Sabahdan Tarif (qiymət) Şurası tərəfindən təsdiq edilmiş daha 1122 dərman vasitəsinin yeni qiymətlərlə satışına başlanılacaq.
Aktual.az-ın APA-ya istinadən xəbərinə görə, sabahdan etibarən ümumilikdə 2282 dərman vasitəsi təsdiq edilmiş qiymətlərlə satışda olacaq.
İndiyədək Tarif (qiymət) Şurası tərəfindən dərman vasitələrinin ticarət adı, təsiredici maddəsinin adı, dozası, farmasevtik forması, ticarət qablaşdırması, qablaşdırma miqdarı, istehsal ölkəsi nəzərə alınaraq 3540 dərman vasitəsinin topdan və pərakəndə satış qiyməti və qüvvəyə minmə tarixi təsdiq edilib.
Dekabrın 21-dən etibarən isə daha 1258 dərman vasitəsinin yeni qiymətlərlə satışına başlanılacaq. Bununla da qiyməti təsdiq edilmiş 3540 dərman vasitəsi yeni qiymətlərlə satışda olacaq.
Qeyd edək ki, indiyədək qiymətləri tənzimlənmiş dərman vasitələrinin satışda olan qiymətləri ilə müqayisədə 46 %-nin qiyməti 2 dəfədən çox, 24 %-nin qiyməti 3 dəfədən çox aşağı salınmış, ümumilikdə 95 %-nin qiymətləri endirilib.
Tarif (qiymət) Şuranın müvafiq qərarlarına əsasən, hər qrup təsiredici maddələr üzrə yeni qiymətlərin qüvvəyə minmə tarixindən etibarən həmin qrupa aid olan, lakin qiymətləri təsdiq edilməyən dərman vasitələrinin satışı yalnız onların qiyməti təsdiq edildikdən sonra həyata keçirilə bilər.