“2015-ci il Azərbaycan-Belarus münasibətləri üçün məhsuldar olub. Ötən ilin əsas hadisəsi prezident İlham Əliyevin Belarusa səfəri olub”.
Aktual.az-ın APA-ya istinadən məlumatına görə, bunu Bakıda keçirdiyi mətbuat konfransında Belarusun Azərbaycandakı səfiri Gennadi Axramoviç deyib.
Onun sözlərinə görə, İ. Əliyevin Belarusa səfəri çərçivəsində Minskdə böyük biznes forum keçirilib. "Ölkələr strateji tərəfdaşlığı möhkəmləndirən sənədlər imzalayıblar. Belarus prezidenti Aleksandr Lukaşenko Azərbaycanda keçirilən Avropa oyunlarının açılışında iştirak edib. Bu idman yarışı əsl mehribanlıq simvolu olub”.
2015-ci ilin Azərbaycan-Belarus parlamentlərarası münasibətlərin inkişafı baxımından məhsuldar olduğunu deyən diplomat bu il Belarusda prezident seçkilərinin, Azərbaycanda isə parlament seçkilərinin keçirildiyini xatırladıb. “Belarus Azərbaycanda Milli Məclisə keçirilən seçkilərə böyük nümayəndə heyəti göndərib. Beynəlxalq təzyiqlərə baxmayaraq, seçkilər açıq və azad şəraitdə baş tutub. İqtisadi uğurlar iki ölkənin münasibətləri üçün əsas təşkil edir. Biz həmişə birlikdə güclü olacağıq. İki ölkənin iqtisadiyyatı bir-birinə bağlıdır və bir-birini tamamlayır. Ötən il iki ölkə arasında ticarət dövriyyəsinin həcmi 260 milyon dollar olub. Bu göstəricini artırmaq niyyətindəyik", - deyə o vurğulayıb.