Azərbaycan və Rusiyanın Daxili İşlər nazirləri arasında əldə olunmuş qarşılıqlı razılaşmaya əsasən, cari il noyabrın 18-dən 23-dək hər iki ölkənin sərhədyanı rayonlarının ərazisində "Sərhəd" şərti adı altında birgə kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər keçirilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən
Aktual.az-a verilən məlumata görə, əməliyyatın əsas məqsədi transmilli mütəşəkkil cinayətkar dəstələrin və terrorçu təşkilatların üzvlərinin ifşa edilərək zərərsizləşdirilməsi, silah-sursatın, partlayıcı maddələrin və qurğuların, narkotik vasitələrin, eləcə də digər hüquqazidd əməllərin həyata keçirilməsinə yönələn maliyyə və maddi vəsaitlərin daxilolma kanallarının müəyyənləşdirilib qarşısının alınması sahəsində birgə kompleks təşkilati-praktiki tədbirlərin, həmçinin sərhədyanı əməkdaşlıq məsələləri ilə bağlı qəbul edilmiş qərarların icrasının yerinə yetirilməsi olub.
Rusiya Federasiyası Dağıstan Respublikasının sərhədyanı bölgələrini və ölkəmizin Qusar, Quba, Xaçmaz, Zaqatala, Şəki, Balakən, Qəbələ, Qax və Oğuz rayonlarını əhatə edən tədbirlər nəticəsində hüquq mühafizə orqanları tərəfindən axtarışa verilmiş 69 nəfər, o cümlədən müxtəlif cinayətlər törətdiklərinə görə 25 şəxs (onlardan 22-si RF üzrə), dövlətə borclu qismində axtarılan 44 nəfər saxlanılıb, həmçinin, itkin düşmüş 8 nəfər tapılaraq ailələrinə təqdim edilib.
Qanunsuz saxlanılan ümumilikdə 117 silah, o cümlədən 9 avtomat silahı, 2 qumbaraatan, 8 tapança, 98 tüfəng, 44 qumbara, 35 ədəd silah sandıqçası, 18 ədəd səs qumbarası, şaşka və bıçaq, 9 ədəd bıçaq və beşbarmaq, 10 minə yaxın müxtəlif çaplı patron götürülüb.
Ümumən insan və vətəndaş hüquq və azadlıqlarının qorunmasına, həmçinin hər iki dövlətin milli maraqlarına, qanunçuluq prinsiplərinə ciddi riayət olunmaqla gerçəkləşdirilən belə birgə kompleks əməliyyat-axtarış tədbirlərinin gələcəkdə də keçirilməsi planlaşdırılır.
Aktual.az Xəbər 561 dəfə oxunub.