“Rusiyanın tikinti sektorunda və bazarlarında çalışan gənclərimizə bəzən ikinci dərəcəli insanlar kimi yanaşırlar”

“Rusiyanın tikinti sektorunda və bazarlarında çalışan gənclərimizə bəzən ikinci dərəcəli  insanlar kimi yanaşırlar”

"Ermənistanın ekoloji cinayətləri COP29 çərçivəsində ifşa edilməlidir”
 
Qüdrət Həsənquliyev: "Vətəndaşın layiqli həyatını təmin etmək: dövlətin əsas məqsədi və vəzifəsi budur!”

 
Qarşıdan gələn parlament seçkiləri, eləcə də Rusiya prezidentinin ölkəmizə səfəri, Ermənistanın sürətlə silahlanlanmaqda davam etməsi və s. son günlərin ən çox müzakirə edilən hadisələrindəndir.
 
Ədalət, Hüquq, Demokratiya Partiyasının sədri Qüdrət Həsənquliyev moderator.az-a müsahibəsində bu məsələləri şərh edib.
 
Aktual.az həmin müsahibəni təqdim edir:
 
Birinci hissə burada: https://aktual.az/biz-sanxay-emekdasliq-teskilatina-da-avrasiya-iqtisadi-ittifaqina-da-briks-e-de-uzv-olmaliyiq/
 
-Qüdrət bəy, sabitliyin hər bir dövlət üçün olduqca önəmli olduğu məlum həqiqətlərdən biridir. Lakin belə bir fikir də var ki, sabitlik həm də inkişafı əngəlləyən faktordur. Bu qənaəti bölüşürsünüzmü?
 
-Baxır, söhbət hansı sabitlikdən gedir. Biri var ki, Şimali Koreya variantı... Bu statik, ölü sabitlikdir.  Biri də var, dinamik sabitlik. Norveç, İsveç, Finlandiya kimi dövlətlər buna nümunədir. Burada söhbət dinamik sabitlikdən gedir. Bu isə imkan verir ki, ölkədə islahatlar həyata keçirilsin, ölkə inkişaf etsin. 
 
Qarşıdurma olan yerə xarici investorlar gəlmir. Daxili investorlar da sabitlik olmayan yerə vəsait qoymur. Əksinə, onlar öz pullarını ölkədən çıxarır. 
 
Dövlət idarəetməsində hakimiyyət bölgüsü real məzmun kəsb etməyəndə,hakimiyyət qanadlarının bir-birinə qarşılıqlı nəzarəti və ictimai nəzarət olmayanda olmayanda təəssüf ki,sabitlik  məmurlar tərəfindən  hakimiyyət səlahiyyətlərindən öz mülahizələrinə görə istifadə etməsi kimi başa düşülür.Məsələn, Dövlət Statiksika Komitəsinin yayadığı məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə ölkəmizdə mənzil tikintisi 36% azalıb. Azərbaycanda tikintiyə icazə almaqla bağlı ciddi problemlər var. Tikinti şirkətləri mövcud problemlər səbəbilə xaricə qaçır. Azərbaycan gəncləri isə gedib Rusiyada tikinti sektorunda, bazarlarda işləyirlər. Bir çoxları rus dilini  də bilmir. Bəzi hallarda onlara ikinci kateqoriyalı insanlar kimi yanaşırlar. Qanunların aliliyinin təmin olunması ilə müşayiət olunmayan  sabitliyin tənəzzülə yol açması birmənaladır. 
 
Dövlətin daxili və xarici siyasəti nəticə etibarilə bir məqsədə xidmət etməlidir: Vətəndaşın layiqli həyatı təmin olunsun! Dövlətin imici də daha çox sabitliyə görə yox,əhalinin sosial inkişaf səviyyəsinə  görə formalaşır.  
 
-Bu ilin noyabrında ölkəmizdə COP29 tədbiri keçiriləcək. Sizcə rəsmi Bakı COP29 çərçivəsində iqlim dəyişiklikləri ilə yanaşı, Ermənistanın işğal dönəmində ölkəmizə və bəşəriyyətə qarşı törətdiyi ekoloji cinayətlərə də diqqət çəkməlidirmi?
 
-Mütləq!
 
İstənilən auditoriyada Azərbaycan Ermənistanı ifşa etməlidir. 
 
Vaxtiylə məsələ qaldırmışdıq ki,  sülh şərtləri arasında Ermənistanın müharibə cinayətlərinə görə kompensasiya (təzminat) ödəməsi məsələsi də öz əksini tapmalıdır. Ikinci şərt də o olmalı idi ki, Ermənistan müharibə, soyqırım cinayəti törədən şəxsləri Azərbaycana təhvil versin. Söhbət Köçəryandan, Sərkisyandan və digər şəxslərdən gedir.  
 
Təzminat məsələsində Ermənistanın sadəcə insanlarımıza qarşı deyil, həm də ekologiyamıza qarşı törətdiyi soyqırım nəzərə alınmalıdır. Indi Azərbaycan bunu sülh müqaviləsindən kənarda gerçəkləşdirməyi düşünür. Bu istiqamətdə müəyyən addımlar da atılıb.
 
COP29-un verəcəyi ən mühüm töhfə bu ola bilər ki, böyük dövlətlər, güclü iqtisadiyyata malik ölkələr bu istiqamətdə konkret qərarlar qəbul etsinlər. Biz də bu istiqamətdə öz töhfəmizi verməliyik,lakin bizim iqtisadiyyatımız  böyük deyil.  Biz də torpağın, dənizin neftlə çirklənməsinin qarşısını almaq, bu məsələ ilə bağlı daha həssas mövqe ortaya qoymaqdır. 
 
Bəzi Avropa dövlətləri 2030, bəziləri isə 2035-ci ilə qədər nəqliyyatda ancaq elektrik mühərriki ilə işləyən avtomobillərdən istifadə edəcəkləri ilə bağlı öhdəliklər götürməkdədirlər. 
 
Azərbaycanda da "yaşıl enerji”nin istehsalı və istifadəsi ilə bağlı addımlar atılır. Birləşmiş Ərəb Əmirliyi Azərbaycanda günəş və külək enerjisi stansiyaları tikir. Hesab edirəm ki, Azərbaycan bu istiqamətdə səylərini daha da artırmalıdır. Bizim bununla bağlı böyük potensialımız mövcuddur. 
 
Düşünürəm ki, COP29 kimi mötəbər tədbirə ev sahibliyi etmək Azərbaycanın beynəlxalq imicinin yüksəlməsinə müsbət təsir göstərəcək. Bu imicdən isə, yenə də insanların ləyaqətli yaşamını təmin etmək üçün istifadə olunmalıdır. Biz xarici investorların ölkəmizə gəlişinə şərait yaratmalı, büdcə gəlirlərimizi dəfələrlə artırmalı, iqtisadiyyatımızın həcmini böyütməliyik. Bunu etməliyik ki, vətəndaşlara yüksək pensiya, müavinət, uşaq pulu, maaş verə bilək. Dövlətin pulu olarsa o daha çox infrastuktur və sosial   layihələri maliyyələşdirə bilər. 
 
COP29-u ölkəmiz üçün son dərəcə faydalı tədbir hesab edirəm. 
 
-Qarşıdan 27 sentyabr – Vətən müharibəsinin başlanmasının növbəti ildönümü gəlir. Sizcə Azərbaycan bu qələbənin nəticələrini qorumaq üçün nə etməlidir?
 
-Bölgədə sabitliyin təmini üçün Ermənistanla sülh müqaviləsi imzalanmalıdır. Qonşularımızla dostluq  münasibətlərini qorumalı və inkişaf etdirməliyik. Elə siyasət yürütməliyik  ki, böyük dövlətlər Azərbaycanda sabitliyin qorunmasında maraqlı olsun. 
 
Azərbaycan nəqliyyat qovşağına  çevrilməkdədir. Sabitlik olmalıdır ki, bu nəqliyyat dəhlizləri  işləsin. Hindistandan, Çindən  Britaniyaya , Rusiyaya qədər yüklər daşınsın. Bu istiqamətdə iş gedir. Çalışmalıyıq ki, Ermənistanla sülh sazişi imzalayaq. Bununla da böyük dövlətlərlə Cənubi Qafqazda gərginlik ocağı saxlamaq imkanı verməyək. Amma bu, tək bizim iradəmizdən asılı olan məsələ deyil. Ermənistanın himayədarı olan bəzi dövlətlər bölgəmizdə sülhün mövcudluğunda maraqlı deyil. 
 
Biz xalqımızın birliyini qorumalı, iqtisadiyyatımızı gücləndirməli, ordumuzun peşəkarlığını yüksəltməliyik. Bizim eyni zamanda güclü müttəfiqlərimiz olmalıdır. Türkiyə ilə daha sıx  inteqrasiyaya nail olmalıyıq. 
 
Mən o zaman bildirmişdim ki, türk-slavyan respubikaları ittifaqını yarada bilərik. Bu, Avrasiya İttifaqı modelində də ola bilər. Elə etmək olar ki, Avropa İttifaqı kimi, bizim də vahid sərhədlərimiz, vahid valyutamız olsun. Insanlar bu ittifaq daxilində  sərbəst hərəkət edə, işləyə  bilsinlər. Niyə Avropa xalqları bunu etdiyi halda, biz türk xalqları ilə, qonşularımızla bunu edə bilməyək? 
 
Biz daha da güclənmək., inkişaf etmək üçün hər bir imkanı dəyərləndirməli, hər bir fürsətdən maksimum istifadə etməliyik.

Xəbər 394 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR