Yalnız Azərbaycanın bölgələrində fəaliyyət göstərəcək sahibkarlara lisenziya 50 faizlik endirimlə təqdim ediləcək.
Aktual.az-ın Trend-ə istinadən məlumatına görə, bu gün Milli Məclisin plenar iclasında "Dövlət rüsumu haqqında" qanuna müvafiq dəyişiklik təsdiq edilib.
Dəyişikliyə əsasən, 50 faizlik endirim regional tele- və radioyayım üçün lisenziyalara şamil edilmir. Endirim, həmçinin fəaliyyətini həm Bakıda, həm də ölkənin bölgələrində aparan sahibkarlara aid edilmir.
Bundan başqa, lisenziyalaşdırılan sahibkarlıq fəaliyyətinin bir neçə alt növünün eyni vaxtda həyata keçirilməsi üçün müraciət edildikdə, həmin alt növlərdən biri üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi dövlət rüsumu ödənilir. Bu zaman həmin alt növlər üçün müəyyən edilmiş rüsumlardan ən yüksək olanı ödənilir.
Lisenziyalaşdırılan sahibkarlıq fəaliyyətinin müvafiq növü üzrə bir və ya bir neçə iş və xidmətlərin həyata keçirilməsi üçün müraciət edildikdə, iş və xidmətlərin sayından asılı olmayaraq həmin fəaliyyət növü üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi dövlət rüsumu ödənilir.
Lisenziya verildikdən sonra lisenziya sahibi lisenziyada göstərilən fəaliyyət növünü başqa obyektlərdə də həyata keçirmək və ya lisenziyanın əlavəsində göstərilməyən iş və xidmətlərlə məşğul olmaq üçün lisenziya əlavəsinin alınması məqsədilə müraciət etdikdə, obyektlərin və ya iş və xidmətlərin sayından asılı olmayaraq müvafiq fəaliyyət növünə lisenziya verilməsinə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi dövlət rüsumunun 50 faizi ödənilir.
Lisenziyanın yenidən rəsmiləşdirilməsi və bərpası üçün dövlət rüsumu ödənilmir.