“Beynəlxalq hüquq bizim tərəfimizdədir”.
Ermənilər Dağlıq Qarabağ bölgəsinin müstəqilliyinə nail olmaqla, ikinci erməni dövlətini yaratmaq və ya onu Ermənistana ilhaq etmək istəyirlər.
Aktual.az-ın APA-ya istinadən xəbərinə görə, bunu Azərbaycanın İtaliyadakı səfiri Vaqif Sadıqov İtaliyanın “ilgiornale.it” saytına müsahibəsində deyib.
V. Sadıqov bildirib ki, Azərbaycan yuxarıda qeyd edilən iki yolu heç vaxt qəbul edə bilməz:
“Bizim təklif edə biləcəyimiz yeganə variant regionun azərbaycanlı əhalisinin torpaqlarına qayıtması şərti ilə Cənubi Tirol nümunəsində olduğu kimi erməni icmasına yüksək muxtariyyət verməkdir. Beynəlxalq hüquq bizim tərəfimizdədir. BMT TŞ-nin qətnamələri, Avropa Parlamenti, Avropa Şurası və NATO Azərbaycanın ərazi bütövlüyünün bərpasına və Ermənistan qoşunlarının çıxarılmasına dair çağırışlar ediblər.”
Səfir son həftələrdə cəbhə xəttində baş verən gərginliyə də toxunub: “Hərbi xərclərin artırılması digər ölkəyə hücum etmək anlamına deyil, ərazilərimizi müdafiə etmək və azad etmək anlamına gəlir. Biz illərdir danışıqların münaqişənin sülh yolu ilə həllinə gətirib çıxaracağına ümid edirdik. Vasitəçilik səylərinə olan güclü inamımıza baxmayaraq, gələcəkdə torpaqlarımızı güc vasitəsilə geri qaytarmaq məcburiyyəti qarşısında qalacağımızı istisna etmirik. Ötən il ərzində Ermənistan tərəfindən atəşkəs rejiminin pozulması nəticəsində toqquşmaların artması inkarolunmazdır. Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarından çıxmayacağı halda Azərbaycan BMT Nizamnaməsinin 51-ci maddəsi ilə təsbit olunmuş hüququndan istifadə edərək beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində suverenliyi və ərazi bütövlüyünün bərpasını təmin etmək məcburiyyətində qala bilər”.
İtaliya və Azərbaycan arasında siyasi, iqtisadi və mədəni sahələrdə əməkdaşlığın yüksək səviyyədə olduğunu deyən V. Sadıqov İtaliyanın Avropa İttifaqında Azərbaycanın vacib tərəfdaşı olduğunu vurğulayıb:
“İqtisadi nöqteyi- nəzərdən İtaliya bizim mühüm tərəfdaşımızdır. İkitərəfli ticarətimizin həcmi 7 milyard avro təşkil edir və bu, İtaliyanın bəzi Avropa İttifaqı ölkələri ilə ticarət dövriyyəsindən çoxdur”.
Səfirin sözlərinə görə, Trans Adriatik boru kəmərinin (TAP) tikintisi ilə Azərbaycan qazı Avropa bazarlarına çıxarılacaq. Bu isə Azərbaycanın İtaliyanın əsas qaz təczihatçılarından biri olacağı mənasına gəlir. V. Sadıqov, həmçinin, 2001-ci il 11 sentyabr hadisələrindən sonra Azərbaycanın beynəlxalq terrorizmlə mübarizəyə dəstək verdiyini də qeyd edib.
Aktual.az