“Formula-1” yarışlarının keçirilməsi ilə əlaqədar Bakı Metropolitenin “İçərişəhər” və “Sahil” stansiyalarının bağlanacağı barədə məlumatlar yayılıb.
Bir sıra şirkətlər işçilərinə bununla bağlı xəbardarlıq mesajları göndəriblər.
Bakı Metropoliteni QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev “İçərişəhər” və “Sahil” stansiyalarının bağlanmayacağını deyib. Onun sözlərinə görə, yayılan məlumatlar yalnışdır.
“Biz bir neçə gün öncə açıqlama vermişdik ki, Bakı Metropoliteni gücləndirilmiş iş rejimində çalışacaq. "İçərişəhər", "Sahil", "28 May" stansiyaları saat 02:00-a qədər açıq olacaq. Qeyd olunan iki stansiyanın bağlı olacağı barədə məlumatlar yalandır. Digər stansiyalar 00:00-da sərnişinlərin girişi üçün bağlanacaq. Lakin çıxış sərnişinlər üçün açıq qalacaq”, - deyə N.Paşayev vurğulayıb.