“Seçkilər şəffaf, ədalətli, yüksək rəqabət şəraitində keçirilib” - Prezident

“Seçkilər şəffaf, ədalətli, yüksək rəqabət şəraitində keçirilib”   - Prezident

“Hörmətli deputatlar, xanımlar və cənablar. V çağırış Milli Məclis bu gün öz işinə başlayır. Bu münasibətlə sizin hamınızı ürəkdən təbrik edirəm”.

Aktual.az-ın Trend-ə istinadən məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev V çağırış Milli Məclisinin ilk iclasında çıxışı zaman deyib.

İlham Əliyev əminliyini bildirib ki, deputatlar ölkəmizin hərtərəfli inkişafına öz dəyərli töhfələrini verəcəklər, Milli Məclisin işi çox səmərəli olacaq və Azərbaycanın uğurlu inkişafı davam edəcək:

“Noyabrın 1-də keçirilmiş seçkilər Azərbaycan xalqının iradəsini tam ifadə edib. Seçkilər şəffaf, ədalətli şəkildə, yüksək rəqabət şəraitində keçirilib. Beynəlxalq müşahidəçilər, yerli müşahidəçilər bunu təsdiq ediblər. 500-dən çox beynəlxalq müşahidəçi, on minlərlə yerli müşahidəçi seçki prosesini və seçkilər gününü izləyiblər, müşahidələr aparıblar və ümumi fikir belə olub ki, bu seçkilər ən yüksək beynəlxalq standartlara cavab verir, Azərbaycan xalqı bu seçkilərdə öz iradəsini azad şəkildə ifadə edib. Xüsusilə Avropa Şurası Parlament Assambleyasının, MDB-nin və əlbəttə ki, digər beynəlxalq təşkilatların rəyini qeyd etmək istəyirəm”.

Dövlət başçısı vurğulayıb ki, seçkilərin nəticələrini eyni zamanda beynəlxalq təşkilatlar tərəfindən keçirilmiş rəy sorğuları da təsdiqləyir:

“Bir sözlə bu seçkilərdə Azərbaycan demokratiya yolunda növbəti uğurlu addım atıb və bir daha sübut edib ki, Azərbaycan demokratiyaya sadiqdir, Azərbaycanda bütün demokratik təsisatlar uğurla fəaliyyət göstərir, ölkədə bütün azadlıqlar təmin edilir, bütün azadlıqlar mövcuddur - söz azadlığı, siyasi fəaliyyət azadlığı, mətbuat azadlığı, sərbəst toplaşma azadlığı, vicdan, din azadlığı. Bu seçkilərdə əlbəttə ki, bir daha bütün bu azadlıqlar özünü biruzə verib. Eyni zamanda onu da qeyd etməliyəm ki, seçkilərin nəticələrinə son illər ərzində ölkədə gedən quruculuq prosesi də öz müsbət təsirini göstərib. Son illər ərzində Azərbaycan uğurla və sürətlə, hərtərəfli inkişaf edir və əlbəttə ki, Azərbaycan vətəndaşları bu reallıqları nəzərə alaraq seçkilərdə həm fəallıq göstəriblər, eyni zamanda ölkədə aparılan siyasətə öz səslərini bir daha veriblər”. 


Aktual.az

Xəbər 490 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR