"Rusiya bu dəfə də Ermənistanı çətin vəziyyətdən çıxardı"


Azərbaycan və Ermənistan prezidentlərinin Vyana görüşü nəticəsiz sonlanıb

Görüşdən sonra ATƏT-in Minsk qrupu görüşün yekunlarına dair bəyanat yayıb.

Bəyanatda bildirilir ki, Dağlıq Qarabağ münaqişəsi hərbi yolla həll edilə bilməz. Prezidentlər atəşkəsə və münaqişənin sülh yolu ilə nizamlanmasına sadiq olduqlarını təsdiqləyiblər. Tərəflər təmas xəttində gərginliyi azaltmaq üçün qısa müddət ərzində ATƏT-in araşdırıcı mexanizmləri üzərində işi başa çatdırmaq barədə, həmçinin ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mövcud idarəsinin səlahiyyətlərinin genişləndirməsi barədə razılığa gəliblər.

Aktual.az xəbər verir ki, prezidentlərin son Vyana görüşünü politoloq Elşən Manafov Ölkə.Az-a verdiyi açıqlamasında şərh edib:

"Prezidentlərin görüşü Azərbaycan cəmiyyətinin ümüdlərini doğrultmadı. Çünki, belə bir təəssürat var idi ki, məhz bu görüşdə bölgədə sülh və sabitlik üçün ciddi təhlükə törədən Ermənistan iqtidarının qeyri-konstruktiv hərəkətlərinin qarşısını almaq, nəhayət ki, ona beynəlxalq hüquq normalarına riayət etmək üçün ATƏT-in Minsk qrupundan təmsil olunmuş dövlətlər daha fərqli bir mövqe sərgiləyəcəklər. Aprel ayının əvvəlində baş vermiş hərbi əməliyyatlar göstərdi ki, Azərbaycan tərəfi mahiyyət etibarı ilə bu problemi hərbi konteksdə də həll etmək imkanlarına malik olan bir dövlətdir. Bu baxımdan məhz Rusiya Azərbaycandan hərbi əməliyyatların dayandırılması və danışıqların növbəti mərhələsində Ermənistanla münasibətlərə məhz beynəlxalq hüququn imkan verdiyi normalar çərçivəsində aydınlıq gətirməyi xahiş etmişdi. Görünür ki, tərəflər sadəcə olaraq status kvo-nun dəyişdirilməsinin qarşısını almaq üçün bu addımı atdılar.

Mahiyyət etibarı ilə onu demək olar ki, Vyana görüşü güman edirəm Azərbaycan və Ermənistan arasında bu günə qədər baş tutmuş danışıqlarda mahiyyət etibarı ilə yeni bir mərhələnin başlanması kimi qiymətləndirilə bilər. Bu günə qədər tərəflər cəbhədə bərabər imkana malik olan dövlət təsiri bağışlayırdılarsa, məhz bu mərhələdə aprel ayının əvvəlində baş vermiş məlum əməliyyatlardan sonra Azərbaycan dövlətinin və ordusunun hansı imkanlara malik olduğu özünü göstərdi. Ümüd var idi ki, Azərbaycan tərəfi diplomatik danışıqlarda həm də hərbi güc amilinə istinad edib bu faktordan çıxış edəcək, bu da qarşı tərəfin güzəştlərə getməsi üçün bir əsas olacaq. Qarşı tərəfin güzəştlərə getməməsinin səbəbi Ermənistanın Azərbaycanla müqayisədə güclü olmasından irəli gəlmir. Ermənistan hakimiyyəti legitim deyil, ölkədə yaşayan əhalinin maddi durumu günü gündən ağırlaşır. Erməni ordusunda fərarilik sayı durmadan artır. Rusiya bu dəfə də öz müttəfiqini çətin vəziyyətdən çıxardı.

Putin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı kifayət qədər fəal bir mövqe sərgilədi, faktiki olaraq ABŞ və Fransa heç bir fəallıq nümayiş etdirmədi. Nəticə etibarı ilə Cənubi Qafqazda vəziyyətə nəzarət edəcək tərəf kimi Rusiyanın imkanları daha da qabardıldı. Rusiyanın imkanlarının qabardılması onu göstərdi ki, bundan sonra bütün danışıqlarda Rusiyanın bölgə ilə bağlı maraqlarını nəzərə almalıyıq. Danışıqlarda Azərbaycanın xeyrinə hər hansısa ciddi güzəştin edilməsi Azərbaycan və Rusiya iqtidarı arasında yaxın zamanlarda baş tutacaq görüşlərin nəticəsindən asılı olacaq. Bəlli olacaq ki, Azərbaycan tərəfinin Putinin təkliflərinə münasibəti necədir, bu təkliflərə Azərbaycan tərəfinin mövqeyi açıqlandıqdan sonra biz Ermənistanın hansı güzəştlərə gedib-getməyəcəyi il bağlı məsələlərin şahidi olacağıq".

Qeyd edək ki, iyun ayında Azərbaycan və Ermənistan prezidentləri növbəti danışıqların yerini və vaxtını təyin edəcəklər.

Xəbər 421 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR