18-20 aprel 2023-cü il tarixində Avstriyanın paytaxtı Vyana şəhərində "ATƏT İnsan Alverinə Qarşı Alyansın 23-cü Konfransı” keçirilir. Tədbirdə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə iştirak edən Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının sədri, 7NEWS.az saytının rəhbəri Səbuhi Abbasov konfrans çərçivəsində reallaşan side eventdə iştirak edərək erməni çıxışcıya cavab verib:
"Hörmətli xanımlar və cənablar! Çıxış üçün söz verdiyiniz üçün rəhbərlik etdiyim təşkilat adından təşəkkür edirəm. Bu gün olduqca vacib və əhəmiyyətli mövzunu müzakirə edirik. Məndən öncə çıxış edən məruzəçilər insan alveri mövzusuna toxundular. İnsan alveri əslində qul alverinin müasir formasıdır. İnsanlara alınıb-satıla bilən bir əşya kimi baxılır, onlar əsasən seks sənayesi, eləcə də kənd təsərrüfatı sahəsində tər tökməyə, qəpik-quruşa, çox vaxt isə tamamilə pulsuz məcburi işlərə cəlb edilirlər. Alver qurbanı kimi müəyyənləşdirilənlərin əksəriyyəti qadınlardır, lakin bəzən kişilər də alver qurbanına çevrilirlər. Bundan əlavə, zərər çəkənlərin çoxu gənclərdir, bəzən isə uşaqlardır. İnsan alveri sahəsində ən ciddi problemlərdən biri də işğal altında olan ərazilərlə bağlıdır. İşğal vaxtı əsir düşən insanlar da insan alverinin qurbanlarıdırlar. Onların taleyi barədə hələ də heç bir məlumat yoxdur. Bütün dünya bilir ki, Ermənistan Azərbaycanın 20 faiz torpaqlarını 30 il işğalda saxlayıb. Bundan başqa Qərbi Azərbaycandan, xüsusən də, Göyçə mahalından məcburi köçkün olan insanlar arasında onlarla, yüzlərlə itkin düşlər var idi. Bu gün onların taleyi ilə bağlı da heç bir məlumat yoxdur. Bu təkcə Azərbaycan üçün deyil, bütün dünya üçün ciddi təhlükədir. Azərbaycan bununla bağlı beynəlxalq təşkilatlara müraciət edib. Bu məsələyə baxışda ikili standartlar var. Aidiyyəti beynəlxalq təşkilatlar sözügedən zorakılığa, o cümlədən Ermənistan tərəfindən son 30 ildən artıq müddətdə azərbaycanlı hərbi əsirlərə və mülki məhbuslara, itkin düşən 3890 nəfər azərbaycanlıya qarşı zorakılıq faktlarını araşdırmalı və lazımi qiymət verməlidir. Mən çıxışımın sonunda Ermənistan nümayəndəsinin çıxışına münasibət bildirmək istəyirəm. Xatırlatmaq istərdim ki, Cənubi Qafqazda Dağlıq Qarabağ adlı heç bir inzibati ərazi yoxdur.Azərbaycan Respublikasında Qarabağ İqtisadi Zonası mövcuddur. Qarabağ Azərbaycandır.”
Məlumat üçün qeyd edək ki, sözügedən toplantıda ATƏT üzvü olan ölkələrin nümayəndələri – səfirlər, diplomatlar, beynəlxalq təşkilatların rəhbərləri, habelə hüquq müdafiəçiləri və ictimai-siyasi fəallar iştirak edirlər. Dünyanın ən nüfuzlu QHT və media nümayəndələrinin iştirak edəcəyi tədbirdə Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının sədri, 7NEWS.az saytının rəhbəri Səbuhi Abbasov da dəvət olunub. S.Abbasov 2015-ci ildən başlayaraq ATƏT və AŞPA-nın yüksək səviyyəli konfranslarında ölkəmizi təmsil edir. Səfər Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə reallaşır.
Xəbər 872 dəfə oxunub.