“Hər bir ölkəni müvəqqəti nümayəndə təmsil edir”.
Ukraynanın avqustun 7-də Krımda həyata keçirməyə çalışdığı əməliyyatlara cavab olaraq, Rusiya Ukrayna ilə diplomatik əlaqələrin dayandırılmasını nəzərdən keçirir.
Oxu.Az“İzvestiya”ya istinadən xəbər verir ki, cavab variantlarından biri Kiyevdəki səfirliyin bağlanması və bütün diplomatların geri çağırılması da ola bilər.
“Rusiya prezidenti Vladimir Putin bəyan edib ki, Krımda baş verənləri Rusiya cavabsız qoymayacaq. Rusiya lideri Ukrayna hakimiyyətini münaqişəni dinc yolla həll etmək əvəzinə, terrora əl atmaqda ittiham edib. Sərt cavab variantlarından biri Kiyevdəki səfirliyin bağlanması və bütün diplomatların geri çağırılması da ola bilər.
Moskvada bu variant nəzərdən keçirilir. Amma son söz dövlət başçısınındır, o əldə olan məlumat əsasında qərar qəbul edəcək”, - bu barədə “İsvestiya” qəzetinə Rusiya xarici siyasət dairələrində olan mənbə bildirib.
Hazırda Ukrayna və Rusiya arasında diplomatik münasibətlər çox aşağı səviyyədədir. Hər ölkəni müvəqqəti işlər vəkili təmsil edir.
Avqustun 10-da Rusiyanın Federal Təhlükəsizlik Xidməti (FTX) Krımda Ukraynanın hərbi kəşfiyyatının agentura şəbəkəsinin ifşa olunduğunu bəyan etmişdi.
Avqustun 7 və 8-də Armyansk şəhərinin yaxınlığında ukraynalı diversantlar qrupu aşkarlanmışdı. Qrup ələ keçirilərkən rusiyalı sərhədçi həlak olub.