Elxan Süleymanovun təşəbbüsü ilə şair-dramaturqun əsərlərindən ibarət "Nəğmə dolu ürək” adlı kitabı çap olundu və təntənə ilə təqdim edildi
Ötən il Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə ithaf olunaraq nəşr edilən Göyçay Ensiklopediyası hazırlanarkən Göyçayın ünlü ədiblərindən olan şair dramaturq İsgəndər Çoşqun ((31.8.1927, Göyçay ş. – 10.12.1996, Bakı ş.) barədə məlumatları, onun əsərlərini toplamaq heç də asan olmamışdı. Kifayət qədər yaddaqalan, məşhur mahnıların sözləri olan şeirləri, səhnə yaradıcılığı olan İsgəndər Coşquna münasibətdə belə halla üzləşmək üzücü idi.
Elə həmin vaxtda Ensiklopediyanın təşəbbüskarı, ideya müəllifi olan Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) prezidenti Elxan Süleymanov İşgəndər Coşqunun həyat və yaradıcılığı əks etdirən kitab hazırlanması qərarını vermişdi.
Kitab qısa müddətdə hazır oldu və 19 aprel 2024-cü il tarixdə AVCİYA-nın "Göyçay Ensiklopediyası”nın davamı olaraq nəşr etdirdiyi, görkəmli şair-dramaturq, teatr xadimi, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi olmuş İsgəndər Coşqunun əsərlərindən ibarət "Nəğmə dolu ürək” kitabının təqdimetmə mərasimi keçirildi.
Tədbir başlamazdan öncə Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət edildi, onun heykəli önünə çiçəklər qoyuldu.
Heydər Əliyev Mərkəzində Ulu Öndərin həyat və fəaliyyətini, Göyçay rayonuna səfərlərini əks etdirən foto sərgiyə baxış keçirildi.
Göyçay rayon Heydər Əliyev Mərkəzində keçirilən təqdimat mərasimində rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev, AVCİYA prezidenti Elxan Süleymanov, filologiya elmləri doktoru, professor Asif Hacılı, Azərbaycanın görkəmli teatr və kino aktyoru, Azərbaycan Respublikasının xalq artisti, "Əmək” ordenli Tariyel Qasımov, Azərbaycan Respublikasının Əməkdar Artisti Ədalət Məmmədov, şair İsgəndər Coşqunun ailə üzvləri, rayon ictimaiyyəti iştirak edirdi.
Kitabın təqdimetmə mərasimində Göyçay Rayon İcra Hakimiyyəti başçısının müavini Zivər Zeynalova çıxış edərək, Ensiklopediyadan sonra İsgəndər Çoşqunun əsərlərindən ibarət kitabın dərcinin Göyçaya, rayonun ictimaiyyətinə, ədəbi mühitinə böyük töhfə olduğunu diqqətə çatdırdı.
Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) prezidenti, kitabın ideya müəllifi və naşiri Elxan Süleymanov İsgəndər Coşqunla uzun illər dostluq etdiyini bildirdi, onunla bağlı xatirələrini bölüşdü. E.Süleymanov bildirdi ki, İsgəndər Coşqun kimi səmimi, saf ədiblər az-az dünyaya gəlir: "O, çox böyük bir şəxsiyyət, əvəzsiz qələm və ürək sahibi idi. Mən onun dostu və göyçaylı kimi özümə borc bildim ki, İsgəndər Coşqunun yaradıcılığını maksimum geniş şəkildə bir kitabda toplayaq, belə bir böyük şairi unudulmağa qoymayaq”.
Elxan Süleymanov tədbirin yüksək səviyyədə baş tutmasında göstərdiyi dəstəyə görə rayon rəhbərliyinə minnətdarlığını bildirdi.
Daha sonra kitabın tərtibçisi və elmi redaktoru filologiya elmləri doktoru, professor Asif Hacılı, uzun illər teatrda şairlə birlikdə çalışmış Azərbaycanın görkəmli teatr və kino aktyoru, Azərbaycan Respublikasının xalq artisti, "Əmək” ordenli Tariyel Qasımov, respublikanın Əməkdar Artisti Ədalət Məmmədov, əməkdar mədəniyyət işçisi Rafiq Rəhimli, şair Ətraf Sərraf, jurnalist, "Yeni Müsavat” qəzetinin redaktoru Elşad Məmmədli, şair-publisist, pedaqoq, Əməkdar müəllim, Azərbaycan Yazıçılar Birliyinin üzvü Adil Məmməd çıxış etdilər. T.Qasımov, Ə.Məmmədov, Rafiq Rəhimli İ.Coşqunla bağlı canlı şahidi olduqları hadisələri danışdılar, onun yaradıcılığını əks etdirən kitabın dərcinin mühüm bir hadisə olduğunu bildirdilər.
Şairin qızı, hazırda İsveçdə yaşayan, diaspor liderlərindən olan Aygün Coşqun çıxışında bir müddət əvvəl atasının şeirlərini bir kitabda dərc etdirmək haqda düşündüklərini dedi: "Ancaq bizim buna gücümüz çatmadı. Təsəvvür edin, bundan bir neçə ay sonra mənə zəng gəldi, dedilər atanın kitabı dərc olunacaq. Sanki Elxan Süleymanov bizim ürəyimizi oxuyubmuş. Bu nəcib işə görə ona ailəmiz adından dərin təşəkkür edirik”.
Elşad Məmmədli çıxışında dedi ki, bu tədbir əslində dostluğa sədaqətin və böyük söz sahiblərinin heç zaman unudulmamasının təsdiqi kimi başa düşülməlidir: "28 il sonra dostunu unutmamaq, onun kitabını dərc etdirmək nümunə, örnək bir addımdır”.
Şairin nəvəsi Zərifə Hümbətzadə İsgəndər Coşqunun poeziyasına göstərilən diqqətə və kitabın ərsəyə gəlməsində əziyyəti olanlara öz dərin təşəkkürlərini bildiriblər.
Çıxışların sonunda məktəbli, qiraətçilər Nuray Səmədzadə "Hər Vətən deyəndə mən" və Qədir Məmmədov isə "Olaydım" şeirlərindən parçalar səsləndirib və rayon Mədəniyyət Mərkəzinin musiqiçilərinin ifasında şairin sözlərinə bəstələnmiş mahnılar oxuyublar.
İsgəndər Coşqunun əsərlərinin külliyatından ibarət "Nəğmə dolu ürək” kitab tədbir iştirakçılarına hədiyyə olundu.
Yekunda İsgəndər Coşqunun Əli Kərim parkında yerləşən məzarı ziyarət olundu.
Musavat.com