Sarsıntılar Dahisi... Mir Şahin: tərəfləri, qərəzləri, vicdanı və yaşı!

Sarsıntılar Dahisi...   Mir Şahin: tərəfləri, qərəzləri, vicdanı və yaşı!

Etiraf edirəm: Mir Şahindən ən obyektiv yazını yazmaq üçün... Məmməd Arazın 80 illiyindən yazdım və yalnız o ucalıqdan bildim ki, SÖZƏ XƏYANƏT ETMİŞ OLMARAM – hisslərim, emosiyalarım, qərəzim heç bir rol oynamaz.


Aydın Canıyev

SÖZ, EFİR VƏ SƏLAHİYYƏT SAHİBİ Mirşahin Mirdilavər oğlu Ağayev (Mir Şahin) üzdə göründüyü kimi, umulan, küsülən, ümid və etibar edilən, qapısı döyülən, ayağına gedilən ÜNLÜ PERSONA... deyil!

Ölkədə klonlaşdırılmış “mirşahinlər istehsalı” seriya ilədir. Hər kanalın ekranından və xəbər xəttindən gündə bir “mirşahin” axıdılır... – bu barədə ayrıca. Amma indi birbaşa deyək ki, Mir Şahin kimdir və biz ilin-günün bu vədəsində niyə məhz ilk olaraq O-nu hədəf aldıq?

İLK olmaq Onun alın yazısıdır! – İLK olaraq deyək ki, Onun ad gününə yazılmış yazıdır bu. Biz də taleyin qismətindən ilk iş günümüzü növbəti həftənin ilk gününə planladıq və MİR ŞAHİN ALINDI!

Mir Şahini arın-arxayın ekran dünyamızın arxivində də təsəvvür etmək olar – hazırda fəaliyyətdə olanların içərisində yeganə təmsilçidir ki, O... SÖZ, QƏLƏM, OXUCU, TAMAŞAÇI VƏ XALQ QARŞISINDA etməli olduğu, edə biləcəyi bütün xidmətləri göstərib!

Onun bu ölkəyə, bu xalqa və bu Vətənə nə vətəndaş, nə də peşəkar borcu qalmayıb.

Mir Şahin çoxdan İSTEFADA OLAN SÖZ SƏRKƏRDƏSİDİR. Istəyirsiniz MM – MediaMaqnat, istəyirsiniz yenə də MM – MediaMarşal, istəyirsiniz adının ilk hərfinə əlli M qoşun, xeyri yoxdur.

Faktiki adam teleməkanın monstrı olaraq missiyasını bitirdi – elə bir kadr və görüntü olmadı ki, Mir Şahin onu toza çevirməsin!

Mir Şahinlə bir vaxtda teleməkanda olmaq Fişerlə, Kasparovla eyni dönəmdə şahmatda çempionluq üçün mübarizə aparmaq kimi mənasız bir çaba!
Faktiki üzdə olanların hamısını camaatın gözü qabağında sıfıra vurmağı bacardı – ad çəkməklə qan qaraltmaq istəmirəm.

Və Mir Şahin kapitalı imicə, meydanı qalaya, SÖZÜ SƏRKƏRDƏLİYƏ ÇEVİRMƏK MƏHARƏTİNİN NÜMUNƏSİDİR – handa ki, adamlar imici kapitala, sərkərdiliyi sözə, qalanı meydana çevirməklə hər şeyi urvatdan saldılar!

Digər tərəfdən, Mir Şahin elektorat deyilən kontingenti düşünmədən və buna güc sərf etmədən, yalnız əlində olanlarının verdiyi imkanla üzə çıxdı!

ANS sistemində işləyənlər gözəlı bilir ki, ekran-efir liderliyi üçün orada bir elə də böyük təbəddülatlar və təbliğat aparatı işləmir və işləməyib də! Sadəcə, situasiyanı düzgün qiymətləndirmək, kollektivi mandrajda saxlamaq, informasiyaya informasiyanın sahibindən daha çox sahiblik etmək məharəti birinciliyi nəsib etmiş olub. Bu uğurun qazanılmasında da Mir Şahin FAVORİT olub – freylin və fraular ləbbeykdən və kütləvi səhnələr iştirakçılığından başqa bir kimsə olmayıblar.
Bəs buna Mir Şahin necə nail olub?

Mir Şahin bu illər ərzində hər şeyə özünün Tili (bir üzü), Paraleli (bir-biriylə birləşməyən qoşa üzü), (k)ü(n)ç-bucağı – dərəcəsi - 45, 90, bəzən 160 olan 360 dərəcəlik - və temperaturluq müstəvilərdə, fəzalarda NOVATORCASINA reveransı və performansı ilə, bir çox hallarda isə qərəzin və rəqabətin tələbatından tetraedr, pentaedr, paralelepiped, oktaedr şəbəkəsində labirint qurmaq səriştəsi, üstəlik də... ÖZÜNÜN TƏRƏF VƏ XƏTTİni dürüst bilməyi, seçməyi hesabına nail olub!

Mir Şahin savad və istedad baxımından tükənməz olsa da, novator deyil – amma və lakin novator olmayan Mir Şahin hamını qoz qabığına məhz ona görə qoya bili(b)r, biləcək ki, o həm də dahi oyunçudur, kombinatordur, SÖZLƏ OYNAYAN Mir Şahin UĞURUN SÖZLƏ yox, Siyasətlə olduğunu qat-qat zəif olduqlarından daha tez anladığı üçün şansını heç zaman qaçırmayıb.
Mir Şahinin “Hitler, Mussolini, Pinoçet” obrazını yaratdırıb, onu qətlə, terrora məruz qoymaq istəyənlər bir məqamı unudublar – O... GÜLLƏ MƏNZİLİndə deyil. İndi Ona GÜLü GÜNün günorta çağında da versən... ki... güllə(ə)ləyəsən... yaxın düşməz!!!

Mir Şahin ilğımdır – fərman iİlahinindir. Bu (tele)məkan Onundur! Ona verilib – Allahı, Rəhbəri və Taleyi tərəfindən!

Mir Şahin “obıvatel”lərin fetişləşdirdiyi “kumir” olaraq, “anındaca silinə bilər” yəqinində olanlar həddən artıq yanılırlar.
Baxın və düşünün... kimdir Mir Şahin?

Əgər düşmənsinizsə, düşməninizi qiymətləndirin ki, uda biləsiniz, yox, dostsunuzsa, dostunuzu imkanları çərçivəsində zora salın!!!

Fəqət... Mir Şahini mavi ekrandan hansı ölçüdə görürlərsə, elə o diapozonda da Ondan gileylənir, Ona daş atır, Ondan umur, Ona rəğbət bəslənilir.

Yanlışdır!

Adamın 50 yaşı var və 20 ildən artıqdır ki, xidmətinizdədir. Onun yaşında onun yerində olanlar çoxdan “pensioner”dir: ...Kiselyov, Svanidze, Mitkova, Sorokina və s və iləx.

Amma... Mir Şahin bu illərdə daha da“əjdaha”laşıb!

Bu dəqiqə “Yardımlı” deyilirsə, artıq nə Mir Mahmud Ağa Mirəlioğlu, nə Sabir Rüstəmxanlı, nə Musa Qasımov, nə də hətta böyük təsərrüfatçı Nərçə Ağayev və yaxud gözəl alim Fəzail İbrahimli... xatırlanmır. Bu gün Mir Şahin elə Yardımlı deməkdir!

Və bu gün Mir Şahin həm də elə Mir Mahmud Ağa Mirəlioğlu, Sabir Rüstəmxanlı, Musa Qasımov, Nərçə Ağayev, Fəzail İbrahimli deməkdir. Teleməkanın informasiya sektorunun üç nəhənginin biri Mir Şahinin özüdürsə, ikincisi özünün müəllimi Elman Gədikli-Şirbağırovdursa, o birisi, üçüncüsü... Anar Yusifoğlu Mir Şahini özünə müəllim sayır. Üç nəhəngin ifadəçisi olan Mir Şahin, əlbəttə ki, informasiya monopoliyasını əldə edə bilmiş, “etibarlı mənbə” etimadını qazanmaq və bu informasiyaya sahiblik haqqının etibar olunmasınacan votum göstərilməsi EKSTREMAL SİTUASİYALARDA milli qəhrəmanlığa bərabərliyəcən Mir Şahinin üstün peşəkarlıq kifayətlərinin göstəricisidir.

Mir Şahini bu olimpdə uzunömürlü edən həm də Mir Şahinə nəyin verilib, nəyin verilməməsinin nəticəsinin necəliyini izah etməyə hacət olmamağı bir yana, məhz Mir Şahinin rəyi əsasında cəmiyyət üçün informasiya tranşının qədəri müəyyənləşdirilir.

Bu... Onun istedaddan daha çox təşkilatçılıq, siyasi yetkinlik, müdriklik, dalğaların fəza və müstəvi nicbətində təhlükəsizlik herslərinin qədərini paylaşdırmaq məharətidir!

Mir Şahin silahdır – kim ələ ala bilsə, kimin əlində olsa!!! Iqtidar ya müxalifət, fərq etməz!

Bu gün prezident seçkilərində prezident olaraq İlham Əliyevi tərifləyən və təbrik edən Mir Şahin dünən eyni uğurla o efiri Mir Şahindən də çox hakimiyyətə yaxın olan Əli Kərimliyə tanıdı və yer verdi – “buyur, səni təhqir və ittiham edənlərə cavab ver”. Və bu gün həmin Əli Kərimli və tərəfdarları Mir Şahinə “girşahin” yazırsa, eyni “həyayla” sabah da, dünən olduğu kimi, ən qərəzsiz, ən vicdanlı kanal kimi, Mir Şahinə “Ağa” deyib elçi düşəcək.

Mir Şahin müxalifətin zəif sifəti, iqtidarın gücüdür!


Amma bir məqam var ki.. ANS həm də qulağında sırğa olmaq şərtiylə anladılmış bir təpkinin altındadır - Mir Şahin istənilən an tapdana bilər!

Mir Şahin iqtidarın qələbəsini nəinki xaricdəkilərə, hətta bizim özümüzə də sübut edə bilər və lazım gəlsə... əksini də.

Onu söyənlər də Onu sevir, Onu öyənlər də onu söyür - sadəcə, müxtəlif situasiyalarda müxtəlif cür. Və mən qəhqəhəylə deyirəm: “GÜZGÜ”nü - Mir Şahini niyə söyürsünüz? Mir Şahin SİZİN ÖZÜNÜZSÜNÜZ həm də - bunu anlamadıqca, yumşaq desəm, “çətinlik” davam edəcək!!!

Etiraf edək ki, istər müxalifət, istər iqtidar, çox çalışşsalar da ki, Mir Şahinə alternativ yaratsınlar, alınmadı. TAM FİASKO!!!

Klonlaşdırılmışlar müvafiq və lazımi effekti verə bilmir və verə də bilməz! – bax, buna görə yazının əvvəlində deyirdim: “Hər kanalın ekranından və xəbər xəttindən gündə bir “mirşahin” axıdılır”...

Bu gün ANS və Mir Şahin varsa, xalqın razı hissəsi razıdırsa, buna görə iqtidara təşəkkür etməliyik!

Bu gün ANS və Mir Şahin varsa, xalqın narazı hissəsi ANS-dən və Mir Şahindən narazıdırsa, yenə də iqtidara minnətdar olmalıyıq.


Çünki ANS telekanalların içində demokrat imicini beynəlxalq aləmdə və xalq arasında ƏLDƏ ETMİŞ KANALDIR. Etiraf OLUNMUŞ KANALDIR!
Buna görə... arada “cin”ə də “şeytan” demək istəyəndə alınmır!


Bu gün Mir Şahini siyasi yöndən və əqidə baxımından söyənlər, öyənlər heç bir halda o sualı özlərinə verməyiblər ki, axı... Mir Şahin və yaxud da ANS harda, haçan öhdəçilik götürüb ki, məhz AXC-nin və yaxud Müsavatın, yainki YAP-ın birmənalı təbliğatçısı olar...


A balam, deməyib SÖZÜN VƏ HƏQİQƏTİN KEŞİYİNDƏ OLACAĞIQ, xalqa operativ informasiya verəcəyik? Dediklərinə əməl etmirlər ki? Əməl edirlər, xırdaçılığa varmadan deyim – tutuşdurun, görün ən operativ, tərəfsiz və qərəzsiz ilkin materialı, xammalı kim verir? Əlbəttə... ANS. O ayrı söhbətdir ki, sonra versiyalar yayılır, yayımlanır.


Bunu sonradan vərəvurd etmək üçün alim olmaq laızm deyil ki?


ANS YEGANƏ SƏMİMİ KANALDI Kİ... emblemində sifətlərinin sayını, dəyişmə bucaqlarını, azimutlarını dəqiq göstərib – mən biləni, kubşəkili emblemdə ayrı çalarları axtarmağa ehtiyac olmaz: kubun biri iqtidar, biri müxalifət, biri də ANS! Baxın... alındımı “tərəfsiz, qərəzsiz və vicdanlı” – “iqtidarlı-müxalifətli-ans-li” hamı bir yerdə.


YAZIYA SÖZARDI: Mir Şahinin ad günündən sonra ANS-in də ad günü oldu və həqiqət də belədir ki, Azərbaycan teleMƏKANınDA əvvəl Mir Şahin olub, sonra ANS!!! Və... ANS-dən sonra da, ANS olmayanda da... Mir Şahin olacaq!


Çünki Mir Şahin o dərəcədə ürəyimizin içinə girib, ürəyimizin elə əlçatmaz yerindədi ki, onu oradan hətta nifrətlə(rlə) də çıxarıb atmaq olur!!! Bir vaxtlar özünü sevdirən Mir Şahin özünü sevdirəndə də sarsıdıb sevdirib!!!


Sarsıntılar Dahisi – “Bizləri” deyib danışanda da “BİZLƏRƏ SEVGİSİ” ilə bizi sarsıdan DAHİ, “DÜŞMƏNİ” deyib bizi susduranda da “DÜŞMƏNƏ DƏSTƏYİ” ilə bizi pərişan edib sarsıdan DAHİ!
SARSINTILAR DAHİSİ...


ƏN NƏHAYƏT: Ad günündə, - nə qədər olmasa da, 50 yaş bir o qədər də diqqətdən yayınılası yaş deyil, - nə iqtidar, nə müxalifət bir “görüm-baxım” eləmədilər! Mən də gözlədim. Təəssüflərlə günləri ötüşdürdüm!!! Bu qədər laqeydliyi gözləməzdim. Hətta mənim həbs səhnəmi 10 (ON) gün XƏBƏRLƏRİN BÜTÜN İNFORMASİYA BURAXILIŞLARINDA rüsvayçı şəkildə yayımlamış bu kanalın patoloji nifrətinin səbəbini mən “qalib gəlmiş qüvvələrin təntənəsi” sayaraq, yenə də ANS-i ÖZÜMÜZÜN, XALQIMIZIN bilərək, “günahı” özümdə görərək... düşünmüşdüm ki, MƏN QALİB OLSAYDIM, ANS məni təbliğ edərdi!
Bəli... ANS-i Mir Şahin olaraq ona görə dəyərləndirdim və dəyərləndirirəm (həm də hamılıqla dəyərləndirməliyik) ki, QALİBLƏRİN ADAMI, MƏKANIDIR! Məhz bu rakursdan baxıb, məğlub durumdaykən, üz çevirib getməkdənsə, düşünmək lazım: “Sizi qalib görmək istəyəni nə təhər qiymətləndirmirsiniz ki?! Sizin olmağınızı istədiyiniz adamı niyə məğlubiyyətlər burulğanına, bataqlığına “xoş gəldin”də bulunmaq istəyirsiniz ki?”

Təəssüf etdim!!!


Bir-iki xoş söz deyildi, səsləndi – o da dostlardan...


Bir-iki şeiri yayıldı – o da bir-iki arıq-yoluq saytda...


Bir-iki təbrik yazıldı – o da colma-cocuq qəzetlərdə...


UNUTMAYAQ: bu gün məğlubluğumuzdan yana, görməzlikdən gəldiyimizə... sabah MÖHTƏŞƏM qələbəmizi səsləndirməyə üz tutanda... bizə indi bizim Mir Şahinə baxdığımız kimi baxacaqlar – gör e... kimlər bu qələbəni səsləndirir!!! Əgər o da... o qələbə də olsa!!!


Bu qədər SARSIDICI! DAHİYANƏ SARSINTI!!!


NOTA-BENA: Mir Şahin həm də... SÖZÜNÜN AĞASIdır – SÖZÜMÜZÜN AĞASIDIR! Razılaşmasaq da belədir, razılaşsaq da... hələ ki onu təkzib edə bilən olmayıb, bəyənmədiklərinə, qəbul etmədiklərinə, lap belə söydüklərinə baxmayaraq!!!

Xəbər 8389 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR