Moskva metrosunun "Novoslobodskaya” stansiyasının yaxınlığında görüş təyin edir. Təmtəraqsız, sıradan bir kafedir. İçəridə stolların üstündəki çaydanlardan bəllidir ki, azərbaycanlıların kafesidir. Amma içəridə əyləşmirik. Əvvəlcədən danışıbmış, ayrıca otağa keçirik. İçəri girən kimi də siqaretini stolun üstünə atıb, gödəkçəsini çıxarır. Söhbətə isə tamam başqa mövzudan başlayır.
- Dostumdur, bayaq məni düşürən. Restoran işlədir, burada yaxında. Milyonu var, amma yenə də köhnə "Volvo”da gəzir. Bilirsənmi niyə?
- Gözə girməmək üçün?
- Xeyr, xeyr, əzizim, həmin "Volvo”da bir vaxtlar Cövhər Dudayev gəzib. Bu da həmin avtomobili Peterburqda kimdənsə alıb. O avtomobilin Peterburqa necə gedib çıxması isə mənə maraqlı deyil, düzü. Amma maşın Dudayevin olub, bu, dəqiqdir. Sonradan bu avtomobili Avropadakı çeçenlər ondan almaq istəmişdilər, dəyərindən qat-qat artıq pul təklif etmişdilər, amma razı olmamışdı. Nə isə… Çay, ya kofe? Bu nə sualdı mən verirəm, bakılı niyə kofe içsin ki?!
Çay sifariş verir. Özü də əncir mürəbbəsiylə.
- Bilirsiniz, yazdıqlarınız kimi deyil hər şey. (Lent.az-da kriminal avtoritetlərlə bağlı yazıları deyir) Uzağı, 10-15 faizi doğrudur. O gün oxuyuram "Piçuqa”dan (hazırda həbsdə olan qanuni oğru Yuri Piçuqin) yazıblar. Az qala Rusiya kriminalitetinin atası kimi təqdim edirlər. Yoxdu əziz qonaq, bitdi. Ded Xasandan sonra bitdi hər şey…
***
Bakılıdır həmsöhbətimiz. Bir vaxtlar Ukraynada özündən söz etdirmiş birisi. İndi vaxtının çoxunu Rusiya paytaxtında keçirir. Kiyevə isə darıxanda gedir, özü demişkən. Bakıya? Yox, illərdir bura gəlmir.
- Yeri gəlmişkən, nə qədər azərbaycanlı qanuni oğru var indi? Neçə nəfərdirlər, haradadırlar?
- Maraqlı sualdır, amma çalışacam cavab verəm. Ümumiyyətlə, hazırda keçmiş postsovet məkanından olan təxminən 400 nəfərə yaxın qanuni oğru fəaliyyətdədir. Onların da yarıdan çoxu gürcülər və ya necə deyərlər, Gürcüstan əsillilərdir. Bunun səbəbini izah edəcəm. O ki qaldı azərbaycanlılara, onların sayı 15 ola, ya olmaya. Bəlkə də heç 15 də deyil. Köhnə nəsildən olan Yunusu, Arif Sumqayitskini və Lotu Qulini çıxmaqla, hamısı gəncdir. Onların çoxu da qanuni oğru adını son illərdə alıblar. Yəni nə Hikmət, nə də Masallı Mamed kimi klassiklər tərəfindən taclandırılmayıblar. Çoxuna qanuni oğru adının verilməsində də əsas rolu, elə həmin Quli və mərhum Rövşən Lənkəranski oynayıb. Məsələn, "Dato” var, Cavid Ağcabədinski, ən gənc azərbaycanlı oğru odur məncə. Adamın 26-27 yaşı var, artıq "Vladimirski Sentral” kimi türmədə belə yatıb. Amma bildiyimə görə, onu gürcülər taclandırıblar, Yunanıstanda.
Hə, gürcü qanuni oğrulardan danışırdıq axı? Onların kütləvi şəkildə taclandırılması birməanalı Ded Xasanla bağlıdır. Hə, bir də Tariyel Onianiylə. "Taro” ləqəbli bu gürcü qanuni oğru Ded Xasanla qatı düşmən idilər. Onların konflikti neçə-neçə qurbana səbəb olmuşdu. Hər ikisi Gürcüstan əsilli idilər. Ona görə, də əslən Gürcüstandan olanları taclandırıb ətraflarına yığırdılar. 2005-ci ildən sonra bu artıq kütləvi şəkil almağa başladı. Bəzən adi oğurluğa görə, tutulub iki il həbsdə yatanı belə taclandırırdılar. Rövşən həmişə "Taro”nun yanında yer alıb. Daha doğrusu, bir yerdə olublar. Amma "Taro”dan fərqli olaraq, Rövşən daha cəsartəli idi. "Ded”ə birbaşa meydan oxuya bilirdi. Bir dəfə elə bu taclandırma "bespredeli”nə görə, zəng edib Ded Xasana qışqırmışdı ki, sən kimsən ki, ucdantutma hamıya ad verirsən? Məndə olan məlumata görə, Ded Rövşəni Rusiyada xüsusən də Moskvada görmək istəmirdi. Əlaqələrini işə salıb onu Rusiyadan deportasiya da etdirmişdi. Ümumiyyətlə, Ded slavyan kökənli qanuni oğrulardan daha çox Qafqaz əsillilərlə düşmənçilik edirdi. Onun bakılı Rudiklə, onun qardaşı Vaçikosla davasının da əsasında Qafqazdakı nüfuz dairəsinin bölüşdürülməsi dururdu. Rudik və qardaşı bakılı olsalar da, azərbaycanlı qanuni oğrulara ehtiramla yanaşsalar da, həm Hikmət, həm Mamed, həm də Bəxtiyar onlardan uzaq gəziblər həmişə. Çünki bu qardaşlar oğru qanunlarını çoxdan pozmuşdular, biznesə baş vurmuşdular. Bizimkilər də bu biznes müharibəsində olmaq, adlarının hallandırılması istəmirdilər.
Hə, Rövşən deportasiya olunadan sonra ona yenə zəng vurmuşdu ki, mən Rusiyaya girə bilmirəm, dünyanın hansı ölkəsinə, şəhərinə gəlirsənsə, gəl, söhbət edək. Ded təklifi eşidən kimi telefonu söndürmüşdü. "Taro”dan daha çox Rövşəndən ehtiyat edirdi Ded. Ona görə, də onun ölümünü Rövşənlə bağlayırlar. Amma məncə Rövşənlik deyildi. Ded artıq öz rolunu oynayıb qurtarmışdı, ona görə getməliydi. Ümumiyyətlə, Ded Xasan klanı süqut etməkdədi. Dedin varisi "Şakro Molodoy”un İspaniyadan Moskvaya qaıdışı və çox keçməmiş həbsi də buna sübutdur. "Şakro”nu əvəz edə biləcək o böyüklükdə kürd kriminal lider yoxdu indi Rusiyada.
- Rövşənlə Lotu Qulinin konfliktinin əsasında nə daynırdı?
- Düzü, alt qatlarını deyə bilmərəm. Ola bilər, tutaq ki, Moskvada nüfuz dairəsini bölüşdürə bilmirdilər. Amma bu son vaxtların məsələsidir. Əslində söhbət çox uzaqlara gedib çıxır. Məsələ ondadır ki, hələ səhv etmirəmsə 2003-cü ildə Qulinin oğru adının alınmasında Rövşən də iştirak etmişdi. Rövşəndən başqa Sabirabadlı Hikmət, Masallı Mamed, Nardaranlı Seymur və daha bir neçə nəfər Lotu Qulindən qanuni oğru adının alınması barədə qərar vermişdilər. Ən maraqlısı isə odur ki, bu hadisədən bir neçə ay sonra məhz Lotu Qulinin təşəbbüsüylə Rövşənin adının əlindən alınmasıyla bağlı qərar çıxarılmışdı.
- Rövşən qətlə yetiriləndən sonra Rusiyada, xüsusən də Moskvada Qulinin adamlarının fəallaşması düzdürmü?
- Son prossesləri dərindən izləməsəm də, bəzi qənaətlrim var. Moskvada deməzdim, amma əyalətlərdə gürcü əsilli və Qulinin təsir dairəsində olanların fəallaşması hiss edilir. Moskva böyük meqapolisdir, həm də ənənvi "krışalıq”, "razborka” və "sxodkalar”a imkan verilmir. Ən azı son bir-iki ildi belədir. Amma əyalətlərdə vəziyyət fərqldir. Məsələn, o gün oxuyram Yekaterinburqda Qulinin adamları və kürd əsillilər fəalalşıblar. Amma bu o demək deyil ki, onlar hər şeyi ələ keçiriblər və nəzarətdə saxlayırlar. Ən azı indi vəhşi 90-cı illər deyil. O vaxtlar Rusiyanın hüquq-mühaizə orqanları demək olar ki, bütünlüklə korrpusiya və cinayətə batmışdı. Müxtəlfi banda və kriminal briqadalar, eləcə də saysız-hesabsız və asan yolla varlanan oliqarxlar bütünlüklə Rusiyanı cənginə alıb necə deyərlər sökürdülər. İndi güclü hakimiyət var. İri kriminal qurplaşmaların varlığına son qoyulub. Və neçə qanuni oğru da öldürülüb.
- Neçə?
- Onlarla. Əsas bu deyil. Əsas odur ki, 150-dən çox qanuni oğrunun titulu əlindən alınıb. Bu klan o birinin, bu digərinin əhatə dairəsinə daxil olanların adını əlindən alırlar. Bu məsələ də qanuni oğlrular arasında münasibətlərə zərbə vurub. Bundan yararlanan isə təbii ki, hakimiyətdir. Ded Xasandan sonra ən səsli-küylü qətl Rövşənin öldürülməsi oldu. Rövşən isə bildiyiniz kimi Türkyədə öldürüldü. Deməyim odur ki, hazırda Rusiyada belə, tutaq ki, Ded Xasan və ya onun ranqından bir qədər kiçik səviyyədə belə qanuni oğru qalmayıb. Ən ideal yer kimi Türkiyə, Yunanıstan və əsasən də Ərəb Əmirliyini seçirlər. Bəzən də İtaliyanı.
- Rövşən də bir vaxtlar İtaliyda idi.
-Hə, bir müddət orada olub. Amma çox yaşamayıb. Amma Rövşənin ən yaxın müttəfiqlərindən olan Merab Suxumski uzun müddət İtaliyada yaşayıb. Yeri gəlmişkən Hacı Beyləqanskiyə qanuni oğru adını verilməsində onun rolu olub. Bundan başqa, bəzi məlumatlara görə, Ded Xasanın qətlinə də fərman da Merab tərəfindən verilib, özü də Romada.
- Sizcə Moskvaya indii kriminal şəhər demək olarmı?
- Məncə yox. 90-larla müqayisədə təbii ki yox. Çünki ən azı əvvəlki kimi kriminal briqadalar yoxdur. Qanlı "razborka”lar son verilib. Keçmiş kriminallar isə indi biznesmenlərə çevriliblər. Və hərə öz biznesiylə məşğuldur…
Səbuhi Məmmədli/lent.az
Moskva