Milli Məclisin sədri Sahibə Qafarovanın Pakistan İslam Respublikasına işgüzar səfəri çərçivəsində ölkə Senatının sədri Syed Yusuf Raza Gilani ilə görüşü olub.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən
Aktual.az-a verilən xəbərə görə, görüşdə ölkələrimiz arasında münasibətlərin dostluq və qardaşlıq prinsiplərinə söykənərək uğurla inkişaf etməsindən məmnunluq ifadə olunub.
Əlaqələrimizin yüksək səviyyəyə çatmasında ölkə liderlərinin qarşılıqlı səfərlərinin mühüm rol oynadığı diqqətə çatdırılıb. Bu münasibətlərin inkişafında parlamentlərin xüsusi roluna diqqət çəkən spikerlər, qanunverici orqanlarımızın həm ikitərəfli əsasda, həm də müxtəlif platformalarda əməkdaşlığını yüksək qiymətləndiriblər.
Söhbət zamanı Azərbaycan-Pakistan-Türkiyə Parlament Sədrlərinin Üçüncü Üçtərəfli görüşünün keçirilməsi münasibətlərimizin daha da genişləndirilməsinə töhfə kimi dəyərləndirilib, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.
Xəbər 40 dəfə oxunub.