Rusiya prezidenti Vladimir Putin baş nazir Dmitri Medvedyevə "Koqalımavia" şirkətinə məxsus sərnişin təyyarəsinin Misirdə qəzaya uğraması ilə əlaqədar dövlət komissiyasının yaradılmasını tapşırıb.
Aktual.az-ın APA-ya istinadən verdiyi məlumata görə, Rusiya prezidenti fövqəladə hallar naziri vladimir Puçkova tapşırıq verib ki, Misirə xilasedicilər göndərilsin.
Bundan başqa, o, FHN və Səhiyyə Nazirliyinin rəhbərliyinə faciə qurbanlarının yaxınlarına yardım göstərilməsi işinin təşkil edilməsini tapşırıb.
V. Putin qəza nəticəsində ölənlərin yaxınlarına başsağlığı da verib.
Xatırladaq ki, bu gün göyərtəsində 224 (217 sərnişin və 7 ekipaj üzvü) nəfərin olduğu "Koqalımavia" şirkətinə məxsus olan sərnişin təyyarəsi Misirdə qəzaya uğrayıb. "Reuters" agentliyi yazır ki, təyyarə tamamilə parçalanıb, göyərtədə olan 224 nəfərin hamısı ölüb.