Rusiya Azərbaycan vasitəsilə Ermənistana taxıl tədarükündən əlavə, gübrələrin tədarükü imkanlarını da nəzərdən keçirir.
Aktual.az Teleqraf-a istinadla xəbər verir ki, bu barədə Rusiya baş nazirinin müavini Aleksey Overçuk bildirib.
O qeyd edib ki, geri yükdaşımaların təmin edilməsi imkanları da araşdırılır.
"Möhtəşəm bir hadisə baş verdi, bunu həqiqətən mühüm hesab edirik. Noyabrın əvvəlində Rusiyaya məxsus taxıl daşıyan ilk qatar Azərbaycan və Gürcüstan ərazisindən keçərək Ermənistana çatdı. Yəni, 30 ildən artıq müddətdə ilk dəfə həm Ermənistan, həm də Azərbaycanın müstəqillik tarixinin başlanğıcından bəri ilk dəfə taxıl daşıyan qatar bu marşrutla hərəkət etdi. Daha sonra Qazaxıstan taxılı da daşındı. Bu xəttin digər növ yüklər, məsələn, gübrələrlə yüklənməsi imkanlarını da müzakirə edirik”, - Overçuk "Rossiya 24” telekanalının efirində deyib.
O qeyd edib ki, bu yaxınlarda Azərbaycandan Ermənistana neft məhsulları daşıyan qatar gəlib. Moskva və İrəvan yüklərin əks istiqamətdə daşınması imkanlarını da müzakirə edir.
"Həmçinin Azərbaycan ərazisindən keçməklə Ermənistandan Rusiyaya əks istiqamətli yükdaşımaların təmin edilməsini müzakirə edirik. Bunlar yaxın vaxtlara qədər ağlasığmaz görünən irəliləyişlərdir”, - Aleksey Overçuk vurğulayıb.
Xəbər 79 dəfə oxunub.