Sumqayıt Apellyasiya Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Qüdrət Kərimovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Aktual.az report-a istinadən xəbər verir ki, hakim Vidadi Cəfərovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, Q.Kərimovun apellyasiya şikayəti qismən təmin edilib, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilib. Belə ki, onun 14 il müddətinə azadlıqdan məhrumetmə cəzası 13 ilə endirib.
Qeyd edək ki, ötən il fevralın 2-də Abşeron rayonunun Saray qəsəbəsində yaşayan Kamran Babayev evinin qarşısında boyun və kürək nahiyəsindən aldığı güllə yaraları ilə xəstəxanaya gətirilib. Abşeron Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri ilə xəsarətin ona qonşusu, həmyerlisi Q.Kərimov tərəfindən "Makarov" markalı tapançadan iki dəfə açılmış atəşlə qətlə yetirilməsi müəyyən edilib.
K.Babayev aldığı xəsarətlərdən fevralın 6-da xəstəxanada vəfat edib.
Polis və prokurorluq əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində Q.Kərimov tutularaq istintaqa cəlb olunub.
O, Cinayət Məcəlləsinin (CM) 120.1-ci (qəsdən adam öldürmə) və 228.1-ci (qanunsuz olaraq odlu silah əldə etmə, saxlama və daşıma) maddələri ilə ittiham olunub.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Q.Kərimov 14 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib. O, hökmün dəyişdirilməsini, cinayət əməlinin CM-nin 120.1-ci maddəsindən həmin Məcəllənin 122.1-ci (qəflətən baş vermiş güclü ruhi həyəcan vəziyyətində qəsdən adam öldürmə) maddəsinə tövsif edilməsini və ona həmin maddələrin sanksiyası həddində ədalətli cəza təyin edilməsini xahiş edib.
Aktual.az
Xəbər 670 dəfə oxunub.