelinə dəvət edir və orada teraktı həyata keçirir.
2020-ci il 27 yanvar tarixində terrorçu Yanukyanın fotosu səfirliyimizin binası önündən asılıb.

Tehranda Azərbaycan səfirliyinə terror hücumu və səfirliyin mühafizə rəisinin qətlə yetirilməsi bu tarixi bir daha gündəmə gətirib.

Mövzu ilə bağlı tanınmış hüquqşünas Səməd Vəkilovun məqaləsini təqdim edirik:

Erməni təfəkkürünün məhsulu olan ASALA terror təşkilatı tarixin zibilliyinə atıldımı? Bu günlərdə ilk dəfə türk diplomatlarını şəhid edən erməni qatili Qurgen Yanikyanın şəkilinin Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğumuza asılması, ASALA-nın öz fəaliyyətini bərpa etməsi haqqında bəyanatı göstərir ki, bu mənfur ideologiya hələ yaşamaqda və yaşadılmaqdadır.

"Böyük Ermənistan” yaradılmasını özünün əsas hədəfi seçmiş ASALA Azərbaycan və türk dövlət xadimlərinin öldürülməsini də öz fəaliyyətlərinin tərkib hissəsi hesab edirlər. "Ermənistanın Azadlığı uğrunda Gizli Erməni Ordusu" ("Armenian Secret Army for the Liberation of Armenia") adlanan bu təşkilat rəsmi olaraq 1975-ci ildə Livanın paytaxtı Beyrutda Akop Akopyan tərəfindən yaradılsa da, əslində ilk terror eyni ideoloji şüura malik Qurgen Yanikyan tərəfindən 27 yanvar 1973-cü il tarixində ABŞ-da həyata keçirilib.

G.Yanıkyanın başlatdığı bu terror əslində erməni terrorunun 3-cü dalğası idi.

Ermənilərin Osmanlıda himayə edilməsi

Fateh Sultan Mehmet İstanbulu fəth etdikdən sonra erməni patriarxlığını rum patriarxlığından ayırdı. Fateh 1461-ci ildə Bursadan İstanbula gətirilən Bursa Erməniləri Başyepiskopu Hovagimu müstəqil erməni patriarxlığının rəhbəri təyin etməklə İstanbulda müstəqil erməni patriarxlığının əsasını qoydu. Həmin vaxtdan ermənilər Osmanlı himayəsində möhkəmlənməyə başladılar. Osmanlı sultanları tərəfindən bu himayəçilik yüz illər davam etdi. Ermənilər isə əsl simasını gizlədərək Osmanlıda sədaqət kredosuna çevrildilər. Hətta Osmanlıda onlara "sadiq millət” adı verildi. Xristian güc mərkəzlərinin təzyiqi ilə Osmanlıda islahat fərmanları qəbul edildikdən sonra ermənilərin iştahası daha da artmağa başladı. 1863-cü ildə Nizamnâme-i Millet-i Ermeniyân adlı fərmanla artıq Osmanlı dövləti demək olar ki, ermənilərə qismən muxtariyyat statusu verdi. Ermənilər öz aralarında bu sənədi Konstitusiya kimi qəbul edirdilər.
Verilmiş hüquqlardan geniş istifadə edən ermənilər bu Nizamnamə əsasında öz kiçik parlamentlərini formalaşdırdılar. Bundan sonra ermənilərin təşkilatlanması daha da intensiv şəkil aldı. 1890-cı ildə Tiflisdə ermənilərin ən böyük mütəşəkkil siyasi təşkilatı Erməni İnqilabi Federasiyası - Daşnaksütyun təsis edildi. Nəhayət, XIX əsrin sonlarında erməni terrorunun birinci dalğası sayılan Osmanlı Bankının terrora məruz qoyulması ilə bu "hərəkat” I Dünya müharibəsi başa çatana qədər davam etdi.

1915-ci il hadisələri isə erməni terrorunun 2-ci dalğası hesab olunur. Bu hadisələr 10 ildən artıq davam etdi. 1920-ci illərdən sonra Daşnaksütyun, Nemesis və başqa erməni terror təşkilatları yüzlərlə türk və Azərbaycan dövlət xadimlərini qətlə yetirdilər.

Türk diplomatlarına terror

Qeyd edildiyi kimi, xaricdə türk diplomatlarının terrorla şəhid edilməsi ilə bağlı ilk aktı Los-Ancelesdə yaşayan Qurgen Yanıkyan həyata keçirib. Q.Yanıkyan əvvəlcədən planlaşdırdığı terror aktını həyata keçirmək üçün Türkiyənin Los-Ancelesdəki səfirliyinə zəng vuraraq, onda Sultan Əbdülhəmid dönəmindən qalma qiymətli tablo olduğunu və həmin tablonu təmənnasız olaraq Türkiyə Cümhuriyyətinə hədiyyə etmək istədiyini bildirmişdir. Q.Yanikyan bu tablonun hədiyyə edilməsi əvəzində maddi deyil, "mənəvi” qazanc gözlədiyini də xüsusi ilə vurğulamışdır. Bundan sonra səfir Mehmet Baydar Türkiyə dövlətinə müraciət edərək bu barədə rəsmiləri məlumatlandırmışdır. Türkiyə dövləti həmin tablonu alaraq Türkiyədə muzeyə göndərilməsini tövsiyə etmişdir. Bundan sonra Qurgen Yanikyana görüşməyə hazır olduqlarını bildirmişlər.

Q.Yanikyan tablonu maddi qarşılığı olmadan verməyi təklif etdiyi üçün səfirlik ona türk dövləti adından təşəkkür edilməsini nəzərdə tutmuşdur. Q.Yanikyan 27 yanvar 1973-cü il tarixində türk səfiri Mehmet Baydar və Bahadır Dəmiri Santa Barbaradakı Baltimore otelinə dəvət edir. Burada isə Q.Yanikyan terror aktını icra edildi.

Kimdir Qurgen Yanikyan?

Qurgen Yanikyan 24 dekabr 1895-ci il tarixdə Ərzurumda anadan olub. Özünün iddia etdiyinə görə, yaxınları 1915-ci ildə "soyqırım” zamanı ölüb. Qurgen Yanikyan isə gizlənməyə və diqqətdən kənarda qalmağa müvəffəq olub (Sonralar məlum olur ki, Yanikyanın dedikləri uydurmadır). O, Qafqaz cəbhəsinin xəttini keçərək Dronun komandanlığı ilə 2-ci erməni könüllü dəstəsinə daxil olur. Bir müddət qərargahda xidmət edir, orada "Qərbi Ermənistan”ın bir neçə xəritəsini yaddaşdan düzəldir. Bu da hücum zamanı rus qoşunlarına kömək edir. Moskva Dövlət Universitetində mühəndislik təhsili alıb.
1930-cu ildə həyat yoldaşı Susanna ilə birlikdə Rza Pəhləvinin şahlıq etdiyi İrana mühacirət edir. İranda Yanikyan yol mühəndisi işləyir. O, ölkənin ilk metallurgiya zavodunun yol şəbəkəsinin layihələndirilməsinə görə yüksək mükafatlar alır.

II Dünya müharibəsi zamanı – 1941-ci ildə Böyük Britaniya və SSRİ qoşunları iki tərəfdən İrana daxil olur. Tezliklə müttəfiqlər üçün strateji yolun tikintisinin rəhbəri olan mühəndis Yanikyan ABŞ hökuməti tərəfindən mükafatlandırılır və Amerika vətəndaşlığını alır. 1946-cı ildə Yanikyan həyat yoldaşı ilə birlikdə Fransaya, oradan isə ABŞ-a gedir. Əvvəlcə Nyu Yorkda məskunlaşır, sonra Kaliforniyaya, Beverli Hillsə köçür. Bu sənət mərkəzində Qurgen Yanikyan "Yanikyan” Teatrını açır, lakin bu, uğurlu alınmır. Bu arada yeni şah Məhəmməd Rza Pəhləvi (mühəndislə şəxsən tanış idi) Yanikyanın ABŞ vətəndaşlığını almasını bəyənmir və o, Yanikyanın İran banklarındakı hesablarına həbs qoyur.

Yanikyan 77 yaşındaykən əlində Sultan Əbdülhəmid dönəmindən qalma tablo olduğunu və bunu Türkiyəyə bağışlamaq istədiyini türk konsulluğuna bildirərək Santa Barbarada qaldığı otelə dəvət etmişdi. 27 yanvar 1973-cü il tarixdə kerçəkləşən görüş zamanı Türk diplomatlarını qarşılayan Yanikyan çox qısa bir aradan sonra tapança ilə baş konsul Mehmet Baydar və Bahadır Demiri qətlə yetirmişdi.

İddialara görə, Yanikyan cinayətdən sonra otelin müdir və qarsonlarına "Ailəmdən 26 nəfəri türklər öldürdü, onların intiqamını aldım” deyib. Sui-qəsdən öncə "California Courier” qəzetinə göndərdiyi 118 səhifəlik məktubunda "Sizlər bu məktubu oxuduğunuz zaman mən yeni bir savaş növü icad etmiş və gerçəkləşdirmiş olacağam. Öndən mən gedirəm, ermənilər arxamca gəlsin! Erməniləri dərin yuxudan oyandırmanın və türklərlə onların anlayacağı dildən danışmanın vaxtı gəldi. Türk hökuməti ilə heç bir millət münasibət qurmamalı və onların təmsilçiləri yox edilməlidir, artıq geriyə dönüş yoxdur”.
Bundan sonra ABŞ-da mühakimə edilən Yanikyan məhkəmə zamanı 1915-ci il "soyqırım” hadisələrinin araşdırılmasını istəyir. Lakin məhkəmə bunu uyğun görmür. Cinayət işi aylarla davam edir. Ermənilər bu məhkəmə prosesindən öz xeyirlərinə yararlanmağa çalışırlar. Yanikyan məhkəmədə ailə üzvlərinin 1915-ci ildə Şərqi Anadoluda türklərin "soyqırımına” məruz qaldığını iddia etsə də, heç bir sübut təqdim edə bilmir. Həmçinin, ailə üzvləri deyərkən kimləri nəzərdə tutması barədə də heç bir sənəd təqdim etmir. Yanikyanın məqsədi bu məhkəmədə "soyqırım” məsələsinə baxılmasına nail olmaq idi. Lakin bu mümkün olmadı.

Q.Yanikyan məhkəmədə törətdiyi cinayəti etiraf edir. Heç bir peşmançılıq çəkmədiyini bildirir. Hətta o, məhkəmədə belə deyir: "Mən iki insanı yox, iki pisliyi öldürmüşəm. Onlar mənim üçün adam deyildilər”.

Özünü demokratiyanın beşiyi adlandıran Amerikada fəaliyyət göstərən "The Armenian Reporter”in bu qatil haqqında bir xəbərdə "Erməni siyasi mübarizəsi üçün yeni çağ açan” və "Erməni tarixinin gedişatını dəyişən adam” ifadələrinin işlədilməsi acı təəssüf hissi oyatmaya bilməz.
Q.Yanikyan 31 yanvar 1984-cü ildə səhhətinin həbsdə qalmağa imkan verməməsi səbəbindən əfv edilərək qocalar evinə yerləşdirilir. 27 fevral 1988-ci il tarixində orada ölür.

Dünyada terroru açıq şəkildə dəstəkləyən erməni xalqı öz "xaç atasına” "hörmətini” bildirərək, türk diplomatlarını qətlə yetirən, bununla da erməniləri terrora səsləyən Qurgen Yanikyanın sümüklərini 5 may 2019-cu il tarixində Ermənistana gətirərək onu qəhrəman kimi dəfn etməklə xəstə təxəyüllərinə nə qədər sadiq olduqlarını göstərdilər.

ASALA-nın ruh atası sayılan Qurgen Yanikyanın çağırışları əsasında sonradan ASALA yaradıldı. Onlar Q.Yanikyanın başladığı "işi” davam etdirərək aşağıdakı türk diplomatlarını qətlə yetirdilər.

Erməni terrorçularının qətlə yetirdiyi türk diplomatları

20 fevral 1975-ci ildə Beyrutdakı THY bürosu bombalandı. Hadisəni ASALA-nın Əsir Yanıkyan Qrupu öz üzərinə götürdü. Hadisə yerinə buraxılan məktubda deyilirdi: "Ermənilərin haqlı davasında imperalistlərə qarşı mübarizə ediləcək, növbəti hədəfimiz Türkiyə, İran və ABŞ olacaq. Bu terror başlanğıcdır”.
22 oktyabr 1975-ci il tarixdə 3 erməni avtomatla Türkiyənin Vyanadakı Səfirliyinə hücum edərək səfirliyin girişində şəxsləri tərk-silah etdikdən sonra səfirin iş otağına girdilər. Burada Daniş Tunalıgilə "Siz səfirsiniz?” deyə soruşan və "Bəli” cavabını alan terrorçular səfiri avtomat silahla öldürərək şəhid etdilər. Sonra 3 terrorçu avtomobilə minərək oradan uzaqlaşdılar.

24 oktyabr 1975-ci il tarixndə Türkiyənin Parisdəki səfiri İsmayıl Erez və sürücüsü Talib Yenər səfirlik yaxınlığında terrora məruz qaldılar. Günorta saat 13:30-da səfirlik yaxınlığında Sena çayı yaxınlığında körpünün üzərində qəflətən avtomat silahlardan səfir Erezin xidməti avtomobilinin atəşə tutulması nəticəsində həlak oldular. Terroru "Erməni Soyqırımı Ədalət Komandoları” adlı təşkilat öz üzərinə götürdü.
 
ASALA-nın ilk terror

16 fevral 1976-cı il tarixində Türkiyənin Beyrutdakı Səfirliyinin Baş katibi Oktar Cirit bir zalda oturarkən erməni terrorizminin qurbanı oldu. Terroru ASALA öz üzərinə götürdü və ilk dəfə bu cinayətlə adını ortaya atdı.

9 iyun 1977-ci il tarixndə – Türkiyənin Vatikandakı səfiri Taha Carım səfirlik binasının önündə iki terrorçunun açdığı atəş nəticəsində həlak oldu. Terroru "Erməni Soyqırımı Ədalət Komandoları” adlı təşkilat öz üzərinə götürdü.

Avropalılar da erməni terroruna qurban getdi

2 iyun 1978-ci il tarixində Türkiyənin Madriddəki (İspanya) səfiri Zəki Kuneralp xidməti avtomobilə 3 terrorçu tərəfindən atəş açılması nəticəsində avtomobildə olan həyat yoldaşı Necla Kuneralp və eks-səfir Beşir Balcıoğlu ilə birgə həyatını itirdi. Terroru "Erməni Soyqırımı Ədalət Komandoları” adlı təşkilat öz üzərinə götürdü. Bu hadisədə ilk dəfə bir əcnəbi vətəndaş da ermeni terrorunun qurbanı oldu. Bu şəxs türk səfirliyinin sürücüsü ispanyalı Atonyo Torres idi.

12 oktyabr 1979-cu il tarixndə Türkiyənin Laheydəki (Hollandiya) səfiri Özdəmir Benlerin oğlu Əhməd Benler silahlı basqın nəticəsində öldürüldü. Terroru həm "Erməni Soyqırımı Ədalət Komandoları”, həm də ASALA öz üzərinə götürdü.

22 dekabr 1979-cu il tarixində Türkiyənin Parisdəki turizm müşaviri Yılmaz Çolpan bir terrorçunun basqını nəticəsində qətlə yetirildi. Bu hadisə ermənilərin Parisdəki ikinci terror aktı idi. Hadisədən sonra xəbər agentliklərinə zəng edən bir şəxs Roma, Madrid və Parisdəki terroru "Erməni Soyqırımı Ədalət Komandoları” adlı terror təşkilatının etdiyini bildirərək "Türk höküməti ermənilərin haqlarını tanımadığı üçün Avropadakı türk diplomatlarını öldürürük” deyib.
31 iyul 1980-ci il tarixində Türkiyənin Afinadakı (Yunanistan) səfirliyinin atteşesi Qalip Özmən ilə 14 yaşlı qızı Neslihan Özmən bir terroçunun silahlı basqını nəticəsində öldürüldü. Qalip Özmənin həyat yoldaşı Sevil Özmən və oğulları Kaan Özmən hadisədən yaralı olaraq qurtardılar. Terroru ASALA öz üzərinə götürdü.

17 dekabr 1980-ci il tarixində Türkiyənin Sidney (Avstraliya) Baş konsulu Şarık Ariyak ilə təhlükəsizlik işçisi Engin Sevər erməni terrorizminin qurbanı oldular.

6 fevral 1980-ci il tarixində Türkiyənin İsveçrədəki səfiri Doğan Türkmən Berndə silahlı basqına məruz qalsa da, hadisədən sağ qurtara bildi.
17 aprel 1980-ci il tarixində Türkiyənin Vatikandakı səfiri Vecdi Türelin xidməti avtomobilinə atəş açıldı. Türel və mühafizəçisi Tahsin Güvenç terrordan yaralı olarak qurtuldular.

26 sentaybr 1980-ci il tarixində Türkiyənin Parisdəki səfirliyinin mətbuat müşaviri Səlcuq Bakkalbaşı silahlı basqın nəticəsində yaralandı.
 
Fransada üçüncü terror

4 mart 1981-ci il tarixində Türkiyənin Parisdəki səfirliyinin attaşesi Rəşad Moralı ilə dini işlər üzrə müşavir Tecelli Arı müşavirlikdən cıxıb avtomobilə minərkən 2 terrorçunun basqınına məruz qaldılar. Moralı basqın nəticəsində öldü. Arı isə ağır yaralandı və xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmadı. Terroru ASALA öz üzərinə götürdü.

Bu basqın artıq ermənilərin Parisdə həyata keçirdiyi 3-cü terror aktı idi. Bundan sonra Türkiyə dövləti türk diplomatlarını lazımi qaydada qoruya bilmədiklərinə görə Fransaya nota verdi.

9 iyun 1981-ci il tarixində Türkiyənin Cenevrədəki (İsveçrə) Baş konsulluğunun katibi Mehmet Savaş Yergüz evinə gedərkən silahlı basqın nəticəsində həlak oldu. Terroru ASALA öz üzərinə götürdü. Hadisədən sonra tutulan Livan əsilli erməni terrorçu Mardiros Camgözyana 15 il həbs cəzası verildi.
24 sentyabr 1981-ci il tarixində 4 erməni terrorçu Türkiyənin Paris Baş konsulluğu ilə mədəniyyət attaşesinin oturduğu binada 56 türkü girov götürdü. Terrorçulara müdaxilə etmək istəyən mühafizəçi Camal Özeni yerindəcə öldürdülər. Baş konsul Kaya İnalı yaraladılar. Erməni terrorçuları Türkiyədə "siyasi məhbus” olan 12 erməninin Parisə gətirilməsini tələb etdilər. İstəklərinin qəbul edilməyəcəyini anlayan terrorçular 15 saat sonra polisə təslim oldular. Hadisə ilə bağlı Türkiyə Fransaya təpki göstərdi. Bundan sonra Fransa da həmin terroru qınadı. Terroru ASALA öz üzərinə götürdü. Hadisəni törədən 4 erməni terrorçu - Vazken Sakosesliyan, Gevorq Abraham Gözliyan, Aram Avedis Basmaciyan və Akop Abraham Turfanyana 31 yanvar 1984-cü il tarixində Fransada 7 il həbs cəzası verildi. Məhkəmənin qərarı Türkiyədə böyük təpki ilə qarşılandı.

2 aprel 1981-ci il tarixində Türkiyənin Kopenhagen səfirliyinin attaşesi Cavid Dəmir yaşadığı evin liftində silahlı basqın nəticəsində yaralandı.
25 oktaybr 1981-ci il tarixində Türkiyənin Romadakı səfirliyində ikinci katib işləyən Gökbərk Ərgənəkon küçədə gedərkən basqına məruz qalaraq yaralandı.
 
Los-Ancelesdə ikinici terror

28 yanvar 1982-ci il tarixində Türkiyənin Los-Anceles (ABŞ) Baş konsulu Kamal Arıkan öldürüldü. Qatil daşnak militanı Hampiq Sasunyana ömürlük həbs cəzası verildi.

5 may 1982-ci il tarixində Türkiyənin Bostondakı (ABŞ) fəxri konsulu Orhan Gündüz silahlı basqın nəticəsində öldürüldü.
7 iyun 1982-ci il tarixində Türkiyənin Lissabondakı (Poruqaliya) səfiri Ərqut Akbay və həyat yoldaşı Nadidə Akbay avtomobilinə olan silahlı basqın nəticəsində həyatlarını itirdilər.

27 avqust 1982-ci il tarixində Türkiyənin Ottava səfirliyinin (Kanada) hərbi attaşesi Atilla Altikat silahlı basqın nəticəsində həlak oldu.
9 sentaybr 1982-ci il tarixində Türkiyənin Burgaz (Bolqarıstan) Baş konsuluğunun attaşesi Bora Süelkan erməni terrorçuları tərəfindən qətlə yetirildi.
8 aprel 1982-ci il tarixində Türkiyənin Ottava səfirliyinin ticarət müşaviri Kani Güngör silahlı basqın nəticəsində yaralandı.

21 iyul 1982-ci il tarixində Türkiyənin Rotterdamdakı Baş konsulu Kamal Dəmirərə yaşadığı evin önündə silahlı basqın edildi. Basqında Baş konsula heç nə olmadı, terrorçu isə yaralı olaraq tutuldu.

Erməni terrorçuları Türkiyədə

7 avqust 1982-ci il tarixində ASALA-ya bağlı 2 terrorçunun Ankara Esenboğa Hava Limanında həyata keçirdiyi basqın nəticəsində 8 nəfər öldü, 72 nəfər isə yaralandı. Bu, ermənilərin Türkiyədə həyata keçirdiyi ilk terror aktı idi.

9 mart 1983–cü il tarixində Türkiyənin Belqraddakı (Yuqoslaviya) səfiri Qalip Balkara 2 terrorçu silahlı basqın etdi. Hadisədə ağır yaralanan Balkar 11 martda dünyasını dəyişdi. Hadisədə bir yuqoslav tələbə də öldü. Terroru gerçəkləşdirən Kirkor Levonyan ilə Raffi Aleksandra hadisədən bir il sonra 9 mart 1984-cü ildə qatillərə 20 il həbs cəzası verildi.

14 iyul 1983-cü il tarixində Türkiyənin Brüsseldəki səfirliyinin attaşesi Dursun Aksoy erməni terrorçuları tərəfindən qətlə yetirildi.
27 iyul 1983-cü il tarixində 5 erməni terrorçu Türkiyənin Lissabon səfirliyinə hücum edərək binadakıları girov götürdü. Basqın sırasında səfirliyin müşaviri Yurtsev Mihçioğlunun həyat yoldaşı Cahidə Mihçioğlu həlak oldu. Portuqaliya polisi həyata keçirdiyi əməliyyat nəticəsində girovları azad etdi və 5 erməni terrorçusunu öldürdü. Terroru "Erməni İnqilab Ordusu” öz üzərinə götürdü. EİO terrorçularin öldürülməsi ilə bağlı Portuqaliya Baş naziri Mario Soarezi ölümlə təhdid etdilər.

16 iyun 1983-cü il tarixində İstanbul Qapalıçarşı Ticarət Mərkəzində terror həyata keçirildi hadisə nəticəsində 2 nəfər həlak oldu, 21 nəfər isə yaralandı. Terrorçu hadisə yerində öldürüldü. Bu hadisənin də erməni terrorçusunun həyata keçirdiyi bəlli oldu.

15 iyul 1983-cü il tarixində THY-nin Paris Orli aeroportundakı bürosu önündə bomba partladı. Partlama nəticəsində 2-si türk, 4-ü fransız, 1-i amerikalı, 1-i isveçli olmaqla, 8 nəfər öldü. Hadisə nəticəsində 28-i türk olmaqla 63 nəfər yaralandı. Bu hadisə tarixdə "Orli qırğını” kimi qaldı.
28 aprel 1984-cü il tarixdə Türkiyənin Tehran səfirliyinin katibi Şadiyə Yöndərin həyat yoldaşı, İranla Türkiyə arasında ticarətlə məşğul olan iş adamı İşıq Yöndər bir ASALA militanı tərəfindən öldürüldü.

20 iyun 1984-ci il tarixində Türkiyənin Vyanadakı səfirliyinin attaşesi Ərdoğan Özən avtomobilinə yerləşdirilən bombanın partlaması nəticəsində həlak oldu. Terroru "Erməni İnqilab Ordusu” öz üzərinə götürdü.

19 noyabr 1984-cü il tarixində Türkiyənin BMT nümayəndəliyində çalışan Evnər Ərgün avtomobilinə yerləşdirilən bonba partalamsı nəticəsində həlak oldu. Terroru "Erməni İnqilab Ordusu” öz üzərinə götürdü.

27 mart 1984-cü il tarixində Türkiyənin Tehran Səfirliyinin Ticarət müşavirinin müavini İşıl Ünelin avtomobilinə bomba yerləşdirməyə çalışan bir terrorçu bombanın əlində partlaması nəticəsində öldü.

28 mart 1984-cü il tarixndə Türkiyənin Tehran səfirliyinin Baş katibi Həsən Sərvət Öktəm və səfirliyin attaşesinin müavini İsmayıl Pamukçu evlərinin önündə silahlı hücum nəticəsində yaralandılar.

ASALA-nın fəaliyyətinə toxunarkən onun sonunu gətirmiş vətənpərvər türk oğlu ülkücü Abdulla Çatlını rəhmətlə anırıq.

Təəssüf ki, mifologiya ilə qidalanan xəyalpərəst erməni xalqı 44 günlük Zəfər müharibəsindən də dərs götürməyiblər. Hələ də revanşist qüvvələrə istinad edən qruplar var. Odur ki, biz erməni terrorizminin anatomiyasını yaxşı öyrənməklə onlara gerçək kimliklərini tanıtmalıyıq.
Xəbər 652 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR