Şair və yazıçılar bu yay harada dincəlir? - SORĞU

Şair və yazıçılar bu yay harada dincəlir? -   SORĞU

Yayın gəlişi ilə söz adamlarının şəhərdən köçü başlayır. Hərə bir tərəfə, heç kəsin onun rahatlığına kölgə sala bilməyəcəyi bir məkana üz tutur. Təki bir müddət nə maşın siqnallarının səsini eşitsin, nə də darısqal küçələrdə saatlarını itirsin. 

Aktual.az aznews.az-a istinadən söz adamlarının harada istirahət etmələri ilə bağlı sorğunu təqdim edir. 


Xalq şairi Fikrət Qoca: “Nə bağdayam, nə də rayonda, Bakıda öz evimdəyəm. Elə istirahəti də burada yola verəcəyəm”.


Şair Musa Yaqub: “İsmayıllıda, Buynuz kəndindəyəm. İstirahət üçün ata yurdumdayam. Gələnim-gedənim çox olur, bəzən özüm də qonaq gedirəm. Bir də şəhərə sentyabrın sonu qayıdacağam. Bir ara Gürcüstana, Türkiyəyə getdim, müalicə olundum. Sonra yenə kəndimə qayıtdım. İstirahət üçün Türkiyəyə, Gürcüstana getməyə ehtiyac yoxdur”. 


Yazıçı Əkrəm Əylisli: “Hələlik Bakıdayam, şəhərdə görüləsi işlərim çoxdur, onları tamamlayım, sonra baxaram”.


Xalq yazıçısı Mövlud Süleymanlı: “Şamaxıda ev tikdirmişəm. Hər il istirahət vaxtı ora-bura üz tuturduq, yollarda qalırdıq. Bundan sonra istirahət üçün ancaq Şamaxıdakı evimə gedəcəyəm. Bir də şəhərə avqustun sonlarında qayıdacağam”.


Nəğməkar şair Baba Vəziroğlu: “İsmayıllıda Buynuzda olacağam. Bundan sonra Göyçay çayı, Baba dağı və Musa Yaqubun qonşuluğunda olacağam”.


Şair Şərif Ağayar: “İsmayıllıda olacağam. Bir dostum var, ailəvi dəvət edib. Həm də orada qohumlarım var. Belə rahatdır mənə”.


Gənc şair Aqşin Yenisey: “Mən heç vaxt iş və istirahət haqqında illik cədvəl tutmuram. İstirahət üçün təsadüfən harasa yollananda da evə yorğun-arğın qayıdıram. Gündəlik həyat məni heç vaxt yormur. Ona görə də ənənəvi standartlara cavab verməyən həyatımı yaşamağa davam edəcəyəm”.


Gənc yazar Günel Mövlud: “Yay başlayandan bəri hamı dincəldiyi yerlərdən və ölkələrdən danışır. Açığı, gərgin iş qrafiki hələ dincəlməyə və ya harasa getməyə imkan verməyib. Amma tənbəllər də yorulur. Mən də düşündüm ki, yorğunluğu çıxarmaq üçün bir az hava və təbiət ziyafətinə ehtiyacım var. Bu səbəbdən piknikə getməyi qərara aldım”.


Yazıçılar Birliyinin mətbuat katibi Xəyal Rza: “Hələki ölkəmizin bölgələrini gəzirik. Amma böyük ehtimalla Avropa səfərləri də olacaq. Mənim üçün olmadığım xarici ölkəyə 1 günlük səfər bir aylıq istirahətə bərabərdir”.


Şairə Nazilə Səfərli: “Biz artıq bu yayda bir neçə məkanlarda olmuşuq. Avropada olmaq istərdim”.

 
Xəbər 2534 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR