Rusiya ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi olaraq Dağlıq Qarabağ münaqişəsi tərəflərinə mümkün köməyi göstərməyə hazırdır.
Aktual.az AzVision.az-a istinadən xəbər verir ki, bunu Rusiya XİN-in nümayəndəsi Mariya Zaxarova keçirdiyi mətbuat konfransında deyib. Onun sözlərinə görə, münaqişə tərəfləri hazırda təmkin göstərməli və əldə edilən sabitliyi qorumalıdır:
“Münaqişə tərəfləri möhkəm nizamlanmanın əldə edilməsinə yönəldiləcək danışıqlar prosesini bərpa etməlidirlər. Əldə olunan razılığa görə, münaqişə bölgəsində hərbi risklər azaldılmalıdır”.
O, əlavə edib ki, Rusiya xarici işlər naziri Sergey Lavrovun İrəvana səfəri zamanı Dağlıq Qarabağ münaqişəsi müzakirə olunacaq: “Sabahdan rəsmi görüşlər başlayacaq. Baxmayaraq ki, nazirin səfəri çoxdan planlaşdırılmışdı, görüşlərdə əsas müzakirə mövzusu Dağlıq Qarabağ münaqişəsinin nizamlanması olacaq. Bildiyiniz kimi, Rusiya bütün səviyyələrdə, prezident, xarici işlər və müdafiə nazirləri səviyyəsində Dağlıq Qarabağda atəşkəsin bərpa olunması istiqamətində səylər göstərib”.