Hazırda Rusiyada yaşayan, əslən Zəngilan və Qubadlıdan olan bir qrup ziyalı, elm xadimi, iş adamı Prezident İlham Əliyevə müraciət edib.
Müraciətdə deyilir:
"Hörmətli cənab Prezident!
Biz Zəngilan və Qubadlıda anadan olub, orada böyümüşük. Çoxumuz Rusiyada ali təhsil almışıq və burada yaşamağa başlamışıq. Bizim dahi həmyerlimiz Müslüm Maqomayev deyirdi: "Rusiya anadır, Azərbaycan ata”. Bizim əksəriyyətimiz üçün rus dili ana dili qədər əzizdir. Cənab Prezident, bilirik ki, ali təhsilinizi müxtəlif ölkələrin liderlərinin oxuduğu, böyük nüfuza malik Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda (MDBMİ) aldığınız üçün rus dili Sizə yad deyil. Bu səbəbdən Sizə rus dilində müraciət edirik.
Biz Vətənimizin uğurları ilə fəxr edirik. Ölkədə baş verən hər şeyi ürəyimizdə hiss edirik.
Biz qərara gəldik ki, Milli Məclisə 9 fevral 2020-ci ildə keçirilmiş seçkilərdə 125 saylı Zəngilan-Qubadlı seçki dairəsində baş verən hadisələr haqqında Sizə yazaq.
Son zamanlar ölkədə keçirilən islahatlar Azərbaycan vətəndaşları tərəfindən böyük sevinclə qarşılandı. Ancaq müxtəlif ranqlı məmurlar dəyişikliklərə müqavimət göstərməyə çalışdılar.
Xalq sizin dəyişiklik çağırışınızdan ilhamlandı. Həmyerlilərimiz - Zəngilan-Qubadlı sakinləri də bundan qürur duydular və inandılar ki, onların taleyi öz seçimlərindən asılı olacaq. 27 il əvvəl torpaqlarını və evlərini tərk edən, hər bir çətinliklə üzləşən, ölkənin müxtəlif bölgələrinə səpələnən bu insanların bəziləri özlərinə yeni həyat qurublar, bəziləri isə yenə də ağır vəziyyətdə yaşayırlar. Dövlət mənzil, təhsil və məşğulluqla bağlı məcburi köçkünlərin problemlərinin həlli üçün əlindən gələni edir. Ancaq hələ də problemlər mövcuddur.
Zəngilan və Qubadlılar bunu yaxşı başa düşürlər və Prezidentlərinə inanırlar.
Cənab Prezident!
27 il əvvəl işğal olunmuş Zəngilan və Qubadlı rayonlarını Milli Məclisdə 25 ildir eyni deputat təmsil edir. Zəngilan və Qubadlı sakinlərinin əksəriyyəti onu heç görməyib və o, seçicilərlə heç vaxt maraqlanmayıb. Sakinlər onların problemləri ilə maraqlanan, istəklərinə cavab verən, özlərinin seçdikləri dürüst, enerjili millət vəkilinin onları təmsil etməsini istəyirlər.
Lakin 9 fevral 2020-ci ildə baş verənlər onları ruhdan saldı. Seçkilər zamanı bəzi məmurlar eyni adamın yenidən deputat olması üçün xeyli qanun pozuntusuna, saxtakarlığa yol verdilər.
Vətəndən kənarda yaşasaq da, valideynlərimiz, yaxın qohumlarımız Azərbaycanda yaşayır və digər məcburi köçkünlərin taleyini bölüşürlər. Biz səsvermə günü və sonrası baş verən prosesləri diqqətlə izlədik. Sosial şəbəkələrdə total saxtakarlığı, məmur özbaşınalığını sübuta yetirən xeyli audio, video-görüntü paylaşıldı.
Bütün bu faktlar Mərkəzi Seçki Komissiyasına və digər aidiyyəti qurumlara təqdim olundu. Ancaq hələlik müraciətlər nəticəsiz qalıb. İnsanlar aldadıldıqlarına inanmaq istəmirlər.
Cənab Prezident, ümidimiz Sizədir! Çox istərdik ki, Siz bu yaxınlarda Münhendə keçdiyiniz master-klas kimi daha bir gözəl dərs verəsiniz. Bu dərs beynəlxalq ictimaiyyət, hətta rəqibləriniz tərəfindən yüksək qiymətləndirildi. Sizin müdrikliyinizə ümidimiz böyükdür. Sizinlə fəxr etməyimiz üçün bizə daha bir fürsət verin!”
Xəbər 1543 dəfə oxunub.