Azərbaycan əsilli, tanınmış britaniyalı müğənni Sami Yusuf yeni albomunun hazırlıqlarına başlayıb.
Müğənni albomun ilin sonunadək təhvil veriləcəyini bildirib.
S.Yusuf yeni albomunun "Ecstasy” ("Ekstaz") adlanacağını da deyib: "Qəribə bir çağırışa sahib olduğu üçün bu adı qəsdən seçmişik. İnsanlar bunun bir dərman olduğunu düşünür, amma, əslində, ekstaz insanların mənəvi bir təcrübədən keçərkən əldə etdiyi və ya çatdığı bir vəziyyətdir”.
Sənətçi vurğulayıb ki, yeni albomunda Azərbaycanın xalq artisti, tanınmış muğam ustadı Alim Qasımovla yanaşı, tanınmış dünya musiqiçiləri ilə də əməkdaşlıq edəcək.
Alim Qasımovun mətbuat katibi Səadət Möhübova məlumatı təsdiqləyib: "Bu barədə sənətçilər arasında Şamaxıda keçirilən Nəsimi festivalında ayaqüstü bir söhbət olub. Biz davamını gözləyirik. Təklifdən sonra Alim Qasımov əməkdaşlıq barədə düşünəcək".
Xatırladaq ki, ilk albomu "Al-Muallim”lə məşhurlaşan Azərbaycan əsilli Sami Yusuf eyni zamanda BMT-nin sülh elçisidir. Dünyaca məşhur müğənni və bəstəkar "Time” jurnalı tərəfindən "İslamın ən böyük rok ulduzu” və "Dünyanın ən məşhur ingilis müsəlmanı” elan olunub.(report.az)
Xəbər 842 dəfə oxunub.