Bu gün Bakı Apellyasiya Məhkəməsində hədə-qorxu gəlməkdə təqsirləndirilən şair Saday Şəkərli barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmənin ilkin baxış iclası təxirə salınıb.
Bu barədə şairin vəkili Bəhruz Bayramov bildirib.
Vəkilin sözlərinə görə, prosesin təxirə salınmasına səbəb S.Şəkərlinin səhhətində problem olmasıdır: "Saday Şəkərli səhhətində yaranmış problemlə əlaqədar Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürülüb".
Qeyd edək ki, 2015-ci il dekabr ayının 24-də Baş Prokurorluğun mətbuat xidmətinin yaydığı məlumata görə, Bakı şəhər sakini Saday Şəkərovun (Saday Şəkərli) külli miqdarda əmlak əldə etmək məqsədilə Vergilər Nazirliyinin vəzifəli şəxsi haqqında kütləvi informasiya vasitələrində ifşaedici, onu nüfuzdan salan, uydurma yazılar yazmaqla, barəsində rüsvayedici məlumatlar yayma hədəsi ilə tələb etdiyi 10 min manat məbləğində pulu almasında şübhələr üçün əsaslar olduğundan faktla bağlı Cinayət Məcəlləsinin 182.3.2-ci (külli miqdarda əmlakı hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanıb. S.Şəkərov iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona Cinayət Məcəlləsinin qeyd edilən maddəsində nəzərdə tutulan ittiham elan edilməklə, məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
Bu il may ayının 16-da Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə S.Şəkərli 10 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan şairin müdafiəçiləri B.Bayramov və Fəxrəddin Mehdiyev apellyasiya şikayəti verib. Şikayətdə S.Şəkərliyə bəraət verilməsi istənilib.//Report