Kriştianu Ronaldu karyerasının son mərhələsi sayılan 31 yaşına bu ay qədəm qoyub. Portuqaliyalı ulduz yaxşı fiziki formada olsa da, yaşının artması bəzi əlamətlərlə özünü göstərə bilər. Bu səbəbdən Ronaldu pəhriz sistemini dəyişməyi qərara alıb.
Aktual.az goal.az-a istinadən xəbər verir ki, hücumçu sürət və hərəkətliliyini saxlamaq üçün yanvar ayından iki kilqoram çəki salıb. Hazırda onun çəkisi 78 kq təşkil edir. Ronaldu şəxsi məşq proqramına da dəyişiklik edəcək. Bir neçə gün əvvəl Portuqaliyanın "Sacoor Brothers" geyim brendinə açıqlama verən forvard Hollivuda getməzdən öncə futbolda mümkün qədər çox qalmaq istədiyini bildirmişdi. O, pəhriz rejimi və məşq proqramını dəyişdiyini inkar etsə də, faktlar öz sözünü deyir.
"Mənim qədər uzun müddət - 6,7, 9 və ya 10 il yüksək səviyyədə çıxış edən futbolçuları barmaqla saymaq olar. Bu səviyyədə olmaq böyük üstünlükdür", - Ronaldu qeyd edib.