Aktual.az Azərbaycan milli komandasının cüdoçusu, Avropa çempionu, dünya və olimpiya vitse-çempionu Rüstəm Orucovun "Report”a müsahibəsini təqdim edir:
- Ötən həftə keçirilmiş Azərbaycan çempionatında medal qazana bilmədiniz. Bu nəticə sizin üçün sürpriz olmadı?
- Yarış çox yaxşı keçdi, təşkilatçılıq yüksək səviyyədə idi. Düzdür, medalsız qaldım. Bu isə adət etdiyim 73 kq-da deyil, 81 kq çəki dərəcəsində çıxış etməyimlə bağlıdır. Daha yüksək çəkidə yarışmaq mənim üçün bir az ağır oldu.
- Çəkinizi dəyişməyiniz nə ilə bağlı idi?
- Özümü bu çəkidə sınamaq üçün belə qərar vermişdim. Lakin hazırda çəkim az olduğundan, çətinlik yaşadım.
- Gələcəkdə 73 kq-da çıxışınızı davam etdirəcəksiniz, yoxsa 81 kq çəkiyə keçirsiniz?
- Xeyr, dekabrın 15-də Çində start götürəcək "Quançjou Masters” turnirində yenə 73 kq çəkidə çıxışım nəzərdə tutulub. Düzdür, çəkimi qaldırmaq fikrim var idi. Amma bu, həm çətindir, həm də vaxt lazımdır. 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına az qalıb. Vaxt itirmək olmaz.
- Nədənsə, azərbaycanlı cüdoçular 81 kq-da çıxış etməyə maraq göstərmirlər. Hətta bu çəki dərəcəsi olimpiya çempionu Elnur Məmmədlinin dönəmində belə, problemli olub...
- Elə deməzdim, uşaqlar pis deyillər. Həm mən, həm də Hidayət Heydərov 73 kq çəkidə reytinqdə yer almışıq. Çəkimizi 81 kq-a qaldırsaq, reytinq xallarını sıfırdan yığmalıyıq. Olimpiadaya az vaxt qalıb deyə, nə o, nə də mən çəkimizi qaldırmaq istəmirik.
- Hidayət Heydərov daha gənc olsa da, aranızda ciddi rəqabət gedir. Hətta etiraf etmək lazımdır ki, son nəticələri ilə Sizi üstələyir...
- Hidayət dünya çempionatında bürünc medal qazandı, mən isə medalsız qaldım. Amma bu, ondan zəif olduğum demək deyil. Hər şeyi gələcək göstərəcək.
- Olimpiadaya bir şey qalmayıb...
- Bəli, axırda göstəricilərə baxacaqlar. Kim yaxşı formada olsa, o da getməlidir.
- Ümumiyyətlə, son zamanlar nəticələrinizin zəifləməyə doğru getməsinin səbəbi nədir?
- Mundial ərəfəsində bir az şəxsi problemlərim olmuşdu, atam xəstələnmişdi. Bu səbəbdən, yaxşı məşq edə bilmir, bütün fikrim onun yanında olur, dünya çempionatına köklənməkdə çətinlik çəkirdim. İndi hər şey düzəlib. Yavaş-yavaş formamı bərpa edirəm.
- Bəlkə cüdodakı yeni qaydalar çıxışınıza mənfi təsir edir?
- Əksinə, mənim üçün çox rahat oldu. Rəqibə 3 "şido”ya (cərimə) görə məğlubiyyət verilməsi, 4 dəqiqə güləşmək kimi yeniliklər Azərbaycan millisi üçün yaxşı haldır. Bizim kimi təcrübəli idmançılar rəqibə çox yaxşı "şido” verdirə bilir.
- Təsadüfi deyil ki, bir çoxları Sizə "cüdoçu” yox, "şidoçu” deyirlər...
- (gülür) Onu mənə yox, Hidayətə deyərlər. Belə xalları o, daha çox qazanır.
- Siz də "şido”lar hesabına qalib gəlirdiniz...
- Əvvələr 2 "şido” vaxt qurtarandan sonra qələbə demək idi. İndi isə rəqibə vaxtından əvvəl 3 "şido” verdirirsən, vəssalam. Ona görə də bu qayda bir az asanlaşıb. Yəni, yarışı daha tez baş vurmaq olur.
- Ruslan Maşurenko artıq bir ilə yaxındır millinin baş məşqçisidir. Onun barəsində nə deyə bilərsiniz?
- Düzdür, əvvəllər bir qədər narazılıq vardı, öz proqramı ilə gəlmişdi. Ancaq indi köhnə sistemimiz tətbiq olunur, hər şey qaydasına düşüb. Dünya çempionatında da nəticəmiz pis olmadı. İlk dəfə qarışıq komanda yarışında iştirak etdik və 5-ci yeri tutduq. Bizdə hələ qızlardan ibarət yığma çox zəifdir. Belə baxanda bir nəfər güləşə bilir. Bu qızlarla beşinci yerə çıxmışıqsa, çox böyük şeydir.
- Qadınlardan ibarət yığmanın baş məşqçisi Natiq Bağırovdur...
- Bu, baş məşqçilik deyil, onda günah görmürəm. Belarus millisinə rəhbərlik edib, güclü mütəxəssisdir. Sadəcə, bu, mentalitet məsələsidir.
- Yarışlar zamanı Maşurenko nəyə görə görəsə, texniki zonada yer almır. Bu, nə ilə bağlıdır?
- Bəzi cüdoçular rus dilində başa düşmürlər. Digər tərəfən, o, hamını çox yaxşı tanımır. Məsələn, məni uşaqlıqdan görməyib. Özüm istəmişəm ki, tataminin çölündə Elxan Məmmədov otursun. Çünki məni uşaqlıqdan tanıyır, bütün döyüşlərimi, fəndlərimi görüb. O, nəyi nə vaxt etdiyimi bilir. Ona görə Maşurenko orada oturmur. Hələlik uşaqları öyrədir, özü daha yaxından tanıyır. Gələcəkdə o da oturacaq.
- Sizi başa düşdük – şəxsi problemləriniz olub. Bəs digərləri niyə uduzdular?
- Orxan çox yaxşı formada idi, amma həmişə udduğu gürcüstanlı Amiran Papinaşviliyə bir texniki səhvə görə məğlub oldu. Elmar Qasımovun yenildiyi gürcüstanlı Varlam Liparteliani isə çox güclü idmançıdır. Onunla başabaş mübarizə gedirdi. Amma həmişə udmaq olmur ki... Hərdən belə büdrəmələr də olur.
- Nəticələri necə qiymətləndirirsiniz?
- Mən özümə görə bir az pis olmuşam. Keçən il gümüş medal qazanmışdım, indi heç "beşliy”ə düşə bilmədim. Komandaya gəlincə, məsələn, Uşangi Kokauri heç vaxt medal vermirdi, burada ikinci yeri tutdu. Bu, həm onun, həm də federasiya üçün çox böyük nəticədir. Yüngül çəkilərdə medallarımız olmuşdu, amma ağırda yox. Uşanqi "qızıl”da götürə bilərdi.
- Hazırda Şamaxıda təlim-məşq toplanışındasınız. Məşqlər necə gedir?
- Bu, bir qədər gizli məşqlərdir (gülür - E.M.). Başqa ölkələr gəlməyib, fiziki hazırlıq keçirik. Respublika çempionatında yer tutanlar da buradadırlar. Məşqlərdən kənarda qalanlar isə zədəlilərdir.
- Kimlərdir?
- Biri elə özüməm (gülür). Boynum əzilib, hələ məşq edə bilmirəm. Gələn həftə hazırlığa başlayacağam. "Quançjou Masters” dünya çempionatı ilə eyni səviyyədədir. Reytinqdə hər çəki dərəcəsi üzrə ən güclü idmançılar çıxış edəcəklər.