Rövşən Lənkəranski - Bir ömrün İKİ QƏTLİ: Bəlli 18 avqust...

Rövşən Lənkəranski  - Bir ömrün İKİ QƏTLİ:  Bəlli 18 avqust...

Bəlli qətlin tarixi: 18 avqust 
 
Rövşən Canıyev natamam 42 illik ömründə BİLƏ-BİLƏ iki dəfə Rövşən Canıyevə atəş açıb da açdırdı!
"Qanuni oğrular"ın bizdən olanlarından
 
Bəxtiyar - öldürüldü;
Cavanşir - öldürüldü;
Hikmət - öldürüldü;
Məmməd ("Masallı Mamed") - öl(dürül)dü;
Mirseymur - öldürüldü;
Çingiz - öldürüldü;
Baxış - öldürüldü;
Vaqif - öldürüldü... və ən nəhayət sonucda... hələlik sonuncu öldürülən Rövşən Canıyev Lənkəranski oldu!
 
Adətən, "qanuni oğru"lar özləri dünyalarını dəyişirdilər. Adətən... 90-cı illərə qədər. 90-cı illərin əvvəllərindən başlayaraq onları həm hakimiyyət, həm də rəqibləri öldürməyə başladı. Hakimiyyətin "qanuni oğru"ların üstünə top-tüfənglə gedib niyə öldürməyə başlamasının səbəbini (guya da - A.C.) bilməsək də ("qanuni oğru" institutunun "ən böyük türməçi" Stalin tərəfindən NKVD-KQB əliylə formalaşdırılmasını nəzərə alsaq əgər - A.C.), rəqiblərin bunu nüfuz dairəsini genişləndirmək üçün etdiyi bəlli!
Və... nüfuz savaşı bitməyincə, "oğru dünyası"nın oturuşmuş kralı bəlli olmayınca, qətllər seriyasının da tükənməyəcəyi bəlli!
 
Kral öldü! Yaşasın Kral!
 
Avqustun 18-də 20 güllə yarası ilə həyatına son qoyulan Rövşən Canıyev Lənkəranski "oğru dünyasının kralı" olaraq da "taxt-tac" sahibliyinə yiyələnməyin bir addımlığında idi: "Ded Xasan"ın - Aslan Usoyanın öldürülməsindən sonra Tariel Onianini - Taronu addımbaaddım təqib edən Rövşən Lənkəranskini üfüqdə əbədi rahatlıq gözləyirdi. Fəth olunmuş Rusiyadan Avropaya "hello" deməyə sayılı anlar qalırdı! Fəqət bu "rahatlıq" ona ayrı cür nəsib oldu!
Bu qətl faktiki olaraq növbəti atəş səslərinə hamilə gündüzlər və gecələrin varlığına əmin edir: ən azından Rövşən Lənkəranskini son mənzilə yola salarkən "silahdaşları"nın Onun qəbri üstə içdikləri andları bunu qaçılmaz edir! Unutmamaq lazımdı ki, "oğru dünyası"nda nəinki andın, deyilən adi bir sözün sorunu olur!
 
Bir ömrün iki qətli
 
Ona QANUNİ VƏTƏNDAŞ adını ailəsi vermişdi - Rövşən!
Ona QANUNİ OĞRU adını rəhmətlik Mirseymur vermişdi!
Həm vətəndaş, həm də "oğru" adını ƏN YÜKSƏK SƏVİYYƏDƏ həm yaşadıb həm də öldürən, öldürtdürən də elə özü oldu!
 
QISA ARAYIŞ: Azərbaycan adqoyma mərasimi tarixinə Rövşən adı "Koroğlu" dastanından gəlir!
Və Rövşən Canıyev öz adını da, atasının adını da insanlıq və cinayətkarlıq tarixinə Koroğludan heç də zəif yazmadı!
Atasının qatilini qətlə yetirməyi belə onu hər iki dünyanın - sivil və kriminal aləmin yuxarı başında oturtmuşdu!
Rövşən Canıyev natamam 42 illik ömründə BİLƏ-BİLƏ iki dəfə Rövşən Canıyevə atəş açıb da açdırdı!
 
 
 
 
1975-ci il təvəllüdlü Rövşən Canıyevin 1996-cı ildə cəmi 21 yaşı vardı. Və ailəsinin imkanları, özünün intellekti, aldığı tərbiyə və təhsil ona imkan verirdi ki, o biri qardaşı kimi ali təhsil alsın, normal həyat yaşasın. Amma və lakin... amansızcasına və qəddarcasına qətlə yetirilmiş atasının qatilinin onunla eyni dünyada yaşaması onun qanı üçün deyildi.
Hardasa gözəl bir həyat qura biləcək Rövşən Rafiq oğlu Canıyevi - 21 yaşında özünü atasının ruhuna qurban verən qəhrəmanımızı - çox yox, cəmi iki ildən sonra azadlığa çıxan nümunə bir vətəndaş-oğulu bizlər bu gün də sevimli obrazında ömrümüzdə saxlaya biləcəkdik!
Dayanmaq olardı, "dur" demək olardı!
Yox! Bilənlər bilər, bilməyənlərə anlatmaq da yersiz: haqsızlığa qalib gələndə, onu dəfn edəndə İlahi bir həzz olur! Bax o həzz ADİ, SIRAVİ, ÖLƏRİ, MÜBARİZƏSİZ YAŞAYAN vətəndaşlar üçün deyil!
O həzzi dadan, məclisin və olduğu hər yerin "yuxarı baş" həşəmətini görən Rövşən Canıyev üçün ömrün ardını da elə Rövşən Canıyev kimi yaşamaq anlamının itirmişdi.
"Lənkəranski" olmaq şöhrəti qaş-göz oynadırdı! Bax o "Lənkəranski"nin atasıda, anası da, Allahı da, Salam Sarvan demiş, öz üstünə qoşun çəkən şah... Rövşən Canıyev oldu. Bilə-bilə ki... nəinki 21 il, hətta 21 saatdan sonra Lənkəranskini də öldürə biləcəklər, öldürəcəklər və... öldürdülər də!
Düz 21 il sonra!
Bir ömürdə iki dəfə 21 il-21il yaşamış iki Rövşən Canıyev haqqında nekroloq yazmaq asan deyil. Sadəcə, danışan ola - dostumu, qardaşımı, anasımı, silahdaşımı...
Danışmazlar!
Mən Rövşən Canıyevin anası Hacı Məsudə xanıma heyrət edirəm: bəlli bir qətlin tarixini 21 il səbrlə gözləyə bildi!
Eləcə də Rövşən Canıyevin şəcərəsinin bütün üzvlərinə heyranam - çünki hamı bilirdi ki, Rövşəni bir gün öldürəcəklər!
Çünki hamı bilirdi ki, Rövşəni həbs etmək bekara bir şeydi! Rövşəni həbs etmək elə öz evinə gəlmək kimi bir şeydi - türmə oğrunun evidi. Orda onun əziyyəti, isti-soyuq problemi, ac və tox qalmaq dərdi yoxdu!
Amma bilə-bilə ki, hər açılan gündə öldürülmək sürprizi var, bax, bunu mən bilmirəm necə çəkirlər.
Bir danışdıran, danışan olsaydı...
 
"Narahat olma, burda hamı özümüzünkülərdi"
 
Mənim rəhmətliklə iki dəfə şəxsən görüşüm olub uzaq 90-cı illərin əvvəllərində. Lənkəran bölgəsi üzrə zona müxbiri olanda. O dövrlər uzun-uzadı çörək növbələri vardı və un qıtlığıydı. Kənd avtobuslarının dayanacağında "Rafiqin pekarnısı" kimi tanınan bir sex vardı, səhv etmirəmsə, indi də qalır. Və mən... evdə unun qurtardığını, çörəyin olmadığını bildiyimdən, heç yerdən də çörək ala bilmədiyim üçün günün axırı olmasına baxmayaraq, evə getməyə utanırdım. Dayanacaqdan sexi seyr edərkən birdən ikinci mərtəbədə işığın yandığını gördüm. Birtəhər yuxarı qalxdım. Qarşılaşdığım ucaboy, cavan və yaraşıqlı, gözlərindən və sifətindən nur yağan, məndən də gənc bir oğlanla salamlaşıb bircə kəlmə dedim: çörək ala bilməmişəm, evə getməyə utanıram.İşçilərdən çörəyin qalıb-qalmadığını soruşdu. "Qalmayıb" dedilər. Otağından çıxmaq istəyəndə "gözlə, müəllim" dedi və... mənə pulsuz bir kisə un verilməsini tapşırdı. Gülə-gülə də əlavə etdi: "evdə yəqin çörək bişirə bilirlər". "Hə, anam təndirdə yaxşı çörək bişirir". Mənim kimliyimi soruşmadığı üçün, həm də birdən-birə 50 kiloluq un kisəsini bağışladığı üçün ruhlandım: "Yaxşılıq etdiyin adamı tanımaq da istəmirsən. Mən müxbirəm. Aydın Canıyev".
Heç vaxt unutmadığım təbəssüm dolu bir gülüşlə "nə yaxşılıq ki... əmimoğluna bir kisə un vermişəm də" söylədi.
 
 
SÖZARASI: Belə mərdliyi, alicənablığı ancaq və ancaq Lənkəranın köhnə kişiləri Qəzənfər Əliyevdən, Əmrəli Məmmədovdan, Firdovsi Rəhimovdan, Bəxtiyar Əliyevdən, Şakir Qəmbərovdan, Adil Məmmədovdan görmək olardı.
Mənə belə anlayış göstərən bu gəncin Rövşən Rafiq oğlu Canıyev olduğunu biləndə bir az da özümü "yaxın" göstərmək üçün onun əmisi oğlu Nizami Canıyevlə, əmisi, jurnalistika fakültəsində oxumuş ilk lənkəranlı Xudaqulu Canıyevlə dost olduğumu söylədim. Doğma və isti bir münasibətin təməli qoyulmuş kimi ayrıldıq.
Üstündən bir az keçmiş Lənkəran şəhər xəstəxanasında gördüm onu: "Əmioğlu, kimə nə demək lazımdırsa, hazıram". "Narahat olma, problem yoxdu, burda hamı özümüzünkülərdir. Xırda bir işim var, arayış alaram".
BALACA BİR ARAYIŞ: Sonralar mən nəinki xəstəxanalarda, polisdə, gömrükdə, məhkəmələrdə... hətta bazarlarda belə - hər yerdə hamının Rövşən Canıyevin özününküləri olduğunu gördüm!     
... Astara məhkəməsində Rövşənin atasının qatili Sovet Quliyevi güllələyib cəmi iki il iş almasını eşidəndə o arayışın nə üçün olduğunu... təxmin etdim!
Tale bir neçə dəfə düşdüyüm vəziyyətdə Rövşən Canıyevin adını hallandırıb. Mən məcbur olub demişəm:
 
"O "o dünyada" "vorzakon"dur, mən jurnalistikada"
 
Təbii ki, mən 1996-cı ildən sonra Rövşən Canıyevi - gördüyüm o şümal, yaraşıqlı, üzü və gözü nurlu oğlanı, dostumu, xeyirxahımı, "əmioğlu"mu görə bilmədim. Axtarmadım da... Çünki mənə edə biləcəyi yaxşılığı  - 50 kiloluq un kisəsini - çörəyi və "çörəyi" bir dəfə vermişdi! Day aclıq illəri də geridə qalmışdı!
Və mən artıq, jurnalist olaraq, Hikmət Sabiroğlu demişkən, "çempionlar liqası"nda oynayırdım - beynəlxalq miqyasda jurnalistlik edirdim. Rusiya Federasiyasının Xarici İşlər Nazirliyində akkreditasiya olub xaricdə yaşayan azərbaycanlılar üçün yazırdım.
 
Günlərin bir günü iri bazarlardan birinin rəhbəri ilə milli-etnik zəmində baş vermiş münaqişə ilə bağlı müsahibə almaq istəyirdim. Bazarın rəhbəriylə uzun çabalardan sonra görüşəndə kimliyimi soruşanda özümü yekə-yekə təqdim etdim: "Möhtərəm və möhtəşəm Aydın Canıyev". Həm tərəddüd, həm də təəccüblə məni qarşılayıb müsahibədən imtina edərək soruşdu ki, Rövşən Canıyevin qohumusan? "Yox" dedim. "O "o dünyada" "vorzakon"dur, mən jurnalistikada". Ağlı bir şey kəsməyən Məhərrəm Quliyev əvvəl 30 illik fransız konyakı, sonra pul təklif etsə də, heç nə götürmədim (etiraf edim ki, yazı "Ədalət" qəzetində gedəndən sonra Rusiyada azərbaycanlıların əməlli-başlı dayağı olan Məhərrəm bəy mənim yazımı layiqincə mükafatlandırdı - A.C.). Amma yazını yazacağıma söz verdim, bir şərtlə ki, yazdığıma qulaq assın. O ki qaldı niyə Rövşən Canıyevin qohumu olmadığımı belə kəsinliklə və aqressiv deməyimə, səbəbini soruşanda sadəcə dedim: mən hər yerə öz adımla gedirəm, qəbul etməyənlər sağ olsun. SƏBƏB isə o idi ki, mən dəqiq bilirdim: Rövşən Canıyevin vermədiyi, vermək istəmədiyi çörəyi onun adından qazanmağın axırı, elə əvvəli də, tapançanın atəşi ilə müşayiət olunur - şərhsiz.
Eyni taleyi türmədə də yaşamalı oldum. İsrarla qohumu olmadığını izah etməyə məcbur idim: çünki türmədə istənilən informasiyanı dəqiqləşdirmək "iki vur iki" qədər asandır - bu da şərhsiz!
 
"O hətta ukrainlərdən də sərrast atəş açır"
 
Çoxlarına qəribə gələ bilər ki, "oğru dünyası"nın nümayəndəsinə bu qədər diqqət hardandır demokratik və sivil cameə nümayəndələrində. Bircə kəlmə ilə ifadə edirəm: Rövşən Canıyev Lənkəranski mən gəzdiyim və gördüyüm Rusiyada Azərbaycandan olan hər bir azərbaycanlı üçün Rusiya boyda sığınacaq, çətir idi. Eləcə də Ukraynada! Eləcə də... və Rusiya Daxili İşlər Nazirliyində işləyən bir həmyerlimizin dediyi fikirlə təsdiqini verirəm: "Dünyada ukrainlər qədər tapançadan sərrast atan yoxdur, amma Rövşən onlardan da sərrast atır. Onunla hesablaşmamaq mümkün deyil".
Və....
Rusiyanın,
Ukraynanın,
Azərbaycanın,
hətta Birləşmiş Ərəb Əmirliklərinin qoruya bildiyi Rövşən Canıyev Lənkəranskinin - "böyük qardaşımızın"  İstanbulda - BÖYÜK QARSDAŞLARIMIZIN QONAĞI OLANDA, -  sözün həqiqi mənasında, öldürülməsi demirik... üzqarasıdır!
Çünki... nəinki İstanbulda, bütünlükdə Türkiyədə indi böyük qardaşlarımız bir-birini qırır.
Rövşən Lənkəranskinin səhvi - həyatı bahasına başa gələn səhvi İstanbula sığınmasıydı!
Ən azından öldürülməsindən bir neçə gün qabaq polisə çağırılan Rövşən Canıyev oranı həmən tərk etməliydi!
Düşmənlər şanslarını qaçırmır!
Allah rəhmət eləsin!
SON SÖZ ƏVƏZİ:
21-ci əsrin ən qalmaqallı "qanuni oğru"larından biri Rövşən Canıyevin qətli həmişə gündəmdə olan Rövşən Canıyevi hələ bir 21 il də gündəmdə saxlayacaq. Rövşən Canıyevin xarizmasına bələd olanlar bilir ki, düşmən bağışlanmayacaq və düşmənə aman verilməyəcək.
İstər Azərbaycan, istər Rusiya, istərsə də Ukrayna hakimiyyət dairələri Rövşən Canıyev Lənkəranski ilə çox mülayim və mərhəmətli davranıblar. Deməli... qətli hansısa qruplaşma və kimsə sifariş verib. Onda nəzərə almaq lazımdır ki, kriminal qruplaşmalar hakimiyyətin üstünə getməyə çəkinsələr də, rəqiblərini aradan götürməkdə aciz qalmırlar!
Sual yalnız budur: Rövşən Lənkəranskini kim əvəz edəcək və sifarişçi kim olub?
Əvvəldə yazdığım kimi, "oğru dünyası" istədiyi informasiyanı anında əldə edə bilir.
Gözləyək, görək...
//Miq.az
Xəbər 4571 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR