Sarkisyanın növbəti kələyi

Sarkisyanın növbəti kələyi

Ermənistan prezidenti Serj Sarkisyan ölkənin idarəçiliyini öz əlində cəmləmək məqsədilə konstitusiya islahatları həyata keçirir.

Avqust ayında prezidentin parlamentə göndərdiyi və bu günlərdə qəbul olunan layihə Ermənistanda ciddi etirazla qarşılanıb. Ermənistanın ən müxalif bölgəsi sayılan Gümrüdə konstitusiya islahatlarına etiraz olaraq aksiyalar keçirilir. Aksiyaların kütləvi xarakter alacağı, paytaxt Yerevana və digər regionlara sirayət edəcəyi gözlənilir. 

Xatırladaq ki, konstitusiya islahatları hökuməti formalaşdırmaq səlahiyyətlərini parlamentdə üstün səs çoxluğuna malik siyasi partiyaya verir. Mütləq üstünlük olmadığı təqdirdə parlament seçkilərinin ikinci turu keçirilir, bu dəfə səslərin ən çoxunu qazanmış iki partiya və ya partiya bloku iştirak edir. Parlamenti formalaşdıran partiya ölkənin baş naziri vəzifəsinə namizəd irəli sürür və ciddi islahatlar aparmaq imkanına yiyələnir.

Daha bir yenilik isə prezidenti xalqın deyil, deputatların seçməsi ilə bağlıdır. Özü də prezidentə çox məhdud səlahiyyətlər verilir. Silahlı qüvvələrə prezident deyil, baş nazir komandanlıq edir. Ölkə prezidenti isə yalnız bir dəfə - özü də yeddi il müddətinə seçilir.

Dəyişikliklər paketinə nəzər saldıqda aydın görmək olur ki, Sarkisyanın bu islahatları həyata keçirməkdə üç əsas məqsədi var.

Birinci məqsədi, heç şübhəsiz, özü haqqında demokratik imic yaratmaq, Qərbə bağlı təsisatlara siyasi islahatlar apardığını nümayiş etdirməkdir. Guya ki, prezident olaraq ciddi səlahiyyətlər arzusunda deyil və iki dəfə yox, bundan sonra yalnız bir dəfə hakimiyyətdə qalmaq niyyətindədir.

İkinci məqsədi bu dəfə prezident yox, baş nazir olaraq fəaliyyət göstərməkdir. Ssenari sadədir: özünə bağlı və “sözəbaxan” bir şəxsi prezident gətirir. Həmin prezidenti xalq yox, özünün formalaşdırdığı parlament seçir. Özü də cəmi bir dəfəlik müddətə. Yəni Sarkisyan bununla özünü sığortalamış olur. Ordunu da əlində saxlayır. Hansı prezident ki, onun iradəsinə qarşı çıxacaq, əvvəlcə özünün seçdirdiyi deputatlar yolu ilə impiçment tətbiq edir, bu da alınmasa rəhbəri olduğu ordunu ona qarşı qaldırır. Bu halda yeni prezident də məcburdur ki, Sarkisyanın “əl buyruğu” olsun.

Üçüncü və ən əsas məqsədi bu yolla xalqın etirazlarını səngitməkdir. “Qarabağ klanı”nın əsas fiqurlarından olan Serj Sarkisyanın işğalçılıq siyasəti, Dağlıq Qarabağ münaqişəsində tutduğu ədalətsiz mövqe nəticəsində ölkəsini faktiki blokadaya salması, Ermənistanda hökm sürən iqtisadi böhran, ermənilərin kütləvi şəkildə mühacirətə axışması, öz ölkələrində minimal ehtiyaclarını ödəyə bilməməsi, Avropada müəyyən təsir imkanlarına malik erməni lobbisinin ondan üz döndərməsi Sarkisyanı çıxılmaz duruma salır. Başa düşür ki, proseslər bu şəkildə davam edərsə, gec-tez hakimiyyəti itirməli olacaq. Bunun qarşısını problemləri həll etmək yolu ilə deyil, siyasi riyakarlıqla almağa çalışır. Xalqa mesaj verir ki, guya hakimiyyətdən getmək niyyətindədir. “Sizin prezidentiniz var, etirazları ona yönəldin” rəyini yaratmaqla, “qurbanlıq qoyun” hazırlayır.

İstənilən halda, Sarkisyanın addımları və çıxışları Ermənistan ictimaiyyətində ölkənin siyasi gələcəyi ilə bağlı narahatlığı və çaşqınlığı artırır. Aydın şəkildə məlum olur ki, Sarkisyan rejimi hələ uzun illər hakimiyyətdə qalmaq istəyir. Baxmayaraq ki, ölkəsini düşdüyü böhrandan çıxarmaq üçün heç bir iş görmək və əməli addımlar atmaq iqtidarında deyil.\trend

Aktual.az

Xəbər 585 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR