Dünən Ankarada sərgi salonunda keçirilən tədbir zamanı Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovu güllələyərək öldürən 1994-cü il təvəllüdlü Mövlud Mert Altıntaşla bağlı yeni faktlar üzə çıxıb.
Aktual.az Lent.az-a istinadən xəbər verir ki, araşdırmalar nəticəsində məlum olub ki, çevik polis alayının əməkdaşı olan M.Altıntaş 15 iyul qiyamı zamanı Diyarbakırda ezamiyyətdə olub. 2 günlük ezamiyyətdən sonra M.Altıntaş Ankaraya qayıdıb.
Maraqlıdır ki, çevriliş cəhdindən dərhal sonra Diyarbəkir Çevik Polis Alayının rəhbəri Kahraman Sezer FETÖ/PDY terror təşkilatına qarşı aparılan istintaq çərçivəsində həbs edilib. M.Altıntaşa həmin vaxt Ankaraya getmək üçün 2 günlük icazənin də həmin polis rəisi tərəfindən verildiyi üzə çıxıb.
Məlum olub ki, iyulun 16-da Diyarbəkirdan Ankaraya gələn Mert Altıntaş Demetevler məhəlləsindəki evdə qalıb. Maraqlıdır ki, çevriliş cəhdindən sonra Türkiyədə bütün polislərə icazə almaq qadağan edilib. Bu ərəfədə M.Altıntaşa Kahraman Sezer tərəfindən 2 günlük icazə verilməsi araşdırılır. Onun Ankarada qalmaq üçün qeydiyyata düşdüyü evin "Todays Zaman” qəzetinin müxbirinin adına olması da diqqətdən qaçmayıb. "Todays Zaman” qəzeti Gülən camaatına məxsus olan media qurumlarından biridir.
Bu arada o da məlum olub ki, Mert Altıntaş səfirə qarşı cinayətə öncədən hazırlaşıb. O, Çankaya Sənət Qalereyasının yaxınlığındakı hoteldə otaq tutub və tədbirin keçirilməsi saatını gözləyib. Onun hansısa qüvvələr tərəfindən kəşfiyyat məlumatı ilə təmin edildiyi ehtimal edilir.
Maraqlı məqamlardan digəri isə Mert Altıntaşın İstanbul Prokurorluğunun apardığı cinayət işlərindən birində şübhəli kimi qeyd edilməsidir. Belə ki, 2012-ci ildə polisə qəbul üçün imtahan verən Mert cavabları kopyaladığı üçün nəzarət altına düşüb. Bununla belə o, polis sisteminə daxil ola bilib və 2014-cü ildə Polis Hazırlıq Məktəbini bitirərək xidmətə başlayıb.
Aydının Söke qəsəbəsində qeydiyyatda olan M.Altıntaş ay yarım əvvəl Ankarada qeydiyyata düşüb.
Bu arada M.Altıntaşın 3 ailə üzvü saxlanılıb. Onun anası Hamidiye və atası Esrafil Altıntaş ilə birgə mağazada satıcı işləyən bacısı Seher Özeroğlu da ifadə vermək üçün aparılıb.
Xəbər 354 dəfə oxunub.