May ayının 1-dən etibarən texniki baxışdan keçməyən MDB istehsalı olan avtomobillər cərimələnəcək.
Aktual.az Trend-ə istinadən xəbər verir ki, bu barədə açıqlamasında Daxili İşlər Nazirliyi (DİN) Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov deyib.
Qurum rəsmisi bildirib ki, qanunvericiliyə uyğun olaraq MDB istehsalı olan avtomobillərin texniki baxış müddəti aprel ayının sonuna qədərdir: "Qərara uyğun olaraq, avtomobillərin texniki baxışdan keçmə müddəti var. MDB istehsalı olan bütün avtomobillərin may ayının 1-dək texniki baxışdan keçməsi təsdiq edilmiş qrafik üzrə aparılır. May ayının 1-dən sonra isə digər ölkələrin istehsalı olan avtomobillərin texniki baxışı başlayır. 2007, 2009 və 2011-ci il buraxılışlı avtomobillər daxil olmaqla MDB istehsalı olan avtomobillərin texniki baxışdan keçirilməsi üçün avtomobillər diaqnostika mərkəzlərinə təqdim edilməlidir. Bu tələblər pozulacağı təqdirdə sürücü 50, 100 və 300 manat məbləğində cərimə olunur".