Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə irəli sürdüyü təkliflərə baxılır.
Aktual.az-ın Trend-ə istinadən məlumatına görə, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Tbilisidə Şərq Tərəfdaşlığı ölkələrinin VI Qeyri-Rəsmi Nazirlər Dialoqu toplantısında çıxışında deyib.
Nazir qeyd edib ki, Riqa Sammitindən keçən dövr ərzində Parisdəki faciəvi hadisələr, Suriya sərhədindəki son proseslər də daxil olmaqla, çox dəyişikliklər baş verib: "Biz terrorçuluğun bütün forma və təzahürlərinə qarşı mübarizədə əməkdaşlıq etməliyik. Hazırda bu, gündəlikdə duran ən önəmli məsələdir".
E.Məmmədyarov bildirib ki, Azərbaycan Avropa Qonşuluq Siyasətinin icmal sənədində təsbit olunmuş fərqləndirmə yanaşmasını yüksək qiymətləndirir: "Fikrimizcə, miqrasiya və insan hüquqları, fundamental azadlıqlar və antiradikalizm kimi məsələlərin müzakirəsində tarazlıq gözlənilməlidir. Həmçinin, Avropada İslamofobiya meyllərinin yayılmasının qarşısının alınması vacibdir".
XİN rəhbəri əlavə edib ki, Şərq Tərəfdaşlığı Təşəbbüsünə üzv dövlətlər kimi tərəfdaş ölkələrdə insan hüquqlarının vəziyyətinə dair ünvanımıza mütəmadi əsasda tənqidlər səsləndirilir: "Məsələ burasındadır ki, Avropa İttifaqının özündə insan hüquqlarının durumu da maraq doğurur. Əgər biz həqiqətən də qarşılıqlı sahiblik prinsipindən danışırıqsa, o zaman vətəndaş cəmiyyəti qurumlar; Avropa İttifaqına üzv dövlətlərin ərazisində insan hüquqlarının pozulması kimi məsələləri də qeyd etməlidir".
O, qeyd edib ki, enerji sektoru Avropa İttifaqı ilə münasibətlərimizdə aparıcı rol oynamaqda davam edəcək: "Cənub Qaz Dəhlizi ilə bağlı işlər öz axarı ilə plana uyğun şəkildə davam etdirilir. Azərbaycandan qazın 2018-ci ilin sonu və ya 2019-cu ilin əvvəlində Avropaya çatdırılması nəzərdə tutulub. Qeyd edilməlidir ki, Cənub Qaz Dəhlizinin nəzərdə tutulmuş zaman kəsiyində reallaşdırılması baxımından Avropa İttifaqının dəstəyi vacibdir".
Nazir əməkdaşlığımızın digər mühüm sahəsi kimi nəqliyyat sferasını qeyd edib: "Azərbaycan, Türkiyə və Gürcüstanın ortaq təşəbbüsü olan İpək Yolu təşəbbüsü yalnız bizim üçün deyil, həm də Mərkəzi Asiya ilə əməkdaşlığı sürətləndirməkdə maraqlı olan Avropa İttifaqı üçün əhəmiyyətlidir. Bu nəqliyyat dəhlizi Avropanı Azərbaycan, Türkiyə və Gürcüstandan keçməklə, ilkin mərhələdə bu region, gələcək perspektivdə isə Çinlə birləşdirəcək".
E.Məmmədyarov vurğulayıb ki, əməkdaşlığımızın bünövrəsində ən zəif halqa istisnasız olaraq münaqişənin nizamlanmamasıdır: "Biz hazırda həmsədrlər adından Rusiya tərəfindən irəli sürülmüş təkliflər üzərində işləyirik. Azərbaycanın işğal edilmiş ərazilərindən Ermənistan silahlı qüvvələrinin çıxardılması, məcburi köçkünlərin öz evlərinə qayıtması, Azərbaycanın Dağlıq Qarabağ regionunun azərbaycanlı və erməni icması arasında insanlararası təmasların qurulması münaqişənin həlli istiqamətində mühüm elementlərdir və biz müzakirələrimizi bu elementlər üzərində cəmləşdirməliyik. Hər birimiz həll edilməmiş münaqişənin regionda əməkdaşlığa başlıca əngəl olması barəsində həmfikirik".