Rusiya Azərbaycan gömrüyündə nəzarəti gücləndirir. Səbəb isə Türkiyə məhsullarının dolayı yolla Rusiya bazarına girişinin qarşısını almaqdır.
Rusiyanın Ailə, Uşaq və Analara Dəstək Komissiyası Federal gömrük xidməti, Kənd Təsərrüfatı Nazirliyi və İstehlakçıların hüquqlarının müdafiəsi və insan rifahı sahəsində nəzarət üzrə federal xidmətə müraciət ünvanlayıb.
Aktual.az AzNews.az-a istinadən xəbər verir ki, müraciətdə Türkiyənin meyvə və tərəvəzlərinin Qazaxıstan və Azərbaycandan ölkəyə gətirilməsinə nəzarəti gücləndirmək xahiş olunur.
Komissiya sədrinin birinci müavini Pavel Sıçev müraciətdə göstərib ki, Türkiyə təchizatçılarının adı çəkilən ölkələr vasitəsilə Rusiyaya mal keçirmək istəyinə dair məlumatlara malikdir: “Türkiyə şirkətlərinin embarqodan yan keçməklə Rusiyaya idxalı qorumaq üçün aktiv yollar axtarması ilə bağlı məlumatlar var. Türkiyəli meyvə və tərəvəz ixracatçıları üçün Rusiyadan daha geniş və ödəniş qabiliyyəti yüksək bazar tapmaq çox çətindir”.
Pavel Sıçev bildirib ki, Türkiyə üçün Rusiya ilə açıq qapılara malik olan Qazaxıstan əsas tərəfdaşdır. Eyni zamanda Azərbaycan da Türkiyə biznesi üçün əlverişli müttəfiq ola bilər. Belə ki, iki ölkə arasında həm dövlət səviyyəsində, həm də işgüzar səviyyədə dostluq əlaqələri möhkəmdir.
Onun sözlərinə görə, Azərbaycandan olan ixracatçılar Türkiyənin meyvə və tərəvəzlərini Rusiyaya keçirməklə bu bazarda iştiraklarını genişləndirəcəklər.
Məhsulların Türkiyəyə məxsus olub-olmaması isə müxtəlif vasitələrlə araşdırılacaq: yenidən qablaşdırılması, saxta sertifikat və s.
Rusiyanın İstehlakçıların hüquqlarının müdafiəsi və insan rifahı sahəsində nəzarət üzrə federal xidməti 2016-cı il yanvarın 1-dən (Türkiyədən meyvə və tərəvəzlərin, təzə qərənfillərin, toyuq və hinduşka ətinin və onlardan hazırlanan məhsulların, həmçinin süfrə duzunun Rusiyaya gətirilməsinə qadağanın qüvvəyə minməsi tarixi) sərhəd keçid məntəqələrində Türkiyədən qadağan olunmuş məhsulların idxalı və onların başqa ölkənin nişanları ilə ölkəyə keçirilməsi ehtimalını nəzərə alaraq nəzarəti gücləndirəcək.
Qeyd edək ki, Federal xidmətin məlumatlarına əsasən, bu ilin 9 ayı ərzində Azərbaycan Rusiyaya 108,5 min ton (dəyəri 79, 5 mln dollar) tərəvəz ixrac edib. Meyvə ixracatı isə 7,6 min ton (dəyəri 3 mln dollar) olub.