Xalq şairi, Dövlət Mükafatı laureatı Rəsul Rzanın ev-muzeyinin təmir və bərpası təxirə salınıb.
Aktual.az-ın məlumatına görə, buna səbəb mədəniyyət nazirinin dəyişməsi olub.
R.Rzanın oğlu, Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar Rzayev bildirib ki, evdə təmir bərpa işlərinə hələ də başlanılmayıb: "Heç vəsait də ayırılmayıb. Mədəniyyət naziri də dəyişdi. Köhnə nazir, Anar Kərimov bir şey etmədi. Gərək təzə nazir, Adil Kərimli ilə danışam”.
Qeyd edək ki, 2022-ci il iyunun 23-də Prezident İlham Əliyev Rəsul Rzanın ev-muzeyinin yaradılması haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən, Nazirlər Kabinetinə Bakı şəhəri, Səbail rayonu, Rəsul Rza küçəsi 21/26, mənzil 18 ünvanında Rəsul Rzanın ev-muzeyinin yaradılması ilə bağlı zəruri tədbirlərin həyata keçirilməsini təmin etmək tapşırılıb.
Sabiq mədəniyyət naziri Anar Kərimov ötən ilin sentyabr ayında Rəsul Rzanın ev-muzeyini ziyarət etmişdi. Ziyarət çərçivəsində ev-muzeyində həyata keçiriləcək təmir və bədii-tərtibat işləri barədə Xalq şairinin ailə üzvləri ilə müzakirələr və fikir mübadiləsi aparılmışdı.(report)
Xəbər 964 dəfə oxunub.