“Sədərək”dəki insidentlə bağlı rəsmi məlumat

“Sədərək”dəki insidentlə bağlı rəsmi məlumat

Bakı şəhər Prokurorluğu “Sədərək” Ticarət Mərkəzində baş verən insidentlə bağlı məlumat yayıb.

Aktual.az APA-ya istinadən xəbər verir ki, prokurorluqdan verilən məlumatda qeyd olunur ki, noyabrın 16-da paytaxtın Lökbatan qəsəbəsində fəaliyyət göstərən “Sədərək” ticarət mərkəzində qapıçı işləyən, əvvəllər məhkum olunmuş İsmət Bəkirovun qadağan edilmiş ərazidə siqaret çəkib yerə atması səbəbindən həmin vaxt orada xidməti vəzifələrini icra edən Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin Qaradağ rayon Mühafizə şöbəsinin polis nəfərləri - Şaiq Ağayev və Vüqar Qəmbərov ona yaxınlaşaraq bu barədə iradlarını bildirdikdə, o üstündə gəzdirdiyi bıçaqla V.Qəmbərovun bel nahiyəsindən, Ş.Ağayevin isə qarın boşluğundan daxilə nüfuz edən xəsarətlər yetirməklə onları qəsdən öldürməyə cəhd edib, lakin öz iradəsindən asılı olmayan səbəblərə görə cinayət əməlini başa çatdıra bilməyib. Zərərçəkmişlər aldıqları xəsarətlərlə bağlı DİN-in Hospitalına yerləşdiriliblər.

Fakta görə Qaradağ rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.2.3-cü (zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özünü və ya yaxın qohumunu qəsdən öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib, cinayətin aləti olan bıçaq maddi sübut kimi götürülüb və digər zəruri istintaq tədbirləri həyata keçirilib.

İ.Bəkirova Cinayət Məcəlləsinin qeyd edilən maddəsində nəzərdə tutulan ittiham elan edilərək barəsində rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda iş üzrə istintaq davam etdirilir.

Xəbər 544 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR