Sağ qalan pilot: "Qisas alacağam!" - VİDEO

Sağ qalan pilot:
  • DÜNYA

Rusiya prezidenti Vladimir Putin Türkiyənin Hərbi-Hava Qüvvələrinin F-16 qırıcılarının ölkə səmasına soxulandan sonra vurduqları Su-24 bombardmançısının heyətini, habelə həlak olmuş dəniz piyadasını təltif edəcək.

Vurulmuş təyyarənin pilotu, polkovnik-leytenant Oleq Antonoviç Peşkov ölümündən sonra Rusiya Qəhrəmanı adı ilə təltif olunub.

Təyyarənin ikinci pilotu, şturman Konstantin Valeryeviç Muraxtin və Su-24-ün pilotlarının xilasetmə əməliyyatına göndərilmiş dəniz piyadalarından biri Aleksandr Mixayloviç Pozinıçisə Rəşadət Ordeninə layiq görülüblər.

Aktual.az Milli.az-a istinadən xəbər verir ki, vurulmuş Su-24 bombardmançısının kapitanı Peşkov və şturman Muraxtin Suriyadakı "Hmeymim" aviabazasına Rusiyanın Lipetsk şəhərindəki aviadiviziyadan göndərilmişdilər.

Su-24 təyyarəsi Türkiyə səmasında vurulandan sonra onlar katapultdan istifadə ediblər, Suriyanın Latakiya bölgəsinin şimalındakı rayona paraşütlə enməyə başlayıblar.

Lakin pilotlar aşağıdan atəşə tutulublar.

Peşkov səmada həlak olub, Muraxtin isə yaralanıb.

Olaydan sonrakı bir sutka ərzində Muraxtinin taleyi barədə heç nə məlum deyildi.

Pilotları xilas etmək üçün təyyarənin düşdüyü bölgəyə "Hmeymim"dən Mi-24 və Mi-8 helikopterləri göndərilmişdi.

Suriya prezidenti Bəşər Əsədə qarşı vuruşan Azad Suriya Ordusunun döyüşçüləri Mi-8 helikopterini də atəşə tutublar və bu zaman rusiyalı dəniz piyadalarından biri həlak olub.

O, əslən Novoçerkassk şəhərindən olan Aleksandr Pozinıç idi.

Kapitan Konstantin Muraxtin indi "Hmeymim" bazasındadır. Rusiyanın müdafiə naziri Sergey Şoyqu baş verənlərlə bağlı deyib: "Şturman bazamızdadır və özünü normal hiss edir. Xilasetmə əməliyyatında iştirak edən bütün uşaqlarımıza minnətdarlıq edirəm. Onlar 03.40-da bu işi başa vurdular".

39 yaşlı Konstantin Muraxtin 17 ildir ki, hərbi aviasiyadadır.

K.Muraxtin "Aviadarts-2014" müsabiqəsinin qalibidir və mükafat qismində cip də alıb.

Şturmanın bibisi Yelenanın dediyinə görə, onun qardaşı, K.Muraxtinin atası da şturman, aviasiya polkovnik-leytenantıdır.

Dəniz piyadası Aleksandr Pozinıçın 29 yaşı vardı. Onun Novoçerkasskda xanımı və 5 yaşlı oğlu, ilk nikahdan qızı qalıb.

Dostu Aleksandr Baxçin söyləyib: "Aleksandr güləşlə məşğul olurdu, hərbi xidmətə çağırılanda da xüsusi təyinatlı qüvvələrə düşdü. Sonra müqavilə imzaladı və dəniz piyadası oldu. Şən, nikbin insandı. Komandirləri də ondan çox razı idilər".

A.Pozinıçın xidməti ilə bağlı informasiyaların tam əksəriyyəti "tam məxfi" qriflidir.

Onun cəsədi olan tabut artıq Krımda, hərbi hissədədir. A.Pozinıç Rostov-Don şəhərində dəfn olunacaq.

Pozinıçın dul xanımı, 28 yaşlı İrinajurnalistlərin suallarına cavab vermək istəməyib.

Rusiya Qəhrəmanı adı ilə təltif olunmuş mərhum pilot, Su-24-ün kapitanı Oleq Peşkov barədə də məlumat çox azdır.

Dünən Lipetsk şəhərində pilot anılıb. Şəhər meri Mixail Qulevski deyib: "Bizdə olan məlumata görə, Peşkovlar ailəsi bu yaxınlarda ipoteka ilə mənzil alıb. Məlumat təsdiqlənərsə, ipoteka borcunu tam ödəyəcəyik. Oleq Anatolyeviçin 8 yaşlı oğlu və 16 yaşlı qızı qalıb. Onların da qayğısına qalacağıq".

Rusiyanın Müdafiə Nazirliyi isə bu arada "Hmeymim" aviabazasında C-400 zenit-raket komplekslərini yerləşdirməyə başlayıb.

Bundan başqa, Su-24-ün pilotlarının xilasetmə əməliyyatına rusiyalı dəniz piyadaları ilə yanaşı, Livandakı "Hizbullah" hərəkatının "kommandos"larının da göndərildiyi bəlli olub.

...  "Təyyarəmizin vurulması bizim məhv olunmağımız demək deyil. Mən sağ qalmışam. Və təyarənin kapitanının qisasını alacağam. Sağalan kimi, həkimlər icazə verən kimi yenidən hərbi xidmətə dönəcək, uçuşlara başlayacağam. Komandanlıqdan da xahiş edəcəyəm ki, məni burada, aviabazada saxlasınlar. Komandirə görə borcu qaytarmalıyam", - K. Muraxtin deyib.

Xəbər 725 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR