Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib.
Aktual.az xəbər verir ki, iclasda noyabrın 1-də Milli Məclisə keçiriləcək seçkilərdə səsvermə prosesində seçki məntəqələrində “web-camera”lardan istifadə məsələsində baxılıb.
MSK sədrinin müavini Natiq Məmmədov bildirib ki, müşahidəçilərin seçki prosesinə cəlb edilməsi prosesi olduqca önəmlidir. 2008-ci ildə Azərbaycanda ilk dəfə “web-kamera”lardan istifadə edildiyini deyən N. Məmmədov deyib ki, “web-kamera”lardan istifadə olduqca mühümdür və bu il də bu təcrübənin tətbiqi davam etdirilməlidir. O, qeyd edib ki, bu il 119 seçki dairəsinin 1000 seçki məntəqəsində kameralar quraşdırılması planlaşdırılır:
`Səsvermə kabinələri istisna olmaqla, bütün proseslər bu kameralar vasitəsilə izləniləcək. Seçki prosesi başlayandan sona kimi seçkiləri izləmək mümkün olacaq. Təklif olunur ki, qərarın icrası aidiyyatı qurumlara həvalə edilsin”.
Təklif səsverməyə qoyularaq qəbul edilib.
Daha sonra çıxış edən MSK sədri Məzahir Pənahov deyib. ki, bu ilin noyabrın 1-də keçiriləcək parlament seçkilərini izləmək 426 beynəlxalq müşahidəçi qeydiyyatdan keçib. Həmin müşahidəçilər 46 ölkəni təmsil edirlər. M.Pənahov qeyd edib MSK-da 3 mindən artıq yerli müşahidəçi, dairə seçki komissiyalarında isə 55 min 242 müşahidəçi qeydə alınıb.
Sonra seçkilərdə “exit poll” keçirmək istəyən qurumların müraciətinə baxılıb. “Rəy” Monitorinq Mərkəzinin müraciəti müsbət qiymətləndirilib və qəbul edilib.
Sonda bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilib.