Rusiya Ermənistana satdığı təbii qazın min kub metrinin qiymətini 15 dollar ucuzlaşdıraraq, 165 dollardan 150 dollara endirib.
Report Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu ölkənin baş naziri Ovik Abramyan rusiyalı həmkarı Dmitri Medvedyevlə görüşünün nəticələrindən danışarkən deyib.
Onun sözlərinə görə, bu istiqamətdə danışıqlar davam edir: "Bunun yekunda istehlakçıya təsiri məsələsi hələ ki, müzakirə olunur".
O.Abramyan bununla da Rusiyanın Ermənistana satdığı təbii qazın qiymətini 9 faiz ucuzlaşdırdığını vurğulayıb.
Qeyd edək ki, 2015-ci ilin sentyabrında Rusiya ermənilərə satdığı təbii qazın qiymətinin 189 dollardan 165 dollardək endirmişdi. "Qazprom Armeniya" isə təbii qazın min kubmetrini əhaliyə 320 dollara satmaqdadır.
2013-cü ilin dekabrında Rusiyanın "Qazprom" şirkəti ilə "Qazprom Armeniya" arasında imzalanan müqaviləyə əsasən, Rusiya tərəfi 2014-2018-ci illərdə Ermənistana hər il 2,5 milyard kub metr "mavi yanacaq" tədarük etməlidir.
Mütəxəssislər Moskvanın Yerevana təbii qazı son 7 ayda 49 dollar ucuzlaşdırmasını Rusiyanın Ermənistana hərtərəfli yardımının tərkib hissəsi sayır. Çünki bu müddət ərzində əhaliyə satılan təbii qazın qiymətində endirim müşahidə edilməyib.