Səbəb “qan düşmənçiliyi” olub.
Rusiyada azərbaycanlı iş adamı Zülfüqar Əsədova qarşı törədilən sui-qəsd təşkilatçıları və icraçılarına hökm oxunub.
Cinayətdə əli olan dörd nəfərə cəza tətbiq edilib. Cinayəti törədən azərbaycanlı cəzasını xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəkmək şərti ilə 15 il müddətinə məhkum edilib.
Məhkəmə sifarişçi qismində çıxış edən qardaşlardan birini 14, digərini isə 13 il müddətinə azadlıqdan məhrum edib. Onların hər ikisi cəzalarını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcəklər. Killerin sürücüsünə 12 il iş kəsilib.
Müəyyən olunub ki, müttəhimlərdən ikisi qardaşdır və onların zərərçəkənlə arasında ədavət və “qan düşmənçiliyi” olub. Onlar iş adamının qətli üçün əvvəllər silsilə ağır cinayətlər törətdiyinə görə 10 il həbsdə olan əslən azərbaycanlı killer tutublar.
Sui-qəsd 2014-cü ilin iyun ayının 18-də törədilib. Əsədov öz avtomobilinə əyləşmək istəyərkən, yaxınlıqdan keçən “Audi”də olan naməlum şəxslər ona avtomat silahdan atəş açıblar. Nəticədə o, ağır yaralanıb, lakin həkimlərin səyləri sayəsində sağ qalıb.
Xatırladaq ki, keçən şənbə sentyabr ayının 26-da Zülfüqar Əsədov evinin qarşısında güllələnib. Naməlum şəxslər onun içində olduğu “Lexus” markalı avtomobili atəşə tutublar. İş adamı aldığı güllə yaralarından dünyasını dəyişib. Killerlər ağ “Jiquli” avtomobili ilə hadisə yerindən qaçıblar. Hal-hazırda şübhəli bilinən şəxslərin kimliyi müəyyənləşdirilir.\oxuaz
Aktual.az